Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə, kiçik və orta sahibkarlığa vergi güzəştlərinin və tətillərinin verilməsi nəzərdə tutulur. Artıq mikrosahibkarların ödədiyi vergilər qaytarılıb. Vergilərin bir hissəsinin qaytarılması, bu il ərzində ödənməli olan vergilərin ödəniş müddətinin uzadılması da buraya daxildir.
Bunu Teleqraf.com-a açıqlamasında iqtisadçı-ekspert Əkrəm Həsənov deyib.
Əkrəm Həsənov bu addımların sahibkarların vergi yükünü əhəmiyyətli dərəcədə azaltdığını vurğulayıb:
"Vergi güzəştləri və tətilləri ilə bağlı təkliflər paketi koronavirus pandemiyasının milli iqtisadiyyata mənfi təsirlərinin qiymətləndirilməsi məqsədilə yaradılmış İşçi Qrup çərçivəsində müvafiq qurumlarla geniş müzakirə olunub.
Eyni zamanda Vergi Məcəlləsi və “Sosial sığorta haqqında” qanununa zəruri dəyişikliklərlə bağlı təkliflər hazırlanıb. Təkliflər paketində koronavirus pandemiyasının bilavasitə təsir etdiyi fəaliyyət istiqamətləri üzrə vergi ödəyicilərinə 2020-ci il 1 yanvar tarixindən etibarən bir il müddətinə əmlak və torpaq vergiləri üzrə tam məbləğdə azadolma təklif edilir".
Əkrəm Həsənov bildirib ki, bu tədbirlər sahibkarlara kömək edəcək: "Bakı şəhərində ticarət fəaliyyəti ilə məşğul olan şəxslər hazırda 125 manat sosial sığorta haqqı ödəyirlər. Dəyişiklikdən sonra onlar 62,5 manat sosial sığorta ayırması həyata keçirəcək ki, bu da bütövlükdə 50 faiz azalma deməkdir. Hər bir halda, verginin az ödənilməsi o deməkdir ki, həmin sahibkarın bu dövrdə azalan gəlirlərinin gözləniləndəndaha çox azalmasına gətirəcək.
Təbii, sahibkarlar istəyərdilər ki, vergilərdən tam azad olunsunlar. Məsələn, ABŞ hazırda sahibkarlara ən çox güzəşt edən dövlətdir, çünki onlar pulu birbaşa olaraq sadəcə çap edirlər. Hər kəs onun dollarını alır. Bu, əlbəttə, ədalətli deyil. Lakin bizim üçün dövlətin pulu havadan gəlmir. Bu baxımdan dövlət hər bir halda bacardığı qədər kömək edir.
Hazırda bütün valyuta ehtiyyatlarını dövlət xərcləsə, düzgün hesab olunmaz. Çünki böhranın son nəticəsini bilmirik. Böhran dedikdə, karantin dövrünü nəzərdə tutmuram, karantin bitsə də böhran davam edəcək. Hazırda neftin qiymətininn düşməsi böyük ehtimalla uzun müddət davam edəcək. Məncə, vergi və sosial müdafiə sahəsində atılan addımlar ümumən qənaətbəxşdir. Bircə atılmayan addım qalıb, banklara borcu olan kredit tətilinin verilməsi. Bunu gözləyirik".