Ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması, eyni zamanda, rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlara görə Azərbaycan Prezidenti İlham Əliyevə vətəndaşlardan çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir.
Teleqraf.com Prezidentin saytına istinadla həmin məktubların daha bir neçəsini təqdim edir.
Laçın rayonundan məcburi köçkün, Bakı şəhəri, Xətai rayon sakini Türkanə Xaspoladzadə məktubunda yazır:
"Əziz Prezidentimiz.
Siz hər zaman gənclərə önəm verir, onları dəstəkləyirsiniz. Bu dəstəyiniz sayəsində gənclərin ölkəmizin ictimai-siyasi həyatında rolu artır. Gənclərimiz ölkəmizə yeni-yeni nailiyyətlər qazandırırlar.
Cənab Prezident, Siz hazırda aztəminatlı, sosial qayğıya ehtiyacı olan ailələrə böyük diqqət və qayğı göstərirsiniz. Dünyanın bəşəri problemə çevrilən koronavirusun ağuşunda olduğu bu çətin dövrdə xalqımızın rifahı naminə imzaladığınız sərəncamlar bir daha göstərdi ki, Azərbaycan xalqının sağlamlığı, əmin-amanlığı hər zaman olduğu kimi, yenə də Sizin üçün ən önəmli məsələdir. Ölkəmizin təhlükəsizliyini təmin etmək, xalqın rifahının yaxşılaşdırmaq üçün gördüyünüz işlərə görə laçınlılar və Xaspoladzadələr adından Sizə və Birinci vitse-prezidentimiz Mehriban xanıma təşəkkürümüzü bildiririk".
Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu qeyd edir ki, Xalq öz Prezidentinə inanır və güvənir:
"Möhtərəm Prezidentimiz.
Son aylarda dünyanı bürümüş pandemiyadan xalqımızı xilas etmək üçün atdığınız qətiyyətli addımlara, verdiyiniz çox önəmli qərarlara görə ölkəmizin bütün vətəndaşları kimi, mən də Sizə hədsiz minnətdarlığımı bildirirəm. Ölkə rəhbəri kimi Sizin vaxtında həyata keçirdiyiniz tədbirlərin nəticəsidir ki, Azərbaycan bu gün bütün dünyanı bürümüş koranavirusdan ən az əziyyət çəkən, bəşəriyyətin bəlasına çevrilmiş pandemiyaya qarşı ən səmərəli mübarizə aparan ölkələr arasında ön sıralarda dayanır. Hətta Azərbaycan bu sahədə Avropanın və dünyanın ən qabaqcıl ölkələrini də arxada qoyur. Qısa müddət ərzində bu virusa yoluxma dinamikasında geridönüşün yaranması, son günlərdə isə sağalanların sayının yeni yoluxanların sayından dəfələrlə artıq olması, ölüm faizinin bəlkə də dünyada ən aşağı səviyyədə olması bir daha onu sübut edir ki, Sizin rəhbərliyiniz və bilavasitə göstərişləriniz əsasında bu istiqamətdə çox ciddi tədbirlər həyata keçirilir. Xalqımız və eləcə də dünya ictimaiyyəti bir daha şahidi oldu ki, Azərbaycanda əhalinin sağlamlığı və sosial rifah halı dövlətin çox böyük önəm verdiyi prioritet sahədir və ölkəmiz yarana biləcək hər cür fors-major hallara hazırdır.
Yaranmış vəziyyətlə əlaqədar elan olunmuş karantin dövründə dünyanın bir çox ölkələrindən fərqli olaraq Azərbaycanın iqtisadi böhran yaşamaması, əhalinin ərzaq və digər zəruri mallara ehtiyacının ödənilməsində heç bir problemin olmaması, nəzərdə tutulmuş sosial layihələrin dayandırılmaması ilə yanaşı, işsizlərə yardım edilməsi, sahibkarlara dəyən ziyanın minimuma endirilməsi üçün müxtəlif tədbirlərin həyata keçirilməsi, onlara maliyyə dəstəyinin göstərilməsi də bir daha ölkəmizin Prezidenti kimi Sizin daim xalqın yanında olduğunuzu, əhalinin sosial durumunun daha da yaxşılaşdırılması üçün əlinizdən gələn hər şeyi etdiyinizi sübuta yetirir.
Sizin uzaqgörən xarici və daxili siyasətiniz sayəsində ölkəmizin beynəlxalq aləmdə nüfuzu gündən-günə artır, iqtisadiyyatımız inkişaf edir, respublikamızda maliyyə dayanıqlılığı getdickə möhkəmlənir, xalqla dövlətin sarsılmaz birliyi var.
Möhtərəm Prezidentimiz, ölkəmiz və xalqımız üçün də çətin olan bu günlərdə göstərdiyiniz qətiyyətə, bu bəşəri bəladan xalqımızı çox az itki ilə çıxartmaq üçün həyata keçirdiyiniz mühüm ttədbirlərə və əhaliyə göstərdiyiniz dəstəyə görə Sizə bir daha təşəkkür edirəm.
Xalq öz Prezidentinə inanır və güvənir!"
17 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi, Qaradağ rayon sakini Elmira Rəfailova yazır ki, müasir tibbi avadanlıqlarla təchiz edilərək xalqın istifadəsinə verilmiş xəstəxanalar bu gün koronavirus infeksiyasına tutulan xəstələrin nicat yeri oldu:
"Möhtərəm cənab Prezident.
Sizin rəhbərliyinizlə respublikamızın gündən-günə inkişaf etməsi, dünya dövlətləri sırasında nüfuzunun artması istiqamətində çox böyük işlər görülür və bu tədbirlər xalqımız tərəfindən minnətdarlıq hissi ilə qarşılanır.
Hörmətli cənab Prezident, xüsusilə də ölkə vətəndaşlarının maddi rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyiniz layihələr, atdığınız uğurlu addımlar təqdirəlayiqdir.
Sizin daim diqqət mərkəzində saxladığınız sahələrdən biri də səhiyyədir ki, bu günlərdə illər əvvəl gördüyünüz işlər öz bəhrəsini verdi. Müasir tələblər səviyyəsində yenidən inşa edilmiş, müasir tibbi avadanlıqlarla təchiz edilərək xalqın istifadəsinə verilmiş xəstəxanalar bu gün koronavirus infeksiyasına tutulan xəstələrin nicat yeri oldu.
Dünyanın belə çətin, qarışıq günlərində heç bir ölkədə heç bir lider Sizin atdığınız qətiyyətli addımları atmır. Siz bütün insanları düşünür, onların qayğısına qalırsınız.
Əziz Prezidentimiz, ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizənin çox yüksək səviyyədə təşkil edilməsinə görə kollektivimiz adından Sizə təşəkkür edirik. İnanırıq ki, müdrik qərarlarınızla bu bəladan minimum zərərlə qurtulacağıq. Sizinlə fəxr edirik.
Ağdam rayon sakinləri Məhəmməd İsmayılov, Ənvər Məhərrəmo, Kəmalə Rüstəmova, Rafiq Əliyev və başqaları yazır:
"Hörmətli cənab Prezident.
Ölkəmizdə milli həmrəylik bu günə qədər müşahidə edilməyən səviyyədədir. Bu, Sizin xalqımıza olan diqqət və qayğınıza cavabdır. Tövsiyələriniz, çağırışlarınıza səs verən vətəndaşlar çətin günlərdə dövlətimizin ətrafında sıx birləşdilər. Hamı bir-birinə, xüsusilə aztəminatlı ailələrə kömək göstərir.
Siz, eyni zamanda, sahibkarlara böyük dəstək verirsiniz. Bizlərə də karantin şəraitində müxtəlif yardımlar edilir. Bütün bunlara görə Sizə təşəkkür edir, "Çox sağ olun!" deyirik. Tanrı Sizi qorusun".
Horadiz şəhər 2 nömrəli tam orta məktəbin direktoru, Ləman Əliyeva qeyd edir ki, ölkəmizi bu virus təhlükəsindən qorumağınızı ictimaiyyət böyük rəğbət və məmnunluq hissi ilə qarşıladı:
"Çox hörmətli prezidentimiz İlham Əliyev.
Bu gün dünyanı təhdid edən koronavirus pandemiyasının Azərbaycanda yayılmasının qarşısının alınması istiqamətində ilk gündən bütün mümkün qabaqlayıcı və təxirəsalınmaz tədbirlər həyata keçirərək, ölkəmizi bu virus təhlükəsindən qorumağınızı ictimaiyyət böyük rəğbət və məmnunluq hissi ilə qarşıladı.
Heç bir ölkə, heç bir şəxs bu virusdan sığortalanmayıb. Ona görə də hamı bu məsələyə ciddi yanaşmalı, cəmiyyətimiz də öz üzərinə düşən vəzifələri yerinə yetirməli, dövlət tərəfindən görülən məhdudlaşdırıcı tədbirləri anlayışla qarşılamalı və onlara əməl etməlidir. Belə olduğu halda mən əminəm ki, biz bu virusa asanlıqla qalib gələcəyik.
Füzulidə də vətəndaşlardan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontakda olmaq və digər qaydalara ciddi əməl etmək tələb olunur.
Cənab Prezident, Vətənimizin firavanlığı və tərəqqisi istiqamətində səmərəli fəaliyyətinizə görə füzulililər adından Sizə dərin minnətdarlığımı bildirir, ali dövləti fəaliyyətinizdə qüvvət və uğurlar, ölkəmizə sülh və firavanlıq arzu edirəm. Allah Sizi qorusun".
Xızı rayonu, Xələnc kəndi mədəniyyət işçisi Sevər Şərifova yazır:
"Hörmətli cənab Prezident.
Bu gün dünyanı aciz vəziyyətə salmış, səhiyyəsi, iqtisadiyyatı güclü inkişaf etmiş ölkələri belə çətinliklər qarşısında qoyan koronavirusla mübarizədə xalqımız üçün etdikləriniz, uzaqgörən qərarlarınız insanların Sizə olan inam və güvənini bir azda artıraraq daha da möhkəmləndirdi. Sizin bu çətin vəziyyətdə aztəminatlı insanlara dəstəyiniz, xalqa göstərdiyiniz maddi və mənəvi dəstək bir daha bizləri səmimi qəlbdən qürurlandırdı.
Xalqın hər bir nümayəndəsinə göstərdiyiniz qayğı, əsasən də yaşlı insanların sağlamlığının qorunması üçün verdiyiniz qərarlar xalqımızın mənəvi dəyərlərinə verdiyiniz yüksək qiymətin daha bir nümunəsidir. Siz bir daha sübut etdiniz ki, hər bir vətəndaşın Prezidentisiniz. Biz birlikdə güclüyük!
Cənab Prezident, bu yolda Sizə və xalqımıza Allahdan kömək diləyirik. İnanırıq ki, Sizin rəhbərliyinizlə biz birlikdə bu çətinliyin öhdəsindən layiqincə gələcəyik".
Ucar rayonu, Çiyni kənd sakini Zaur Eyvazov məktubunda yazır:
Möhtərəm cənab Prezident.
Hazırda bütün dünyada koronavirus pandemiyası ilə mübarizə aparıldığı bir zamanda ölkəmizdə tərəfinizdən vaxtında lazımi və qabaqlayıcı tədbirlərin görülməsi, əhalinin sağlamlığının qorunması istiqamətimdə icra edilən operativ işlərə görə Sizə dərin təşəkkürümüzü bildiririk.
Bütün sahələrdə olduğu kimi, dindar insanlar da Sizin daimi diqqət və qayğınızı hiss edirlər. Azərbaycan dindarları da xüsusi karantin rejiminin qaydalarına riayət edirlər.
Bu gün dünyadakı çətin vəziyyətə baxmayaraq, Sizin sayənizdə ölkəmizdə ailəsinin əhatəsində evdə qalan hər bir şəxs ruhdan düşmür, gələcəyə inamla baxır. Bunlar Sizə olan etibardan qaynaqlanır. Əminik ki, bu tədbirlər tezliklə müsbət nəticə verəcək.
Sağlamlığımızın qayğısına qaldığınıza görə Sizə dərin minnətdarlığımızı bildiririk.