Koronavirus pandemiyası ilə bağlı ölkəmizdə görülən əsas tədbirlərdən biri də tədrisin müvəqqəti dayandırılması oldu. Bu müddət uzandıqda müəllimlər könüllü olaraq şagird/tələbələrinə onlayn dərs keçməyə başladılar. Artıq bir aydan çoxdur ki, ölkəmizdə məsafədən dərs sisemi tətbiq olunur. Maraqlıdır, müəllimlər bu vəziyyət barədə nə düşünürlər? Problemlər olurmu?
Teleqraf.com bu suallara cavab tapmaq üçün universitet müəllimlərinin fikirlərini öyrənib.
Azərbaycan Dillər Universiteti Jurnalistika kafedrasının müdiri Nərgiz Qurbanlı deyir ki, tələbələr əyani dərslə müqayisədə onlayn dərsi yaxşı mənimsəyə bilməz: "Universitetdə tələbələrlə canlı ünsiyyət onlayn dərslərdən tamamilə fərqlənir. Ələxsüs da jurnalistika ixtisasında təhsil alan tələbələr üçün daha çətindir. Tədris etdiyimiz fənlərin əksəriyyəti praktikidir. Universitetdə dərs prosesində tələbələrin nitq qabiliyyətini inkişaf etdirmək üçün xəbərlər oxudur, qəzetlər üzərində təhlil aparıb, səhvləri qeyd edirik. Bu vəziyyətlə əlaqədar çalışırıq ki, əlimizdə olan vəsaitlər əsasında tədris prosesini effektli edək".
Tələbələrin əksəriyyətinin bu prosesdə iştirak edə bilmədiyini deyən Nərgiz Qurbanlı bildirib ki, bu, internet problemi ilə də əlaqədardır: "Tələbələrin 20 faizi dərslərdə iştirak edir. Mənim11-ci sinif şagirdi oğlum da dərslərə onlayn hazırlaşır. İkimiz də eyni anda dərslərə qoşulanda, internetdə zəifləmə müşahidə olunur. Universitetdəki dərs cədvəlinə uyğun tətbiq etdiyim üçün gün ərzində 3 fənni tədris etdiyim də olur. Qrup üzrə 40 tələbədən 20-sinə dərs keçdiyim də olur, yaxud onlayn dərsdə 10 tələbədən 2-si iştirak edir.
Biz jurnalistika ixtisasının müəllimləri tələbələrə əlimizdən gələn köməyi edirik. İstəyirik ki, gələcəkdə peşəkar jurnalistlər yetişdirək. Tələbələrimiz KİV-in müxtəlif sahələrində peşəkarlıqla çalışırlar. Distant təhsil olmasa belə, biz 24 saat tələbələrimizə açığıq".
Yoluxucu xəstəliklər üzrə mütəxəsis, eyni zamanda Azərbaycan Tibb Universitetində İnfeksion xəstəliklərfənnini tədris edən Elza Orucova isə distant təhsili müsbət dəyərləndirir və bu sistemin vaxta qənəat etməkdə böyük rol oynadığını qeyd edir:
"Distant təhsil son 10 ildə dünyada geniş yayılıb. Pandemiya dövrünü nəzərə alsaq, belə təhsil hazırda ən məqbul sayılır. Tələbələr evdə qalaraq, məlumatı qısa vaxt ərzində ala bilirlər. Lakin tam 100 faiz əyani təhsilin yerini vermir. Tibdə əyani surətdə xəstələrlə təmas vacibdir. Tələbələrlə onlayn mühazirə və təcrübi məşğələləri apararkən qənaətə gəldiyim əsas məqam budur ki, tədrisin bu 2 formasında tələbələrlə canlı ünsiyyət çatışmır.
Mühazirəyə nisbətən təcrübə məşğələsində canlı təmasdan uzaq düşmək özünün mənfi tərəfini daha çox büruzə verir. Adətən, yığcam sorğu-sualllardan sonra tələbələr ilkin diaqnoz qoymaq üçün palatada xəstələrdən anamnez toplamalı, obyektiv müayinə aparmalı, müayinə və müalicə planını tərtib etməli, xəstəlik tarixi yazmalı və bu qəbil diğər işləri icra etməli olurlar.
Bir sözlə, dərsin ən çox hissəsini xəstə yanında keçirmək sayəsində onlarda kilinik təfəkkür formalaşır, təcrübi vərdişlər əldə edirlər. Bu isə nəticə etibarı ilə onların nəzəri oxuyub öyrəndiklərinin yaddaşa həkk olunmasına zəmin yaradır. Həmçinin, müşahidə edirəm ki, çox sevdiyim, əslində həyatımın "qızıl parçaları" sandığım tələbələrdə bu sayaq dərs onlarda qismən arxayınlıq, passivlik yaradır. Yəqin ki, burada hipodinamika da müəyyən rol oynayır. Bunlar mənim şəxsi düşüncələrimdir.
Distant təhsil zamanı yetərincə slayd, şəkil, video, xəstəliyə dair film və bu kimi digər əyani vasitələrdən istifadə etsək də, real təcrübənin əvəzi yoxdur. Biz hər zaman qloballaşan, yeniləşən dünyamızda dəyişən şəraitə, tələbata uyğun fəaliyyət göstərməyi bacarmalıyıq.
COVID-19- a görə ölkəmizdə xüsusi karantin rejiminin səbəb olduğu indiki durumda distant təhsil qəbul ediləndir, qaçılmazdır, təhlükəsizdir, qısası, alternativi yoxdur. Düşünürəm ki, müvəqqəti olan bu proseslər sona verdiyi təqdirdə tədris öz normal axarına, nizamına düşəcək və həkim olacaq sevimli tələbələr də əvvəlki aktivliklərinə dönəcəklər".