18 Aprel 2020 08:40
742
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının prezidenti martın 19-da koronavirusun mümkün sosial-iqtisadi təsirlərinin qarşısının alınması ilə bağlı sərəncam imzaladı. Sərəncamda çəşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb. Bu istiqamətdə İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər nazirliklər birgə tətdbirlər planı hazırladılar. Hazırda bu tədbirlərin birgə həyata keçirilməsi üçün proqram hazırlanıb.

Bunu Teleqraf.com-a Əfv Komissiyasının üzvü, hüquqşünas Əliməmməd Nuriyev bildirib:

"Hazırda bütün sahibkarlara, həm hüquqi, həm də fiziki şəxslərə böyük bir dəstək həyata keçirilir və bunlarla bağlı ayrılan bütün vəsaitlər İqtisadiyyat Nazirliyinin saytında yerləşdirilir. Mən düşünürəm ki, bu çox əhəmiyyəyli dəstəkdir.

Çünki elə sahələr var ki, birbaşa koronavirus nəticəsində fəaliyyətləri faktiki olaraq dayanıb. Məsələn, xidmət sektorlarının əksəriyyəti bu prosesdə böyük təsirə məruz qalıblar.

Kreditlərlə bağlı dövlət yenə də müəyyən dəstək nümayiş etdirib. Bütövlükdə həm iqtisadi, həm də sosial paket çərçivəsində 2,5 milyard manat vasait ayrılıb. 600 min işsiz şəxsə dövlət tərəfindən sosial müavinətin verilməsi prosesi gedir, hazırda 125 min vətəndaşa bu müavinət verilib".

O qeyd edib ki, dəstək paketi çərçivəsində məşğulluq orqanlarının fəaliyyəti gücləndirilib: "DOST İş Mərkəzi vasitəsi ilə aprel-may ayları üzrə 50 min ödənişli ictimai iş yerinin yaradılmasına başlanıb. Dövlət büdcəsində bu rəqəm 38 min nəzərdə tutulsa da, 50 minə qədər artırıldı. Artıq 5 min şəxs işə cəlb edilib.

Eyni zamanda istər özəl, istər dövlət sektorunda 1,7 milyon muzdla işləyən şəxsin əmək haqları verilir. Çünki onların hamısı məcburii məzuniyyətə gedib. Bu, çox mühim dəstəkdir. Həmçinin, özünə məşğulluq istiqamətində yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrılıb.

Həmçinin ünvanlı sosial yardımla bağlı ödənişlərin miqyası daha da genişləndirilib. Ünvanlı sosial yarıdım alanların sayı 10 min ailə artıb. Ümumilikdə 80 min ailənin 330 min üzvü ünvanlı sosial yardım proqramı ilə əhatə olunur. Hər ailəyə düşən yardımın məbləği 222 manatdır".

Əliməmməd Nuriyev bildirib ki, vətəndaşların kommunal xərclərinin artması istiqamətinə də diqqət ayrılıb: " Əhaliyə güzəştli işıq limiti aprel-may aylarında 100 kvts. həcmində artırılıb və bu 400 kvts.-a çatıb. Tələb olunan 2 aylıq vəsait 10 milyon manatdır. Bu da bir dəstəkdir".

Ekpert bildirib ki, koronavirus pandemiyasının nə zaman bitəcəyi ilə bağlı dəqiq proqnoz söyləmək qeyri-mümkündür: "Burada proses dalğavari baş verir. Nə qədər qorunsaq da, virusun məhv olma zamanı digər ölkələrdə koronavirusla mübarizə tədbirlərinin aparılması ilə sıx bağlı olacaqdır. Koronavirus pandemiyası ilə bağlı neft qiymətlərinin kəskin azalması müşahidə olunur. Bu istər istəməz bizim iqtisadiyyatımıza daha dərin təsirlərini buraxacaq. Bu təsirlərin minimuma endirilməsi istiqamətində işlər qeyd olunmalıdır".

O bildirib ki, bu müddət ərzində dövlət xərclərinə diqqət etmək vacib məsələlərdəndir: "Ölkə başçısı büdcə vəsaitlərindən səmərəli istifadə ilə bağlı son müşavirədə qeydlər etdi. Dövlət büdcəsindən ayrılan hər vəsaitin xərclənməsinə ciddi nəzarət olmalıdır. Hesablamalar palatası tərəfindən bu istiqamətdə çox ciddi təkliflər hazırlanıb və yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq. Orada xüsusilə hansı xərclərin azaldılması, iqtisadi təsirlərin aradan qaldırılması ilə bağlı çox əhəmiyyətli təkliflər irəli sürülüb. Dövlət strukturları bu istiqamətdə maksimum fəaliyyətləri qurmağa çalışırlar. Müəyyən nəticələr də əldə ediləcəkdir. Əlbəttə ki, invesitisiya xərclərinin dövlət büdcəsində azalması çəkisizdir, bir çox xərclərə yenidən baxılmalıdır. Yeri gəlmişkən, sosial xarakterli tədbirlərdən biri də 21 min tələbənin təhsil haqqının ödənilməsini dövlət öz üzərinə götürüb.

Pandemiya dövründə tenderlərin həyata keçirilməsində yeni yanaşmalar lazımdır. Bu çox vacib məsələdir. Bəzi hallarda düşünülə bilər ki, hazırkı şəraitdə imkanlar zəifdir, bütövlükdə geniş tenderlər həyata keçirmək mümükündür. Elektron tenderlərin keçirilməsi prosesini genişləndirmək lazımdır. Bu məsələlər artıq şəffaf şəkildə cəmiyyətə çatdırılmalıdır. Tenderlərin həyata keçirilməsində dövlət nəzarəti daha da sərtləşdirilməlidir".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər