Azərbaycan Respublikasının Baş Prokurorluğu prokurorluq orqanlarına işə qəbulla bağlı müsabiqə elan edir.
Baş Prokurorluğun mətbuat xidmətinən Teleqraf.com-a verilən məlumata görə, ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş inkişaf strategiyasını yeni mərhələdə müvəffəqiyyətlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş ardıcıl və sistemli tədbirlər nəticəsində Azərbaycan gəncliyinin hərtərəfli inkişafı istiqamətində mühüm addımlar atılmış, gənclərin ictimai həyatın bütün sahələrində fəal iştirakına geniş imkanlar yaradılıb.
Ölkədə reallaşdırılan dövlət gənclər siyasətinin prokurorluq orqanlarında da davam etdirilməklə, ali hüquq təhsilli gənclərin müsabiqə yolu ilə işə qəbulu prokurorluğun kadr tərkibinin yüksək nəzəri biliyə və mənəvi keyfiyyətlərə malik, dövlətçilik ideyalarına sədaqətləri ilə seçilən gənc hüquqşünaslar hesabına yenidən formalaşmasını təmin edib.
Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq, 2002-ci ildən başlayaraq keçirilən 20 müsabiqə nəticəsində prokurorluq işçilərinin 70 faizini təşkil edən 902 gənc hüquqşünasın işə qəbul edilməsi aparılan uğurlu islahatların məntiqi təzahürüdür.
Qeyd edilən tədbirlərin davamı olaraq prokurorluq orqanlarına qulluğa qəbul olunmaq arzusunda olan şəxslər üçün Baş Prokurorluq tərəfindən 80 ştat vahidi üzrə növbəti müsabiqə elan edilir.
Prokurorluğa işə qəbul olunmaq istəyən hər bir namizədin bilik səviyyəsinin, ümumi dünyagörüşünün, prokuror və ya müstəntiq vəzifəsinə yararlılığı və layiqliliyinin müəyyən edilməsi məqsədi ilə tam aşkarlıq şəraitində, şəffaf üsullarla və beynəlxalq tələblərə uyğun ixtisas imtahanları (test və yazılı imtahanlar) və müsahibədən ibarət müsabiqə təşkil ediləcəkdir. Müsabiqədə bərabər nəticələr əldə etmiş şəxslərdən xarici dilləri bilənlərə üstünlük veriləcəkdir.
Müsabiqədə iştirak etmək üçün sənədlərini təqdim etmək istəyənlərin nəzərinə çatdırılır ki, namizədlərin ali hüquq təhsili Azərbaycan Respublikası ərazisində müvafiq qaydada tanınan diplomla təsdiq edilməli, onlar dövlət dilini sərbəst bilməli və seçkilərdə iştirak etmək hüququna malik olmalıdır. Prokurorluğa işə 30 yaşınadək olan Azərbaycan Respublikası vətəndaşları qəbul olunurlar.
“Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən prokurorluğa işə qəbul edilmirlər:
- ikili vətəndaşlığı olan şəxslər;
- digər dövlətlər qarşısında öhdəlikləri olanlar;
- din xadimləri;
- məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, tibbi rəyə əsasən fiziki və ya əqli qüsurlarına görə prokuror və ya prokurorluğun müstəntiqi vəzifələrini yerinə yetirməyə qadir olmayan şəxslər;
- alkoqolizm, narkomaniya, toksikomaniya və digər ağır xəstəliklərə tutulmuş şəxslər (bu barədə həkim rəyi olduqda);
- əvvəllər məhkum olunmuş, habelə bəraətverici əsaslar olmadan barəsində cinayət işinin icraatına xitam verilmiş şəxslər;
- əvvəllər yol verdiyi kobud nöqsanlara və ya prokuror və müstəntiq adı ilə bir araya sığmayan hərəkətlərə görə vəzifədən azad edilmiş şəxslər;
- qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar.
Hazırda koronavirus epidemiyasının yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması, müvafiq qurumların fəaliyyətinin tənzimlənməsi məqsədilə Nazirlər Kabineti tərəfindən xüsusi rejimdə iş normalarına dair verilmiş təlimata uyğun olaraq prokurorluq orqanlarına qulluğa qəbul olunmaq arzusunda olan şəxslərin sənədlərinin elektron qaydada həyata keçirilməsi nəzərdə tutulur və bu məqsədlə sənədlərin qəbulu üçün prosedurlar tam sadələşdirilmişdir.
Belə ki, müsabiqədə iştirak etmək arzusunda olan və qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verən namizədlər 15 aprel 2020-ci il tarixdən etibarən müvafiq ərizə və aşağıdakı sənədlərin foto-surətini Baş Prokurorluğun [email protected] ünvanına elektron formatda göndərməklə müsabiqənin ilkin mərhələsi olan test imtahanında iştirak edə bilərlər:
- şəxsiyyət vəsiqəsinin surəti;
- ali təhsil haqqında (hüquqşünaslıq və ya beynəlxalq hüquq ixtisası üzrə) diplomun (xarici dövlətdə təhsil almış namizədlər həmçinin diplomun Azərbaycan Respublikası ərazisində tanınması barədə şəhadətnamənin) surəti;
- kadrlar uçotuna dair anket; yüklə
- tərcümeyi-hal; yüklə
- 4x6 sm ölçüdə 4 ədəd ağ fonda rəngli fotoşəkil.
Tərcümeyi-halda əks olunacaq məlumatlar barədə: yüklə
Sənədlərin qəbulu barədə elektron poçt ünvanı vasitəsilə müraciət edən şəxslərə məlumat veriləcəkdir.
Test imtahanının yekunlarına görə 70 və daha artıq bal toplayan namizədlər yazılı imtahana buraxılacaqdır.
Test imtahanının vaxtı, yeri, imtahan suallarının hazırlanmasında istifadə edilmiş normativ sənədlərin siyahısı və müsabiqə ilə bağlı digər məsələlər barədə kütləvi informasiya vasitələrində, o cümlədən Baş Prokurorluğun internet saytında (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) məlumat veriləcəkdir.
Əlavə məlumat almaq üçün 437-28-56, 492-74-32, 492-06-82, 492-62-23 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.