18 Aprel 2020 09:39
670
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Düşünmək vaxtı” rubrikasının qonağı şair Malik Atilaydır

Onunla müsahibəni təqdim edirik:

- Belə bir fikir var ki, yaradıcı adamlar şər qüvvələrdan güc alır. Nədir yardıcı insanların bu şər sevgisi?

- Hamının adından danışa bilmərəm, mənə qalsa, yazmaq üçün şər qüvvələrə ehtiyac yoxdur. Mənə görə, yazmaq yaradıcı qüvvə ilə bağlı olan bir şeydir, həm də inanmaqla. Adının əhəmiyyəti yoxdur: mən Allah deyirəm, başqası Tanrı, bir başqası üçün bu yaradıcı qüvvə təbiətin özüdür. Amma yazmaq üçün mütləq bir yaradıcı qüvvəyə inanmağa ehtiyac var. Bəzənsə “şər qüvvə” dediyimiz bu anlayış, həmin yaradıcı qüvvə ilə əvəz edilir. Həqiqət isə budur ki, yaradıcılıq üçün ruhun arınmağı vacibdir. Bu da şər qüvvələrlə olmur. Kirli qazanda bişən yemək nə qədər gözəl olsa belə, o kirin bir hissəsini canına çəkir.

- Niyə gerçəklər yalanlar qədər gözəl olmadı? Russonun sualıdır.

- Yalanın hər zaman insanı cəzb edən bir qüvvəsi var. Gerçək isə yalan qədər xoşbəxt deyil. Yalanı insanın özü yaradır və yaratdıqca da, ona bəzək-düzək vurur, gerçək isə zamanla, etdiklərimiz və etmədiklərimizlə formalaşır, buna biz qərar vermirik. Həyatımız boyu fərqli yalanlarla, həqiqətlərlə üz-üzə qalırıq, yalanın bu qədər şirin və gözəl olduğu dünyada həqiqətin də gözəl olmasını istəyirik. Bu bir az da insanın içindən boylanan ədalət hissidir. Hamıya ədalətsiz görünür axı, bütün həyatı boyu inandığı yalanların əksinə, onu izləyən həqiqətin bəzən dağılmış bir şəhər kimi çirkin görünməsi...

- Dünyadakı müharibələrin dayaq tapdığı əsas nöqtə siyasətdirmi, yəni siyasi oyunlar olmasaydı, insanlar bir-birilə anlaşa biləcəkd?

- Siyasi oyunların olmadığı dövr yoxdur. Varsa belə, bu dil bilməyən insanların dövrünə təsadüf edir, onda da insanlar qida üçün döyüşürdülər. Hər bir halda insan döyüşür, siyasi oyunlar və ya ideallar olub-olmamasın, bu heç vaxt dəyişmir. İnsanlar bir-biri ilə anlaşa bilməzdi, adi iki nəfərlik ailədə belə mütləq anlaşmazlıq var, bu bir yana, heç insan öz içində özü ilə yola gedə bilmir. Amma bəlkə də, siyasi oyunlar olmasaydı, həyat bu qədər acınacaqlı yer olmazdı. Nə qədər inkar etsək belə, hər adamın ruhunda bir güclü olmaq arzusu var, insan imtiyaz pillələrini bir-bir qalxdıqca, bu ehtirası daha da şiddətlənir, şiddətləndikcə də, ələ keçirdiyi gücü itirməmək üçün ən ağlasığmaz yollara əl atır. Məsələn, Orxan Pamukun “Qar” romanında Lacivert personajı güclü bir adamdır, enerjisini isə gücü ələ keçirib saxlamaq üçün istifadə edir. Aşağı-yuxarı buna oxşar vəziyyətlər çoxdur. Siyasi oyunları fərqləndirən cəhət isə, güclü olmaq ehtirası və idealları özündə cəmləməsidir.

- Bu gün dünyanı cənginə alan pandemiya nələri insanların yadına saldı?

- “Yaşamak bir ağaç gibi tek ve hür

Ve bir orman gibi kardeşçesine”.

Hər halda, pandemiyanın insanların yadına nələri saldığını bu misradan daha gözəl, kimsə ifadə edə bilməzdi. İndi hər kəs bir ağac kimi təkdir, amma dinindən, dilindən asılı olmayaraq, hər kəs də eyni məqsəd uğrunda mübarizə aparır. Pandemiya insanlığa bir dərs verdi, əsas məsələ isə onun bunu nə qədər xatırlayacağıdır. Biz sadəcə ümid edə bilərik ki, insanlıq aldığı bu dərsi heç vaxt unutmayacaq və yaşadığı dünyanın nə qədər möhtəşəm bir yer olduğunu həmişə biləcək. Bunu isə taxtaya mıx vuran kimi, öz yaddaşımıza həkk etməliyik.

- Niyə yazarların əsas yazı mövzusu qadınlar oldu? İndi baxsan, qadın yazarlar da öz həmsinclərindən yazırlar.

- Məncə, qadınlardan daha möhtəşəm bir varlığın olmadığına görədir. Ya da, həmişə əhatəsində olub heç vaxt tam dərk edə bilmədiyimiz sirli torpaqlar kimi olduqlarına görədir. İncəsənətin inkişafına qadınların böyük və əvəzedilməz təsiri var. Elə bir şah əsər göstərmək olarmı ki, orada qadın olmasın? Tolstoyun Annası, Floberin Madam Bovarisi, Kunderanın Anyesi və ya Rujenası, Attila İlhanın Ayseli... İndi gəl adını çəkdiyim əsərlərdən qadınları çıxaraq, geriyə nə qalacaq? Böyük bir heçlik. Eynən həyatımız kimi. Qadınlar olmayan bir həyat düşünə bilərikmi?

Ədəbiyyat günəş kimi bütün dünyanı əhatə edir. Necə ki, günəş bir iynənin ucu boyda tuxunmadığı yer qoymursa, ədəbiyyat da dünyada olan və olmayan hər şeydən danışır. O qadınlardan daha çox danışır. Çünki qadınları əsrlər boyu anlaya bilməmişik. Mütləq haradasa qaranlıq qalan tərəfləri olub. İndi isə qadın yazıçılar özlərindən yazırlarsa, yəqin bunun da səbəbi, kişilərin yenə onları tam anlaya və anlada bilməməsinə görədir. Hətta qadınları anlaya bilmirik deyə, onların çox danışdığını deyirik, yəni bu qədər anlamırıq onları.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər