Azərbaycanda qeydə alınan pozitiv koronavirus faktlarının 20 faizi Rusiyadan gəlmədir.
Teleqraf.com xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
H.Hacıyev Samur keçid məntəqəsində toplaşan azərbaycanlıların sosial mediada yayılan görüntülərini qəbuledilməz adlandırıb: "Rusiyada müvəqqəti əsasda yaşayan vətəndaşlarımızın ölkəyə gətirilməsi və geri qaytarılmasını növbəli şəkildə həyata keçirmək üçün portal yaradılıb. Adı " Evə gedirəm" portalıdır. Rusiyada yaşayan vətəndaşlarımız bu portaldan qeydiyyatdan keşməlidir.
Portal avtomatik olaraq onları sıralayacaq və Azərbaycandakı vəziyyət nəzərə alınaraq onlar ölkəmizə gətiriləcəklər.
Portal yaxın günlərdə fəaliyyətə başlayacaq və 5 gün ardıcıl işləyəcək. Daha sonra işinə fasilə veriləcək və informasiya emal olunacaq.
550-yə yaxın Azərbaycan vətəndaşı Rusiyadakı rəsmi qurumlarımıza müraciəti qeydə alınıb. Həmin müraciətlər də onlayn portala yerləşdiriləcək. Rusiyada yaşayan vətəndaşlarımızın fərdi şəkildə sərhəd-keçid məntəqələrinə gəlməsinə ehtiyac yoxdur. Onlar növbəlilik prinsipində vətənə qayıtması təmin olunacaq".