2 May 2014 11:35
5 030
12 Punto 14 Punto 16 Punto 18 Punto

Eyyub Hüseynov: “Monitorinqlər göstərir ki, satışda olan tortların 98 faizinin üzərində istifadə müddəti yazılmır”

İki gün öncə Binəqədidə tortdan kütləvi zəhərlənmə faktı qeydə alınması ekspertlərin vətəndaşlara külli miqdarda vaxtı keçmiş tort və şirniyyatların satılması barədə dediklərini bir daha gündəmə gətirir.

Havaların istiləşməsi fonunda diqqət yenə bu cür qida növlərinə yönəlir.

Xatırladaq ki, sovet dövründə ümumiyyətlə, yay mövsümündə kremli tortların satışı qadağan edilmişdi. Bundan başqa, kremli məhsullara marqarin yağı işlədilə bilməzdi. Amma hazırda şirniyyat istehsalı ilə məşğul olan mağazalar şəbəkəsinin böyük əksəriyyəti kərə yağından istifadə eləmir. Tortun üzərinə tərkibi barədə məlumat qeyd olunması bir yana, istehsal tarixi də göstərilmir.

Qeyd etdiyimiz faktla paytaxtın şirniyyat istehsalı və satışı ilə məşğul olan “Çudo Peçka” mağazalar şəbəkəsinin Cəfər Xəndan küçəsində yerləşən mağazasında rastlaşdıq. Tortların üzərində istehsal tarixinin yazılmamasını satıcı burda satışa çıxarılan bütün məhsulların gün ərzində satılması ilə izah etdi: “Hamı bilir ki, bura şirniyyat sexidir və ancaq təzə məhsullar satılır, ona görə də istehsal tarixini göstərməyə ehtiyac yoxdur”.

Baş çəkdiyimiz “Patara” şirniyyat mağazasında da eyni mənzərə ilə rastlaşdıq. Burada isə satıcı tortların sifarişlə hazırlandığın və o üzdən istehsal tarixini qeyd etmədiklərini dedi.

Tərkibində tez toksinləşməyə meylli məhsullar - süd, yumurta, yağ, çərəz, meyvə, giləmeyvə olduğundan tortun üzərində hətta saat neçədə hazırlandığı da dəqiq qeyd olunmalıdır.

“İstehlakçılara vaxtı keçmiş tort və şirniyyatlar satılır”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da tortların saxlanma müddətinin saatlarla ölçüldüyünü deyir: “Bu müddət 31 saatdır, lakin aparılan monitorinqlər göstərir ki, satışda olan tortların 98 faizinin üzərində istifadə müddəti yazılmır. Bu da ondan xəbər verir ki, alıcılara külli miqdarda vaxtı keçmiş tort və şirniyyatlar satılır”.

AİB sədrinin sözlərinə görə, tortların qiymət və təhlükəsizlik sənədləri də yoxdur: “Satışda olan tortların yalnız gigiyenik sənədləri var ki, o da bir neçə aylıq və ya illik verilir. Gigiyenik sənəd məhsulun təhlükəsiz olması demək deyil. Gigiyenik sənədlər yalnız istehsalla bağlı verilir. Ona görə də ölkədə kütləvi zəhərlənmələr baş verir. Havalar isindikcə belə faktlar çoxala bilər”.

Xalis çəkisi, istehsalın tarixi, saatı, saxlama müddəti...

Qida sənayesi üzrə mütəxəssis Rəşad Kərimov bildirir ki, tortlar və digər şirniyyat məhsulları markalanarkən onun üzərində əmtəə nişanı, istehsalçı müəssisənin adı, ünvanı, məhsulun adı, xalis çəkisi, istehsal tarixi, saatı, saxlama müddəti, sertifikatlaşan məhsul üçün uyğunluq nişanı, məhsulun 100 qramının qida və enerji dəyəri haqda məlumat, mövcud standart, saxlama şəraiti kimi mühüm göstəricilər qeyd olunmalıdır: “Tort və şirniyyatları şəhərlərarası daşımalarda müxtəlif yeşiklərdə, mövcud sanitar qaydalara uyğun olaraq örtülü nəqliyyat vasitələrində daşıyırlar. Tortların spesifik qoxusu olan təzə bişmiş çörək və digər məhsullarla bir yerdə daşınmasına icazə verilmir. Amma təəssüf ki, çox zaman qeyd olunanlar həyata keçirilmir. Bu səbəbdən mağazalardan tort və şirniyyat alarkən diqqətli olmaq lazımdır. Əks halda, şirniyyat yemək istəyiniz zəhərlənmə ilə nəticələnə bilər. Şirniyyatların saxlanma müddəti 36 saatdan artıq deyil”.

Ekspert deyir ki, tortlar biskvitli, vaflili, qırıntılı və müxtəlif məhsulların qarışığından hazırlandığı üçün onların bişirilməsi, saxlanma müddəti və şəraiti müxtəlifdir: “Meyvəli, şirəli tortların saxlanma müddəti daha az olur. Tortun tərkibindəki meyvələr hava ilə reaksiyaya girərək, çürümə prosesinə səbəb olur. Meyvəli tort turşumuş, qıcqırmış qoxu verirsə, ondan istifadə etmək olmaz. Təbii göstəricilərinə görə, istifadə üçün nəzərdə tutulan yarımfabrikatların xarakteristikası, üzərində qüsuru olmayan bişmiş bir, yaxud bir neçə qat yarımfabrikatlar kənar dad və iy verməməlidir”.

Naibə QURBANOVA


Müəllif: