Sumqayıt Dövlət Dram Teatrının aktyoru Möhtəsim Yusifov dünyasını dəyişib.
Şəkər xəstəliyindən əziyyət çəkən aktyor həyatla dünən vidalaşıb.
Onu daha çox "Mehdi" adı ilə tanıyırdılar. Mərhum aktyorluqla yanaşı el şənliklərində müğənnilik də edirdi. Möhtəsim Yusifov gözəl vokal səsə malik idi. Musiqi təhsilini böyük xanəndə, görkəmli pedaqoq Əlibaba Məmmədovdan aldıqdan sonra 10 il "Azkonsert" adlı mədəniyyət müəssisəsində çalışıb.
1994-cü ildən taleyini Sumqayıt Dövlət Dram Teatrı ilə bağlayıb. Oynadığı tamaşalarda musiqi parçalarını özü ifa edərdi. Möhtəsim Yusifovun yaratdığı obrazlar canlı və koloritli idi.
"Əlibaba və qırx quldur"da Əhməd, "Şahzadə və bacatəmizləyən"də Kral, "Üç qardaş"da Vəzir, "Şah"da Qiyamçı, "Cırtdanın sərgüzəştləri"ndə Div, "Varlı qadın"da Cangüdən, "Daşdəmirin nağlı"nda dəyirmançı kimi rollara maraqlı rənglər qatıb.
Möhtəsim Yusifov kollektivdə böyük hörmət qazanmışdı. O, sadə, təvazökar insan, qayğıkeş yoldaş idi.
Allah rəhmət eləsin! (baku.vs)