Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məsələ ilə ciddi məşğuldur. Sığınacağa ehtiyac olsa, yəqin ki, bizə müraciət edəcəklər. Hüquq-mühafizə orqanları cinayət işi də açıblar.
Bu sözləri İsmayıllı rayonunda atası tərəfindən azyaşlı qızın başına gətirilən hadisə ilə bağlı Teleqraf.com-a açıqlamasında "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.
O bildirib ki, belə halların baş verməməsi üçün maarifləndirmə işi davam etdirilməlidir: "Məktəb yaşından uşaqlara məlumat vermək lazımdır. Bu, çox pis hadisədir. Doğma olduğu üçün atası nə desə, uşaq onu qanun kimi qəbul edir. Belə insanlara ömürlük cəza tətbiq edilməlidir. Doğrudur, bəziləri ölüm hökmü tələb edir. Lakin mən hesab edirəm ki, ölüm hökmünün qaytarılması insan haqlarına ziddir.
Elə adam cəmiyyətə buraxılmalıdır. Əgər insan öz qızına təcavüz edirsə, elə adamların islah olunması mümkünsüzdür. Şüurlu insan heç vaxt öz övladına qarşı belə hərəkət etməz".
Pandemiya dövründə sığınacağın fəaliyyətindən söz açan Mehriban Zeynalova bildirib ki, sığınacaq sakinləri koronavirusla bağlı məlumatlandırılıb, profilaktik tədbirlər görülür: "Sığınacağımızda bütün qaydalara əməl olunur. Sığınacaq sakinləri maska, əlcək, spirtlə təmin olunub. Daimi olaraq dezinfeksiya tədbirləri aparılır. 2 dəfə sığınacağı dezinfeksiya etdirmişik.
Eyni zamanda işçilərimiz dezinfeksiyaedici məhlullarla sığınacağı daimi olaraq təmizləyirlər. Sığınacaq daxilində sosial məsafəyə diqqət yetirilir. Hazırda burda 45 sakin var".