23 Aprel 2020 20:52
1 074
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirus pandemiyası, eyni zamanda enerji bazarında qiymətlərin kəskin dəyişməsi təbii ki, iqtisadiyyata təsirsiz ötüşməyib. Bundan irəli gələrək sahibkarlıq subyektlərinə dəymiş və dəyə biləcək ziyanların qarşılanması aləti kimi vergi və sosial sığorta güzəştləri nəzərdə tutulur. Burada təsnifat olaraq baxdıqda, birincisi, pandemiyadan əziyyət çəkən sahibkarlıq subyektlərinə güzəştlərin edilməsi, bu sahədə fəaliyyət göstərən şəxslərə kompensasiyaların verilməsi, eyni zamanda bu sahədə fəaliyyət göstərən və zərər çəkən fiziki şəxslərin muzdlu işlə əlaqədar əldə etdikləri gəlirlərə görə əməkhaqqı şəklində kompensasiyaların verilmsi nəzərdə tutulur.

Bunu Teleqraf.com-a açıqlamasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəis müavini Nicat İmanov deyib.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən kiçik və orta sahibkarlığa) vergi güzəştlərinin və tətillərinin verilməsi ilə bağlı təkliflər paketinə daxil olan sənəd layihələrini şərh edən Nicat İmanov deyib ki, burada bir spesifik fəaliyyət sahələri, bir də bütövlükdə pandemiyadan bu və ya digər formada əziyyət çəkən, yəni fəaliyyəti tam və ya qismən məhdudlaşan sahələr var:

“Pandemiyadan bilavasitə zərər görən ictimai iaşə, sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sektorlar, sərgilərin, oyunların təşkili fəaliyyəti ilə məşğul olan şəxslər, turizm subyektləri, turagent, turoperatorlar və sairdir. Eyni zamanda Nazirlər Kabinetinin 122 saylı qərarı ilə fəaliyyətinə icazə verilənlərdən savayı digər fəaliyyət sahələrinin fəaliyyəti bu və ya digər formada məhdudlaşıb. Yəni, onlara da güzəştlər nəzərdə tutulacaq. Vergi güzəştləri əsasən, 3 kateqoriyanı əhatə edir. Bunlar mənfəət vergisi, gəlir vergisi (əmlak və torpaq vergiləri də daxil olmaqla) və sadələşdirilmiş vergidir. İdxal mallarına münasibətdə bəzi xüsusi hallarda ƏDV-dən azadolma da nəzərdə tutulur”.

Əmlak və torpaq vergisindən tam məbləğdə azadolmanı konkret misalla izah edən Nicat İmanov deyib ki, zərərçəkənlər içərisində həm əmlakı olanlar, həm də əmlakı olmayanlar var idi:

“Məsələn, yerləşmə vasitələri hesab edilən mehmanxana tipli obyektlərin aktivlərinin tərkibində kapitallar çox olduğu üçün onların əmlak vergisi yükü çox olurdu. Eyni zamanda böyük əraziyə malik olduqları üçün onların torpaq vergisi yükü də çox olurdu. Hətta onların fəaliyyəti olmasa belə, bu vergilərin sabit şəkildə hesablanıb ödənilməsi qanunda nəzərdə tutulduğu üçün biz hesab etdik ki, bu vergi ödəyicilərinin üzərindən sabit vergi yükünün aradan qaldırılması zəruridir. Məhz bu baxımdan əmlak və torpaq vergisindən 2020-ci il üçün tam məbləğdə azadolma nəzərdə tutulub. Bu gün bir hüquqi şəxs üçün əmlak vergisi onun balansında olan əsas vəsaitlərin orta illik qalıq dəyərinə görə 1 faiz həcmində hesablanır. Məsələn, hüquqi şəxsin 1 milyon manatlıq əmlakı varsa, bu zaman o 10 min manat məbləğində əmlak vergisi verməli idi. Təbii ki, məbləğlərin kifayət qədər böyük olduğu hallar da var. İndi şərti nümunə üzərində bunu dedik. Bu vergi məbləği 2020-ci il üçün tam həcmdə güzəşt ediləcək. Bununla da sahibkar fəaliyyət göstərmədiyi halda dövriyyə vəsaitinə qənaət etmiş olacaq. Bir növ onun pul vəsaitinin əlindən çıxmasının qarşısı alınmış olur”.

Fiziki şəxslər üçün nəzərdə tutulan vergi güzəştlərindən danışan Nicat İmanov deyib:

“Əmlak və torpaq vergisi fərdi sahibkarlara münasibətdə 100 faiz həcmində azadolma ilə yanaşı həm fiziki şəxslər, həm də hüquqi şəxslər üçün onların əldə etdiyi mənfəətə (gəlirə) münasibətdə 75 faiz həcmində vergi güzəşti nəzərdə tutulur. Məsələn, bu şəxslər əldə etdikləri gəlirlərdən xərclərini çıxandan sonra qalan mənfəətdən 20 faiz həcmində vergi verməli idilər. Ancaq təkliflər paketinə daxil olan sənəd layihələri qəbul ediləcəyi halda artıq 5 faiz həcmində mənfəət, yaxud gəlir vergisi verməli olacaqlar. Yəni, 75 faiz güzəşt edildikdə 15 faiz bəndində bir güzəşt əldə etmiş olacaqlar”.

Sadələşdirilmiş vergi ödəyiciləri üçün nəzərdə tutulan vergi güzəştlərindən bəhs edən Dövlət Vergi Xidməti rəsmisi sadələşdirilmiş vergi məbləği üzrə 50 faiz güzəşt verilməsinin nəzərdə tutulduğunu deyib. Belə ki, sadələşdirilmiş verginin dərəcəsinin 2 faizdən 1 faizə endirilməsi nəzərdə tutulur:
“Bu güzəştin pandemiyadan əziyyət çəkib-çəkməməsindən asılı olmayaraq, bütün fəaliyyət sahələrində fəaliyyət göstərən sadələşdirilmiş vergi ödəyicilərinə şamil olunması nəzərdə tutulur”.

Nicat İmanov bildirib ki, əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsul növlərinin ƏDV-dən müddətli azad edilməsi, həmçinin, idxal sahəsində vergi güzəştləri də təkliflər paketində öz əksini tapıb:

“Koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində zəruri olan tibbi avadanlıqların və tibbi aksesuarların, habelə əhalinin ərzaq ehtiyaclarının təmin edilməsilə bağlı bəzi ərzaq növlərinin idxalının müddətli olaraq ƏDV-dən azad olunması nəzərdə tutulur. Bura təbii ki, uşaqlar üçün qida məhsulları da daxildir, amma ƏDV-dən azad olunması nəzərdə tutulan ərzaq məhsullarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşəcək”.

Vergi tətillərinin də mahiyyətini izah edən Nicat İmanov deyib ki, mikro sahibkarlıq subyekti olmayan vergi ödəyiciləri 2019-cu il üzrə hesablanmış mənfəət (gəlir) və əmlak vergisi hesabatlarını təqdim etmişdilər:

“Onlar bu hesabatdan yaranan vergini mart ayının 31-dək ödəməli idilər. Qanunvericilik layihəsində nəzərdə tutulub ki, 2019-cu il üçün son verginin ödənilməsi müddəti cari ilin 1 sentyabr tarixinədək uzadılsın. Eyniylə mənfəət və əmlak vergisinə ödənilməli olan cari vergilər də 1 sentyabr tarixinədək uzadılacaq. Yəni, vergi ödəyicisinin əvvəlki vergi ilində bəyan edib ödəməli olduğu verginin ödənilməsini 1 sentyabr tarixinədək uzatmış oluruq. Nəticədə 1 sentyabradək gecikən məbləğə də faizlər tətbiq edilməyəcək”.


Müəllif: Səxavət

Oxşar xəbərlər