Dünənki gün tarixə düşəcək. Amma isteriyaya və təlaşa səbəb yoxdur. Çoxsaylı “divan ekspertləri”nin rəylərinə nəzər salsaq, az qala dünyanın sonudur. Belə deyil.
Teleqraf.com xəbər verir ki, bunu sosial şəbəkədə jurnalist Elçin Alıoğlu bildirib.
O qeyd edib ki, dünya bazarlarında xam neftin kəskin, hətta fantastik sürətlə ucuzlaşmasının yeganə səbəbi qlobal koronavirus pandemiyasıdır:
“Az qala bütün ölkələrdə karantin rejimi tətbiq olunduğundan, işgüzar aktivlik minimuma enib, daşımalar və logistika zəifləyib. Təyyarə, gəmi və avtomobil trafiki də düşdüyündən, təbii ki, neftə də tələbat sürətlə üzüaşağı gedib. İndi may fyuçersləri ilə satılan, yəni alıcıya may ayında çatdıralacaq WTI neftinin 1 barrelinin dəyəri həmin barrelin vurulacağı dəmir çəlləyin qiymətindən 6 dəfə ucuzdur. Fiziki neft artıq kimsəyə gərək deyil. Çıxarılmış nefti saxlamağa yer yoxdur, satmağa alıcı yoxdur, nə etməyi də kimsə bilmir”.
Elçin Alıoğlu bildirib ki, anbarlar neft ilə dolu olsa da, neft hasil edən ölkələr həmin “qara qızıl”la nə isə etməlidirlər:
“Anbarlar və tankerlər boşaldılmalıdır. Anbarlar faktiki olaraq 80 faiz dolub və az sonra çıxarılan nefti doldurmağa yer olmayacaq. Məhz bu səbəbdən neftin bir barrelinin qiyməti əvvəlcə 10 dollara, sonra 0 dollara, sonra da mənfi göstəricilərə düşdü. Sutka ərzində NYMEX birjasında neft 300 faiz ucuzlaşdı”.
Jurnalist qeyd edib ki, ümid iyun ayınadır:
“Dünya ölkələrinin çoxunda iyun ayında karantin rejiminin yumşalması, dünyanın ən iri iqtisadiyyatlarının canlanması gözlənilir. Bu da iyundan sonra neftə tələbatı artıra bilər. Bir daha təkrar edirəm: aprelin 21-də alıcıya çatdırılacaq neftlə bağlı belə məşhərdir. Bir ay sonra satılacaq neftin 1 barrelinin qiyməti təqribən 21 dollardır. Hazırda dünya bazarlarında neftin təklifi tələbatı sutkada 29 milyon barrel üstələyir. ABŞ-da ötən həftə neft ehtiyatları 19,25 milyon barrel artıb”.
Elçin Alıoğlu onu da bildirib ki, durumu ağırlaşdıran digər məqam isə tankerlərdə saxlanan neftin həcminin 160 milyon barrelə çatmasıdır.