21 Aprel 2020 22:58
1 314
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Cümhuriyyəti Parlamentinin üzvü Hacı Mirzə Səlim Axundzadə 1872-ci ildə Lənkəranda şair Mirzə İsmayıl Qasirin ailəsində doğulub. İlk təhsilini atasının üsuli-cədid məktəbində alıb, ardınca Lənkəranda rus dilində gimnaziyanı bitirib. Təhsilli olduğu üçün əvvəlcə müstəntiq yanında köməkçi, polisdə katib, Əsgər xanın evində kargüzar işləyib.

İslam dininə olan sevgisi onun bu yöndə təhsil almasına səbəb olub. Əvvəlcə Lənkəran mədrəsələrindən birində ərəb dili və din təhsili alıb, daha sonra Ərdəbil şəhərinə yollanıb.
Üç il ərzində Zəncan şəhərində də İslam hüququ təhsili alan Mirzə Səlim daha sonra doğma şəhərinə qayıdıb.

Təhsil aldığı bu illərdə İslamın mərkəzi olan Məkkə şəhərini iki dəfə ziyarət edib. İkinci ziyarəti atasının vəfatından sonra olub. Məkkədə 8 il islami təhsil alıb.
Təhsilini bitirdikdən sonra Türkiyəyə gəlib, ardınca Avropa ölkələrini gəzib, Parisdə məşhur Sorbonna Universitetini ziyarət edib. Yenidən Lənkərana qayıdan Mirzə Səlim bir müddət mollalıq edib, 1911-1916-cı illərdə gimnaziyada islam dini və şəriəti və fransız dilini tədris edib.

Mirzə Səlim 1914-cü ildə Münəvvər xanım Teymurbəy qızı Qulubəyli ilə ailə həyatı qurub. Xanımı da nüfuzlu ailədən olub. Bu evlilikdən iki qızı olsa da, 1921-ci ildə böyük qızı Aişə, 1923-cü ildə isə ikinci qızı Cəmilə vəfat edib.

Yenilikçi din xadimi olduğuna görə müasiri olan digər mollalar tərəfindən iftiralara məruz qalıb, babilikdə suçlanıb, nəticədə Çar məmurları evində axtarış aparıb, bir çox qiymətli sənədlərini müsadirə ediblər.

Təzyiqlərdən xilas olmaq üçün Hacı Mirzə Səlim Axundzadə 1916-cı ilin əvvəllərində yenidən Türkiyəyə gedib, 1917-ci ilin iyununda geri dönüb.

Bu zaman artıq Çar Rusiyasında inqilab baş vermiş, imperiya dağılma mərhələsinə girmişdi. Artıq siyasilər, maarifçilər, yenilikçi şəxslər açıq şəkildə siyasi fəaliyyətlə məşğul olur, dağıntının altından Azərbaycan xalqını nə cür xilas etməyin yolları haqqında fikirlər səsləndirilirdi.

Ölkədəki mövcud gücləri dəyərləndirən Mirzə Səlim Müsavat firqəsinə üzv olub, partiyanın iki qurultayında iştirak edib, eləcə də Lənkəran özəyini yaradıb. Digər müsavatçılar kimi Zaqafqaziya Seymində Müsəlman fraksiyasının üzvü olub, Cümhuriyyətin elanında iştirak edib.

1918-ci il dekabrın 7-də ilk Azərbaycan Parlamenti fəaliyyətə başladığı zaman Mirzə Səlim Müsavat partiyasından daxil olub.
Mirzə Səlim Azərbaycan əhalisini erməni qırğınından xilas etmək üçün gələn Qafqaz İslam Ordusunun Qərb bölgələrinə hərəkətinə bələdçilik edib, əsgərlər qarşısındakı atəşli nitqi ilə onları mühasirədə olan insanları xilas etməyə səsləyib, buna da nail olub.

Mühacirət həyatı
Bolşevik Rusiyasının Azərbaycan Cümhuriyyətini işğalından sonra Mirzə Səlimin də taleyinə mühacirət yazılıb. Din xadimi olduğu üçün o, Azərbaycan müsəlmanlarının xilasını həm də İslam birliyində görüb. Əfqanıstana yola düşən Mirzə Səlim oranın başçısı Əmənulla xandan diqqət görüb. Əfqanıstandan Türküstana keçən Axundzadə bu dəfə orada ruslarla mübarizə aparan türklərə dəstək olub. Nəhayət, 1924-cü ildə ona doğma olan Ənzəli şəhərinə gələn Mirzə Səlim burada şəhərin dövlət mədrəsəsində müəllimlik edib.
İranda yaşadığı müddətdə Mirzə Səlim İstanbuldakı Müsavat liderləri ilə - Məhəmmədəmin Rəsulzadə və Abbasqulu Kazımzadə ilə məktublaşıb, Lənkərandakı qohumları vasitəsilə Vətəndən xəbər alıb.

Vətənlə əlaqədə ona kömək edən qohumu Kələntərli Heybət bəy 1926-cı ildə həbs edilərək Bayıl həbsxanasına göndərilib, 1928-ci ildə isə Solovkiyə sürgün edilib, bir il sonra orada vəfat edib.

Mirzə Səlimin özü isə 1930-cı ilin dekabrın 15-də mədrəsədə dərs deyən zaman halı pisləşib və orada da rəhmətə gedib.
Cümhuriyyət deputatı Ənzəli şəhərinin Laləzar qəbristanlığında dəfn edilib. Mühacirətdəki müsavatçı əqidədaşları onun vəfat xəbərini aldıqları zaman “Bildiriş” qəzetində yazı dərc ediblər. Həmin yazıda Mirzə Səlimin həyatı haqqında mühüm məqamlara yer verilib.

Mirzə Səlimin kiçik qardaşı Məşədi Mirzə Səbih də daim təqiblərə məruz qalıb, 1937-ci ildə həbs edilib, əsir düşərgəsinə göndərilib, 1943-cü ildə sürgündə vəfat edib.
Mirzə Səlim İranda mühacir həyatı yaşadığı zaman yoldaşı Münəvvər xanım Azərbaycanda idi. Qaynı Məşədi Ağa bəy bacısını gizli yolla onun yanına göndərə bilib. Amma bundan xəbər tutan bolşeviklər Məşədi Ağanı sürgün ediblər. İki qızının vəfatından sonra Mirzə Səlimin 1927-ci ildə İşıq (Rövşən) adlı bir oğlu dünyaya gəlib. 1930-cu ildə, vəfatından 6 ay öncə isə ikinci oğlu Zahir doğulub.

Hacı Mirzə Səlim Axundzadə mühüm bir iş görərək xatirələrini qələmə alıb. Zahir Hacı Səlim oğlu Axundzadə-Mühacir tərəfindən təqdim edilən xatirələri fars dilindən Məhəmməd Əli oğlu Muxtari tərcümə edib. Xatirat 2016-cı ildə “Azərbaycan torpağına türbət demişəm” adı ilə geniş şəkildə çap olunub. Kitabın adı onun bu şeirindəndir:

Azərbaycan torpağına türbət demişəm,
Şoran sularına şərbət demişəm,
İlqarından dönənə lənət demişəm,
Mən ilqarımdan dönən deyiləm.

Qaynaq:

1. Hacı Səlim Axund Axundzadə. “Azərbaycan torpağına türbət demişəm”, Bakı, 2016.

2. M.Mərdanov, Ə.Tahirzadə. “1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar. (Ensiklopedik soraq kitabı)”. Bakı, 2018.

3. “Bildiriş” qəzeti, 1931-ci il, 23-cü sayı.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər