Nazirlər Kabinetinin qərarına əsasən, koronavirusun geniş yayılmasının qarşısının alınması məqsədi ilə ölkə ərazisində çevik və sistemli preventiv tədbirlərin davamı olaraq xüsusi karantin rejiminin 20 aprel 2020-ci il saat 00:00-dan 4 may 2020-ci il saat 00:00-dək uzadılmasına qərar verilib. Bununla əlaqədar Nazirlər Kabinetinin 2 aprel 2020-ci il tarixli 124 saylı qərarında qeyd edilən bütün tədbirlər, o cümlədən yük daşımaları istisna olmaqla, Azərbaycan ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışa, yerli hava uçuşlarına tətbiq edilən məhdudiyyətlər həmin tarixədək qüvvədə saxlanılır.
“Azərbaycan Dəmir Yolları” QSC-dən Teleqraf.com-a verilən məlumata görə, qərara əsasən, Bakı-Tbilisi- Bakı (Böyük Kəsiyə kimi), Bakı-Böyük Kəsik-Bakı, Bakı-Köçərli-Balakən-Bakı, Bakı-Astara-Horadiz-Bakı və Bakı-Gəncə-Bakı sərnişin qatarları həmin tarixədək hərəkətdə olmayacaq. Ölkədaxili və beynəlxalq istiqamətlərdə sərnişin daşımalarına qoyulan məhdudiyyət xüsusi göstərişədək tətbiq olunacaq.
Xatırladaq ki, karantin müddətində fəaliyyəti zəruri olan müəssisələrin əməkdaşlarının gediş-gəlişinin daha səmərəli təşkili məqsədilə Abşeron dairəvi dəmir yolu xətti üzrə elektrik qatarları uyğun qrafiklə hərəkət edəcək.