Aprelin 14-də Azərbaycan dramaturqu, siyasətçi Nəriman Nərimanovun 150 yaşı tamam oldu. N.Nərimanov şəxsiyyəti Azərbaycan tarixində son 30 ildə müzakirə mövzusudur, onun mart soyqırımı və Azərbaycan Cümhuriyyətinin işğalı dövründəki fəaliyyəti məsələsi mütəmadi gündəmə gəlir.
Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadədən fərqli olaraq Nərimanov şəxsiyyəti 70 ilə yaxın müddətdə ölkədə yüksək rəğbət görüb, paytaxtda Kirovu çıxmaqla ən böyük heykəl ona qoyulub. Əslində, həmin heykəl Kirovun heykəlindən daha hündür olacaqdı, amma ierarxiyaya görə bu mümkün olmayıb.
“Böyük qardaşımız Nəriman”
Cümhuriyyətdən öncəki dövrdə Nərimanov ilə ondan 14 yaş kiçik olan M.Rəsulzadə arasındakı münasibətlərdə ciddi münaqişələr olmayıb. Əksinə M.Rəsulzadə 1913-cü ildə “İqbal” qəzetinin 4 sayında Nərimanovun “Bahadır və Sona” əsəri haqqında geniş məqalə qələmə alıb. Yazısının girişində Rəsulzadə yazıb: “Böyük qardaşımız Nəriman cənablarının bu kiçik romanının iki əvvəlinci hissəsini daha məktəbdə ikən oxumuşdum”.
Bu məqalədə Nərimanovun yazıçı kimliyi də yüksək şəkildə qiymətləndirilib. Rəsulzadə 1914-cü ildə “İqbal” qəzetində Nərimanovun “Nadir şah” əsərinin tamaşa qoyulması barədə də məqalə dərc etdirib. Hələ 1906-cı ildə isə “İrşad” qəzetində çap etdiyi “Qiraətxana” adlı yazısında Nərimanovun bu fəaliyyətindən rəğbətlə bəhs edib.
1918-ci ilədək Nərimanov şəxsiyyəti xalq üçün doktor, müəllim, maarifçi, ədəbiyyatçı, siyasətçi, dramaturq kimi önəm kəsb edib.
Nərimanovla Cümhuriyyəti elan edəcək şəxslər arasındakı ziddiyyətlər 1918-ci ildən etibarən başlayıb. Belə ki, mart soyqırımı dönəmində onun əqidə yoldaşları olan S.Şaumyan, P.Çaparidze ilə eyni cəbhədə yer alması, qırğının qarşısını almağa müəyyən cəhdlər göstərsə də, 30 minə yaxın müsəlmanın qətlə yetirilməsindən sonra da onlarla eyni yolda davam etməsi ona qarşı münasibəti kökündən sarsıdıb.
Mart soyqırımından sonra Nərimanov 1918-ci il aprelin 25-də şəhər təsərrüfatı komissarı kimi Bakı Xalq Komissarları Sovetinin (BXKS) tərkibinə daxil edilib.
Kütah-nəzər siyasətçi
Buna görədir ki, Cümhuriyyətin elanından sonra İstanbulda Azərbaycan heyətinin rəhbəri olan M.Rəsulzadə “Yeni məcmuə” jurnalının suallarını cavablandırarkən Nərimanovun seçdiyi yoldan belə bəhs edib:
“Müsəlman bolşeviklərinin başında doktor Nərimanov durmuşdur. Siyasiyyətcə pək kütah-nəzər (irəlini görməyən, dar görüşlü – D.Ə) olan Nərimanovla arkadaşları rus, erməni və sair beynəlmiləl bolşevik heyətilə təşriki-məsai edərək Müsavatın milliyyətpərvər-liyinə qarşı bütün hiddət və şiddətlərilə mübarizə ediyorlardı. Onlar əvvəldə Azərbaycan və sair xüsusi türk və müsəlman muxtariyyətlərinə zidd olub türk müqəddərati-siyasiyyəsinin rus əmələ və köylüsü təqziratından ayrı olmadığını iddia ediyor.
Müsəlman mələsi ilə köylünü ağaları, bəyləri, xanları və onlara xidmət edən "namussuz" əhli-irfan və mühərrirləri tərd və nəfy etməyə dəvət ediyorlardı. Hətta rus bolşevikləri əsas etibarilə müqaddərati-milliyyəyi millətin kəndisi təyin etməyə müvafiqət etməkdə ikən bunlar müsəlman kütləsinin böylə bir təyini-müqəddərat keyfiyyətindən istifadələrinə belə razı olmuyorlardı.
Çünki böylə olursa, cəmaət avam olduğundan ağaların mövqeyi-iqtidara keçəcəklərini təxminlə müsəlman "müftəxor"unun təğəllübündənsə beynəlmiləl "proletariat" hakimiyyəti daha islahdır, diyorlardı. Bunlar ibtidadan axıra qədər hər növ təşkiati-milliyəyə müariz olub Müsavatı dəxi əksixtilalçı bir qüvvət olmaq üzrə ənzari-əcanibində təşhir etməyə səy ediyorlardı. Böylə ikən bərəkət versin ki, nüfuz və etibarları yalnız kəndilərindən istifadə edən bolşeviklər nəzdinə münhəsir qalaraq, müsəlman kütləsi hüzurunda isə etibar və nüfuzları yoxdu”.
Göründüyü kimi Rəsulzadə Nərimanovun rus və erməni bolşevikləri ilə əməkdaşlıq etdiyini, onun Azərbaycan xalqının siyasi müqəddəratını rus fəhlə və kəndlilərindən ayrı görmədiyini, muxtariyyat düşüncəsinə qarşı çıxdığını bildirib.
“Nəriman Azərbaycan muxtariyyətinin can düşməni idi”
“Azərbaycanın təşəkkülündə Müsavat” adlı mühazirəsində (1920) M.Rəsulzadə Nərimanovu açıq şəkildə tənqid edib, onun Azərbaycan muxtariyyatının can düşməni adlandırıb:
“O zaman müsəlman sosialistlərin ələmdarı bulunan “Hümmət” firqəsi başda doktor Nəriman olmaq üzrə Azərbaycan muxtariyyətinin ədüvv-canı idi. “Hümmət’ə görə biz milləti fəlakətə çəkiyor və mən qeyri həqq millət naminə söz söyliyormişik. Azərbaycan fikri, türklük iddiaları xəlqin degil, bir taqım burjuapərəst “boşboğaz”ların imiş.
Müsəlmanların mənfəəti “qırmızı əmələ bayrağının” altına toplanmaq və “Rusiya demokratiyasından” ayrılmamaqda imiş”.
Nərimanov nə istəyirdi?
Cümhuriyyət dövründə Nərimanov Həştərxanda idi. 16 iyul 1919-cu ildə Rusiya Həştərxan Valiliyi (Quberniyası) Xalq Maarif Şöbəsinin müdiri kimliyi ilə Nəriman Nərimanov Azərbaycan Cümhuriyyəti hökumətinin başçısı Nəsib bəy Yusifbəyliyə məktub yazdı. Həmin məktub tezliklə Azərbaycan bolşevikləri arasında yayıldı. Sonralar Sovet dönəmində tez-tez müraciət edilən bu məktub Nərimanovun Azərbaycan Cümhuriyyətinə və onun idarəçilərinə olan münasibəti tam şəkildə ifadə edir.
“Müdhiş saat yaxınlaşır”
Nərimanovun məktubu həm də onun siyasi baxışlarının ifadəsi idi. Məktubdan nümunələr:
“Mən türkləri Qafqaza dəvət etmək tərəfdarlarına qarşı daim ciddi çıxış etmişəm. Hətta mənim Duma zalında oxuduğum son mühazirə də başdan-ayağa bu məsələyə həsr olunmuşdu və mən sizdə baş verənləri açıq-aşkar göstərmişdim...
Siz pantürkizm və panislamizm ideyalarını inkişaf etdirərkən mən bir kommunist kimi sizə qarşı qətiyyətlə çıxmışdım, ancaq bir psixoloq kimi, sizin Türkiyənin qanadcığı altına girmək cəhdinizə elə-belə yanaşdım. Türkiyə “zəfərlə” gəlib rüsvayçılıqla getdi.
…Sizi Sovet hakimiyyəti əleyhinə ağzı köpüklənə-köpüklənə danışmağa vadar edən şeylərin ən başlıcası bir ovuc bəy, xan və müftəxorun – Bakı milyonçularının mənafeyidir.
Kolçak artıq darmadağın edilib.
Tezliklə Denikinin də sonu gələcək. Sovet Rusiyasının güclü əl-qolu açılacaqdır; siz qabaqlar olduğu kimi kar və korsunuzsa, indi özəlliklə Versal sülhündən sonra dünya miqyasında nələr olduğunu görmür və eşitmirsinizsə, onda Sovetlər Rusiyası sizin üçün bir elə qorxulu deyil.
Bütün siyasətiniz üçün Zaqafqaziya müsəlman fəhlə və kəndlilərinin məhkəməsi qarşısına çıxarılacağınız müdhiş saaat yaxınlaşır…
Ancaq siz qonşularınız erməni və gürcülərin də belə etdiyinizi deməklə bəraət qazanmaq istəyəcəksiniz. Onda sizdən soruşacaqlar: “Bəs Bakı şəhəri ilə birgə Azərbaycanın Sovet Rusiyası üçün özəl önəm daşıdığını bilmirdinizmi?”.
Sovet Rusiyasının Ermənistan və Gürcüstanla əlaqələrinin özəl yeri yoxdur, ancaq Bakı Sovet Rusiyasının həyat mənbəyidir. Siz qabaqcıl müsəlmanlar isə daim bu ciddi məsələni saya salmayaraq... rus fəhlə və kəndlilərinə son dərəcə naşükürlük etdiniz... Bütöv bir xalqın həyatı ilə, qızıl əsgərlərinin möcüzələr yaratdığı bütöv bir dövlətin həyatı ilə məzələnmək olmaz, ancaq siz cinayətkarcasına məzələnirsiniz...
Qoy bütün islam dövlətlərində və xalqlarında sovet hakimiyyəti bərqərar olsun. O zaman onlar yüz ildə edə bilmədiklərini on ildə edəcəklər...
Bunları deməyə kişiliyiniz çatsın: Rusiya inqilabının mahiyyətini anlamamışıq, dağıdıcı imperialist müharibəsinin bütün nəticələrini nəzərə ala bilməmişik, biz meydandan çəkilirik və qoy Azərbaycanda Sovet hakimiyyəti olsun!
Əminəm ki, bununla rus proletariatı qarşısındakı günahınızı bir qədər yumuş olarsınız...”.
Göründüyü kimi Nərimanov Cümhuriyyət rəhbərlərini Rusiya inqilabını anlamamaqda ittiham edib, Sovet Rusiyasının və Qırmızı Ordunun Azərbaycan üçün önəmindən geniş şəkildə bəhs edib.
Bu məktubun nəyə hesablandığını isə iki hadisə ilə izah etmək mümkündür. Belə ki, həmin ərəfədə Stalin RSFSR xalq xarici işlər komissarı Çiçerinə məktubunda yazırdı:
“...Moskvada olduğum zaman Qaraxanı lap orta partiya hazırlıqlı hər hansı müsəlmanla əvəz etmək haqqında MK-da məsələ qaldırmağı yoldaş Leninə təklif etdim. Nərimanov mənim üçün çoxlu belə müsəlmandan biridir, özü də, onun geniş siyasi perspektivinin yoxluğunun dərdini çəkməyə dəyməz: axı siyasəti o yox, əlbəttə, MK və Xarici İşlər Komissarlığı aparacaq – Nərimanov bayraq kimi lazımdır” .
Məktubdan 9 gün sonra – 25 avqust 1919-cu ildə Nərimanov RSFSR Xarici İşlər Komissarlığı Yaxın Şərq Şöbəsinin müdiri kimi mühüm vəzifəyə təyin edildi...
1920-ci ilin fevralında Nərimanov Bakıda gizli şəkildə keçirilən AK(b)P I qurultayının fəxri sədri seçildi. Nərimanov RK(b)P MK-nın qərarı ilə Şimali Qafqazda sovet hakimiyyətini bərpa etmək üçün aprelin 8-də yaradılmış Büronun üzvü idi. V.Leninin göstərişi ilə Qafqaza yola düşən Nərimanova Cənubi Qafqaz müsəlmanlarının işləri üzrə komissar vəzifəsi tapşırılmışdı. Aprelin 27-də Nərimanov qiyabi olaraq Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin, sonra isə Azərbaycan İctimai Şura Cümhuriyyəti hökumətinin (Azərbaycanın SSR Xalq Komissarları Soveti) sədri seçildi.
Beləliklə, Nərimanovun Həştərxan valiliyindəki işindən addım-addım başa gətirilməsi Rusiyanın açıq şəkildə planı idi və Stalinin də dediyi kimi onlara bayraq kimi lazım idi.
Nərimanov qısa zamanda Azərbaycan üçün müəyyən işlər görmək istəsə də, faktiki hakimiyyətin əlində olmadığını başa düşdü. Hətta bir dəfə Fövqəladə Komissiyanın iki əməkdaşı: Aşot Kasparov və Solomon Naydel “İslam” paroxodunda Azərbaycan İnqilab Komitəsinin və Azərbaycan Xalq Komissarları Şurasının sədri Nəriman Nərimanovu onun bütün xalq komissarları (nazirləri) ilə birlikdə həbs etmişdilər.
Bununla “ÇeKa” rəhbəri Pankratov (Rusiya) Azərbaycanın əsl ağasının kim olduğunu göstərmişdi.
Ola bilsin ki, Nərimanov həqiqi bolşevik kimi Şərqin qurtuluşunu bunda görürdü, amma onu vitrin kimi istifadə edəcək Rusiyanın məqsədi Leninin məktublarında da qeyd etdiyi kimi Bakı neftinə sahib olmaq üçün idi.
Ola bilsin ki, Nərimanov “Ucqarlarda inqilabımızın tarixinə dair” adlı əsərində qeyd etdiyi kimi müstəqil Sovet Azərbaycanı arzusunda olub: “Azərbaycanı sovetləşdirərkən Rusiyada etdiyimiz səhvlərə yol verməməli, yerli şəraitlə hesablaşmalı, müstəqil nümunəvi Sovet Respublikası yaratmalıyıq ki, Şərq zəhməkeşləri, birincisi; bizim işğalçı imperialist məqsədlərimizin olmadığını bilsinlər və ikincisi; onlar görsünlər və hiss etsinlər ki, öz həyatlarını xanlarsız, bəylərsiz və başqaları olmadan qura bilərlər”.
Amma Nərimanov özü də etiraf edir ki, Bakıya daxil olarkən şəhərin qarət olunduğunu, insanların güllələndiyini görür.
Ardınca yazır:
“Sonra, Moskvaya yola düşməzdən əvvəl yol. Orconikidze nəyə görə isə Mərkəzi Komitədə belə bir məsələ qoydu: “Azərbaycan Respublikası müstəqilmi yaşamalı, yaxud tərkib kimi Sovet Rusiyasına daxil olmalıdır?”. MK üzvləri – Qarayev, M.D.Hüseyov belə bir fikir irəli sürürdülər ki, bizə heç bir müstəqillik lazım deyil, biz Azərbaycanı Sovet Rusiyasına birləşdirməliyik... Sonra Orconikidze mənə müraciət etdi və soruşdu: “Bu məsələ barədə siz nə fikirləşirsiniz, sizin rəyiniz mənim üçün vacibdir”. Mən qəti şəkildə bildirdim: ”Azərbaycan Respublikası Gürcüstan və Ermənistan sovetləşdirilənədək müstəqil olmalıdır, sonra isə baxarıq...”
Nərimanovun Stalin və Leninə olan məlum məktubları isə inanmış bolşevikin bolşevik libasına girən işğalçılar tərəfindən necə aldadıldığının tarixi faktıdır.
İşğalla birgə yad edilən rəhbər
Şübhəsiz ki, yazılan bu faktlar Nərimanovun Azərbaycan tarixindəki yerinə qiymət vermək deyil. Qiyməti tarix və gələcək nəsillər verir. Biz 1918-1920-ci illərdə Rəsulzadə və Nərimanov arasındakı ixtilafın müəyyən görünən üzlərini təqdim edirik.
İşğaldan sonra mühacirətə gedən müsavatçılar da Nərimanovu daim tənqid ediblər, onu hətta “Yeni Kafkasya” jurnalında “Rusiyanın qarsonu” adlandırıblar.
Rəsulzadənin redaktorluğu ilə çıxan “Yeni Kafkasya” jurnalında vəfatı ilə bağlı çıxan “Nəriman Nərimanov” adlı məqalədə isə yazılıb: “Qəzetlər Nəriman Nərimanovun öldüyünü xəbər verdilər. Nərimanov ismi Azərbaycan tarixinin qara səhifəsini təşkil edən 27-28 aprel ağrısı ilə birlikdə yad olunacaq... Qanlı mart günlərində Azərbaycan Türk xalqı üzərində icra olunan qanlı qətllər əsnasında öz millətdaşlarını kəsənlərlə bir səfdə olmuşdu...
Rus süngüləri ucunda hökumət kürsüsündə oturan Nəriman bu iqbalına bir az da öz keçmişi ilə haqq qazanmışdı. Azərbaycan kommunistləri deyilən şəxslər arasında Azərbaycan xalqı tərəfindən bir az olsun tanınmaq şərəfinə nail olan yeganə biri var idisə, o da Nəriman idi... Sırf hiylə və oyun ilə gələn qırmızı qüvvət ilk günlərdə xalqın gözündə pərdə olacaq bir qumaşa möhtacdı. Bu qumaş rolunu ixtiyar Nərimanov ifa edirdi... Moskva tərəfindən ona veto haqqı da verilməmişdi”.
Jurnaldakı məqalədə
Nərimanovun ömrünün sonlarını kədər içində keçirdiyini qeyd edir...
M.Rəsulzadə “Stalinlə ixtilal xatirələri” adlı silsilə yazılarında da Nərimanovu xatırlayıb: “Qəzetə dərhal bir göz gəzdirdim. Azərbaycan Sovet hökumətinin sədri Dr.Nəriman Nərimanovun imzası ilə ilk səhifədə rəsmi bir məlumat vardı. Məlumatın xatirimdə qalan mətnini əslinə yaxın bir şəkildə burada nəql edirəm: “Məhəmməd Əmin Rəsulzadəni vilayətlərdə hər cür təhlükədən qorumaq məqsədilə Sovet hökuməti onun paytaxta gətirilməsinə qərar vermişdir. Burada isə həyatı əmniyyət altındadır, əhalinin bu xüsusda əmin olmasını və həyəcana düşməməsini tövsiyə edirik”.
Rəsulzadənin yazdığına görə, Moskvaya aparılarkən onunla vidalaşmağa gələnlər arasında Nərimanov da olub...