Quba rayonunun Gədikqışlaq kəndində yaşayan 4 uşaqlı ailə barədə yazı vermişdik. Məsələ ilə bağlı Rayon İcra Hakimiyyəti araşdırma aparıb.
Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Qismət Quliyevin Teleqraf.com-a verdiyi açıqlamaya görə, həmin ailənin başçısı Yaqub İbrahimovun həyat yoldaşı onun valideynləri ilə yola getmir: "Bu, ailədaxili münaqişədi. Yaqub İbrahimovun atasının Qubanın Zərqala kəndində böyük evi var. İmkanları yaxşıdı. Həmçinin Yaqubun həyat yoldaşı Qahirə İbrahimovanın anası da Vəlvələ inzibati ərazi nümayəndəliyinə aid Gədikqışlaq kəndində yaxşı imkanlara malikdi. Onlara pis şəraitdə yaşayan insanlar demək olmaz.
Dörd uşaqlı ailəyə Quba Rayon İcra Hakimiyyəti dəfələrlə yardım edib. Hər bayramda ərzaqla təmin olunurlar. Təkcə karantin dövründə bu ailəyə 3 dəfə ərzaq yardımı edilib".
Qismət Quliyevin sözlərinə görə, Quba Rayon İcra Hakimiyyəti bu ailəni faktiki birotaqlı evlə təmin edib, belə ki, İH hər ay evin 50 manat kirayə haqqını ödəyir: "Əlimizdən gələni edirik, onlara hər şərait yaratmışıq. Ailə həmin evdə təmənnasız qalır. Əlavə olaraq ailəyə 3 sot torpaq sahəsi də ayırmışıq. Sənədlər qaydasına salınana qədər qeyd etdiyimiz kirayə evdə qalacaqlar. Təbii ki, bu, uzanan prosesdir.
Mənə elə gəlir, belə bir zamanda biz əlimizdən gələn köməyi onlardan əsirgəməmişik. Nəzərə alaq ki, oxşar vəziyyətdə olan xeyli ailələrimiz var. Bu ailələrin hər biri diqqət mərkəzindədir".
Qismət Quliyev qeyd edib ki, ailə yeni yardım kampaniyası üçün tərtib olunan siyahıya da daxil edilib: "Yaxın günlərdə onlara yenidən yardım göstəriləcək. Bu yardım "Azərişıq"ın xətti ilə rayonlardakı imkansız ailələrə köməklik üçün təşkil olunub. Nə vaxt yardım kampaniyası olursa, onların adı dərhal siyahıya salınır".