Koronavirus pandemiyası səbəbilə ölkədə xüsusi karantin rejimi daha 2 həftə uzadılıb. Bu səbəblə ərzaq alış-veriş edənlərin sayı da artıb. Lakin insanlar bu məhsulları alarkan onların düzgün saxlanma qaydalarına riayət etmir.
Mövzu ilə bağlı sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Teleqraf.com-un suallarını cavablandırıb.
- Məhsəti xanım, qidaların saxlanmasına görə soyuducunun temperaturu nə qədər olmalıdır?
- İnsanlar aylıq alış-veriş etsələr də, müxtəlif ərzaqların saxlanma temperaturu fərqli olur. Ərzaqları daha uzun müddət saxlamaq üçün daha aşağı temperaturdan istifadə etmək lazımdır. Məsələn, -6 dərəcədə qidaları bir həftə, -12 dərəcədə bir ay, -18, -25 dərəcə aralığında isə 3 ay və ya daha çox saxlamaq olar. Bu dərəcələr dondurulması mümkün qida məhsullarına aiddir.
Ərzaqların ən ideal dondurulma temperaturu -18 dərəcədir. Bu temperaturda meyvə-tərəvəz, ət və ət məhsullarını 12 ayadək saxlamaq mümkündür. Sosiska, kolbasa, yumuşaq pendir, yağlı balıqlar, içalat kimi məhsulları -18 dərəcədə 6 ayadək saxlamaq olar. Lakin tərəvəz salatları, pasterizə olunmuş süd, yumurta kimi məhsulları dondurmaq olmaz.
- Bəzən dondurulmuş ətin bir hissəsini istifadə edib, qalanını yenidən soyuducuya qoyuruq. Bunun hansı zərərləri var?
- Ümumiyyətlə, ətləri soyuducunun dondurucu bölümünə yığmazdan əvvəl, bişiriləcək qədər hissələrə ayrılmalıdır. Ət məhsullarını bir neçə dəfə dondurduqda, qida dəyərini itirir, bakteriyaların çoxalması üçün əlverişli mühit yaranır. Bu məhsulları yalnız bir dəfə dondurucudan çıxarıb, bişirmək tövsiyə olunur.
- Bəs qidaları saxlayarkən əsas hansı amillər nəzərə alınmalıdır?
- Qidalar saxlanması zamanı zəhərlənməyə səbəb olma ehtimalı, keyfiyyət dərəcəsini itirməsinə görə iki qrupa bölünür: yüksək risk qrupuna və aşağı risk qrupuna aid olan qidalar.
Birinci qrupa aid məhsulların tərkibində zülal daha çoxdur. Bu qidalar rütubətin yüksək olduğu şəraitə düşüdükdə onların tərkibindəki bakteriyalar çoxalır, bu isə zəhərlənəyə gətirib çıxarır. Bişmiş ət, toyuq məhsulları, balıq, paştet, süd və süd məhsulları, pendir, mayonez, dondurma, krem, bişmiş yumurta, yumurtadan hazırlanan salatlar, bişmiş düyü kimi məhsullar yüksək risk qrupuna daxildir.
Qurudulmuş, tərkibində nəmişlik az olan un, düyü, çörək, peçenye, mürəbbə, turşuluğu çox olan, yaxud tərkibində sirkədə olan turşular, yağlılığı çox olan qidalar, şokolad, açılmayan konservlər, yüksək şəkərli məhsullar aşağı risk qrupuna aiddir.
Aylıq alış-veriş edənlərə aşağı risk qrupuna aid qidaları almağı tövsiyə edirəm. Çünki bu qidaların saxlama temperaturu normaldır, dondurucuda saxlamağa ehtiyac yoxdur.
- Xarici ölkələrdə marketlərdə bəzi ərzaq məhsulları dezinfeksiya olunur, üzəri örtülür. Bu nə dərəcədə doğrudur? Bizim ölkədə də tətbiq edilməlidirmi?
- Ümumiyyətlə, məhsulun üzərinin örtülməsi vacibdir. Çünki bu, istənilən təsirlərdən, o cümlədən kənar çirklənmədən qoruyur. Bəzi açıq ərzaq məhsullarının dezinfeksiya olunması düzgün deyil. Qeyd edim ki, COVID-19 infeksiyası paketlənmiş məhsulların üzərində uzun müddət qalmır.
Düşünürəm ki, ərzaq məhsullarının üzərinin örtülməsi bizim marketlərdə də tətbiq edilməlidir. Çünki sadaladığım aşağı risk qrupuna aid qidalar əksər yerlərdə açıq şəkildə satılır. Üzəri örtülmür, çəki ilə satıldığı zaman istehlakçılar buna toxuna da bilir. Qeyd etməliyəm ki, ölkəmizdə fəaliyyət göstərən böyük marketlərdə təmizlik yüksək səviyyədə olduğu üçün qidaların dezinfeksiya olunmasına ehtiyac yoxdur.
- Ərzaqlar evə gətirilərkən nəyə diqqət olunmalıdır? Mikrobların səthlərdə yaşadığını nəzərə alsaq, hansı addımları atmalıyıq?
- İlk olaraq marketdən gətirilən paketləri toplamaq lazımdır. Bu işi bir nəfərin icra etməsi daha məqsədəuyğundur. Qidaları yerləşdirərkən saxlama qaydalarına mütləq diqqət etmək lazımdır.
Dezinfeksiya qaydaları qida məhsullarına görə dəyişir. Meyvə-tərəvəz, göyərtilər yuyulduqdan sonra bir litr suya bir xörək qaşığı sirkə əlavə edib, bu məhsulların üzərindən axıdılması tövsiyə edilir. Eyni zamanda, quru meyvələri də mütləq şəkildə yuyub, istehlak etmək lazımdır.
- Çörək ən çox infeksiya ilə təmasa məruz qalan qidalar sırasındadır...
- Əksər çörəklər paketlənməmiş halda satılır. Lakin nə qədər nəzarətdə saxlanılsa da, hər istehlakçıya nəzarət etmək mümkün deyil. Bu səbəbdən istehlakçıların hazırkı dövrdə paketlənmiş çörəyə üstünlük verməsini məsləhət görürəm. İstehsal tarixinə də mütləq diqqət yetirilməlidir. Bəzi çörəklərin 3-4 gün, hətta bir həftəyədək saxlama müddəti var. Tərkibində qatqı maddələri olduğu üçün mədədə turşuluq yaradır.
- Bu müddətdə konserv məhsullarına üstünlük verənlər də çoxalıb. Konserva alarkən nələrə diqqət etməliyik?
- Konservləşdirilmiş qidalar sağlam qida hesab olunmur. Əgər istehlak ediləcəksə, ən əsası istehsal müddətinə diqqət yetirmək lazımdır. Məsələn, bütün istehsalçılar qidanı son istifadə tarixini nəzərə alaraq istehsal edirlər. Ən yeni konserv məhsullarından istifadə etmək daha məqsədəuyğundur.
- Sosial şəbəkələrdə də müşahdə edirik ki, karantin dövründə mətbəxdə vaxt keçirənlər çoxalıb. Qidalarında un məmulatlarına geniş yer ayırıblar...
- Un məmulatlarını tamamilə qida rasionundan çıxarmaq olmaz. Lakin un məmulatları, şirniyyatlar bu aralar çox hazırlanır. İnsanlarda bu məhsulu düzgün balanslaşdırılmış şəkildə qəbul etmədikdə, artıq çəki və piylənməyə səbəb olur. Bu səbəbdən un məmulatlarını günün birinci yarısından sonra qəbul etmək tövsiyə olunmur.