Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OIE) dünyanın bir sıra ölkələrində müxtəlif növ heyvanlarda baş vermiş xüsusi təhlükəli heyvan xəstəliklərinin aradan qaldırılması barədə məlumatlar yayıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Teleqraf.com-a verilən məlumata görə, eyni zamanda xəstəliklərin ləğv edilməsindən sonra gözləmə müddətləri başa çatıb və ölkələrin sağlamlıq statusu bərpa olunub.
Nəticədə müxtəlif ölkələrdən diri heyvan və ya heyvan mənşəli məhsulların idxalına tətbiq edilən məhdudiyyətlərə yenidən baxılması zərurəti meydana çıxıb.
Bununla əlaqədar Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) baytarlığa dair qərarları ilə tətbiq edilib, bir sıra məhdudiyyətlərin aradan qaldırılması qərara alınıb. Belə ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatları əsas götürülərək yüksək patogen quş qripi, nyukasl, nodulyar dermatit, dabaq, xırda buynuzlu heyvanların çiçək xəstəliyi və blutanq xəstəliyi üzrə müxtəlif ölkələrdən diri heyvan və ya heyvan mənşəli məhsulların idxalına tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb.
Eyni zamanda qəbul olunmuş qərarla bağlı bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə yanaşı qarşı ölkələrin müvafiq baytarlıq orqanlarına məlumat verilmiş və müvafiq tədbirlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Dövlət Gömrük Komitəsinə aidiyyatı üzrə müraciət olunub.