“Liatris Holding”in rəhbəri, tanınmış iş xanım Ruhi Əliyeva Tovuz rayonunda 250 aztəminatlı ailəyə yardım edib.
Teleqraf.com xəbər verir ki, Ruhi Əliyeva bu barədə İnstaqramda bildirib.
"Azərbaycanın hər guşəsini sevirəm. Amma Tovuzun qəlbimdə yeri bir başqadır. Çünki mən o torpaqda doğulmuşam, oranın suyu, torpağı ilə böyümüşəm. Dünyanın harasında oluramsa-olum, könlüm, ruhum həmişə o torpaqda, canım o insanlardadır. Onların sevincini də, kədərini də, uğurunu da, çətinliyini də özümünkü bilirəm. Ona görə bu çətin günlərdə Tovuzuma, doğma Əyyubluya, kəndimə baş çəkdim. Zəhmətkeş, insansevər həmkəndlillərimlə söhbətləşdim".
Ruhi Əliyevə kənd sakinlərinin problemləri və qayğıları ilə maraqlandığını da qeyd edib:
"Apardığım 250 nəfərlik yardımı paylayarkən hər birinin üzündə minnətdarlıq, sevinc, təşəkkür gördüm. Hələ yolda-izdə oynayıb üst-başı toza batan, amma hər halı ilə şirin, canayaxın, dünyanın bütün pisliklərindən xəbərsiz uşaqların sevgisi, üstümə yüyürmələrini demirəm. Mənə uşaqlığımı xatırlatdılar.
Şəhid ailələri, Qarabağ qaziləri ilə söhbətlərim, görüşlərimin hər biri mənə unudulmaz təəssüratlar yaşatdı. Buradan bir daha onlara demək istəyirəm ki, mən bundan sonra da hər zaman sizin yanınızda olacam. Hər fürsətdə sizə baş çəkəcəm. El-obamızın bu çətin günlərində insanlarımızın problemlərinə həssas yanaşan dəyərli millət vəkili Qənirə Paşayevaya ailələr üçün hazırladığımız məhsulun çatdırılmasında göstərdiyi köməyə, eyni zamanda apardığımız yardım karvanını qarşılayaraq, onu kənd camaatına çatdırılmasına vəsilə olan Əyyublu kəndinin İcra Nümayəndəsi Fariz Qocayeva dərin minnətdarlığımı bilidirirəm".
Rəqsanə Həsənova