15 Aprel 2020 15:06
441
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

Teleqraf.com xəbər verir ki, sərəncama əsasən ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Komissiya yaradılıb.

Baş nazirin müavini Şahin Mustafayevin sədri olduğu Komissiyanın üzvləri Ekologiya və Təbii Sərvətlər naziri, İqtisadiyyat naziri, Kənd Təsərrüfatı naziri, Maliyyə naziri, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti və Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin rəisidir.

Komissiyaya su ehtiyatlarından istifadə və su təsərrüfatının idarə olunması sahəsində mövcud vəziyyəti, su ehtiyatlarından istifadədə səmərəliliyin artırılmasını, uçotun və idarəetmənin təkmilləşdirilməsini və bu sahədə operativ əlaqələndirməni, bu Sərəncamda verilən tapşırıqların icrası üçün müvafiq dövlət orqanlarının (qurumlarının), elmi müəssisələrin (təşkilatların), ixtisaslı mütəxəssislərin, habelə beynəlxalq ekspertlərin cəlb olunmasını təmin etmək, görülən işlər barədə hər altı aydan bir Azərbaycan Prezidentinə məlumat təqdim etmək tapşırılıb.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər