22 Aprel 2020 19:11
1 287
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün SSRİ Xalq Komissarları Sovetinin 1-ci sədri V.İ.Leninin doğumunun 150-ci ildönümüdür. O, 22 aprel 1870-ci ildə Simbirskdə doğulub, 21 yanvar 1924-cü ildə ölüb. 70 il Azərbaycan həyatını da məşğul edən bu şəxsin 100 illik yubileyi SSRİ-də təntənə ilə qeyd edilsə də, 150 illiyi keçmiş və yeni nəsil kommunistlər arasında məhdud çərçivədə xatırlandı. Bu faktın özü də Azərbaycanda və digər postSovet ölkələrində həqiqətin parıldaması idi.

Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadə İstanbulda çap etdiyi “Yeni Kafkasya” jurnalının 1924-cü il 1 fevral sayında “Lenin öldükdən sonra” adlı məqalə yazıb. Rəsulzadə məqaləsində Lenindən sonra Kommunist partiyasındakı ixtilaflara və 1921-ci ildə qəbul edilmiş Yeni İqtisadi Siyasət məsələsinə toxunub.

Professor Yavuz Akpınarın ərəb qrafikasından latın qrafikasına transliterasiya etdiyi məqalənin dilini müəyyən qədər sadələşdirərək öz türkcəmizdə təqdim edirik.

***
Lenin öldükdən sonra
Lenin aləm-şümul (dünya miqyaslı – D.Ə) iddiası etibarilə qeyb etmiş bir sosialist, məhəlli icraatı etibarilə qazanmış bir ixtilalçıdır.

Tərifimizdə təzad görülməsin: Lenin Bolşevik firqəsinin lideri olaraq etdiyi ixtilalda – özü müdrik olur-olmasın – Rusiya kəndli ixtilalının gərəktirdiyi radikal bir müvəffəqiyyəti əldə etdi: Çox müdhiş və amansız bir surətdə köhnə feodal qalıqlarından ibarət olan dvoryanlıq və əsilzadəlik rişəsini ta kökündən kəsib atdı. Köhnə mənası ilə çarizmə bir daha qayıtmaq imkanını buraxmadı; fəqət o, Rusiyanın olduğu tarixi mərhələ ilə mütənasib olan bu məqsədlə yetinmədi. Həqiqətdə kəndli ixtilal firqəsinin vəzifəsini görür ikən, ruhunun bütün inikasları ilə keçmiş rus idealistlərinin mirasını alaraq mütəxəssis inqilabçılar nəzəriyyəsini ortaya atan bu adam marksizm metoduna sahib çıxması və nəzəriyyəsini bu məktəb istilahlarına uydurması ilə şəklən sosialist və aləm-şümul bir ixtilal dahisi kimi göründü.

Yeni İqtisadi Siyasət tətbiqatı ilə başlayan ricat (geri çəkilmə - D.Ə) Rusiya ixtilalının başarısızlığa uğramış xəyaldan, imkan daxilində olan həqiqətə qarşı edilən bir geri çəkilmə idi. Bu ricatın lüzumunu Leninlə bərabər bəlkə sairləri də təqdir edirdilər. Belə bir geri çəkilmənin lüzumunu məmləkətdəki kəndli müqaviməti Kranşad üsyanı şəklində təzahür edən israrı ilə onsuz da təlqin edirdi. Fəqət bu geri çəkilmənin başlanması və onun müvəffəqiyyətlə icrası heç şübhəsiz ki, Leninin firqə üzərindəki qəti nüfuzuna borcludur.

Bu geri çəkilmə hal-hazırda şiddətli bir böhran keçirməkdə, firqə içərisində dərin bir ixtilafı, çox inadlı bir mücadiləni dəvət etməkdədir. Bu böhrandan qurtulmaq üçün boş iddialarını fəda ilə həyatın şəni-tələblərinə doğru daha çox təkamül göstərmək zərurətində olan Kommunist firqəsi görən gözü və dərk edən ağlı hökmündə olan Lenini qeyb etdikdən sonra haqqıyla dərk edə biləcəkmi?

Buna kommunistlər cavab verirlər: Leninin bir ildən bəri onsuz da işlərə müdaxiləsi yoxdu. Halbuki Kommunist firqəsi yıxılmadı.

Əvvəla, bu bir ildə Kommunist firqəsinin yıxılmasını sürətləndirən hadisələr az deyildir. Sonra bir illik qeybi əsnasında Leninin hər zaman iş başına qayıda bilməsi ehtimalı, ruhu çox böyük bir amil olmuşdur. Halbuki indi bu ruhi amil tamamilə yox olmaqla bərabər onun yerinə digər bir amil keçmişdir. Bu amil Leninə vərasət məsələsidir. Firqədə ikinci Lenin yoxdur. Leninlik iddiasında olanlar isə az deyildir. Bunlar arasındakı rəqabət üçün firqə içərisindəki mücadilələr də az zəmin hazırlamamışdır.

Leninin ixtilalçı olmaq sifətiylə həqiqi müvəffəqiyyətlərindən birisi də inzibatı möhkəm bir firqə, “mütəxəssis ixtilaçılar kastası” vücuda gətirə bilməsidir. Fəqət əksərən bu kimi kastaların vəhdəti baş rahibin vücudu ilə var olur, baş getdikdən sonra ixtilaflar başlayır. Lenin hələ xəstə ikən başlayan ixtilaf kim təmin edər ki, onun vəfatından sonra daha çox inkişaf etməsin.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər