21 Aprel 2020 13:57
2 159
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Televiziya və Radio Şurasının üzvü Telli Pənahqızı "Elgizlə izlə" verilişində xalq artisti Afaq Bəşirqızının qeyri-etik ifadə işlətməsinə münasibət bildirib.

Telli Pənahqızı Teleqraf.com-a açıqlamasında deyib: "İctimai mövqeyindən, tutduğu vəzifədən asılı olmayaraq hər bir insan, xüsusilə hamının ehtiramla yanaşdığı tanınmışlar hər sözü, dediyi hər fikri min dəfə ölçüb-biçməlidir.

Efirlə zarafat etmək, milyonlarla tamaşaçının hissiyyatını sınağa çəkmək olmaz, üstəlik birbaşa efirə qoşularkən. Efirdə çalışan insanlar da, studiyaya dəvət etdiyimiz, telefonla, skaypla fikrini öyrənmək istədiyimiz adamlar da birbaşa canlı efirin həm aparıcıdan, həm də dəvətlidən necə böyük məsuliyyət, ədəb-ərkan, savad, təmkin və qabiliyyət tələb etdiyini unutmamalıyıq.

Baş verən bu sayaq olaylar, məncə, bir az da illər boyu özəl kanal rəhbərlərinin reytinq xatirinə hər efirdə baş verən eybəcərliklərə göz yummasından, təsadüfi adamlara efir vaxtı ayırıb onlara aparıcılıq kimi çox da asan olmayan bir məsuliyyəti etibar etmək vərdişlərindən qaynaqlanır ki, biz bunun acı meyvələrini dəfələrlə dadmışıq.

Gəlin unutmayaq ki, aynanın o üzündən bizə baxan insanların hörmət və sevgisini qazanmaq göründüyü qədər asan deyil, bircə kəlmə yanlış sözlə gözdən düşmək an məsələsidir.

Odur ki, özümüzə də, sözümüzə də, bizi sevənlərə də ehtiramımızı və inamınızı qoruyub saxlamaq üçün daha diqqətli olmağa borcluyuq.

Unutmayaq ki, biz insanların evinin cağrılmamış, ancaq yolu həmişə gözlənilən əziz qonağıyıq. Qonaq da ədəb-ərkanını qorumağa borcludur!"

Qeyd edək ki, Milli Televiziya və Radio Şurası ARB telekanalının efirində yayımlanan "Elgizlə izlə" verilişində xalq artisti Afaq Bəşirqızının qeyri-etik ifadə işlətdiyinə görə telekanalın yayımını 6 saatadək dayandırıb.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər