Cəlilabad rayonunda karantin rejiminin qaydalarını pozan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, Cəlilabad sakini Siruz Kərimov şəhər ərazisində idarə etdiyi “Porsche” markalı avtomobillə xüsusi karantin rejimi qaydalarının tələblərinə əsasən polis əməkdaşları tərəfindən saxlanılıb.
Bu zaman onun icazə sistemində qeydiyyatdan keçmədən karantin qaydalarını pozduğu müəyyən edilib. Lakin S.Kərimov polis əməkdaşlarının qanuni tələblərini icra etməyərək ərazidən uzaqlaşmaq istəsə də Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq rayon polis şöbəsinə gətirilib.
Həmin şəxs barəsin İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.
Bundan başqa, Ağdaşda velosipedlə yürüşə çıxan gənclər barəsində qanunauyğun tədbirlər görülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun yaydığı məlumata görə, Ağdaş rayon polis şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində karantin rejimi qaydalarının təmin olunması məqsədilə xidmət aparılan zaman bir qrup gəncin Ağdaş şəhərindən Ləki kəndi istiqamətində velosipedlə yürüşə çıxdıqları müəyyən edilib.
Polis əməkdaşları tərəfindən həmin 17 nəfər gənc saxlanılıb və yoxlanılan zaman heç bir icazələrinin olmadığı məlum olub. Onlar rayon polis şöbəsinə dəvət edilib və barələrində qanunauyğun müvafiq tədbirlər görülüb.