28 Aprel 2020 18:39
476
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, toplantı prezidentin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə təqdim olunmuş Cinayət və İnzibati Xətalar Məcəllələrinə təklif olunan dəyişikliklərlə bağlı ictimai müzakirələrə həsr olunub.

Milli Məclis Sədrinin birinci müavini, komitənin sədri Əli Hüseynli bildirib ki, bu dəyişikliklər “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Prezidentinin 3 aprel 2019-cu il tarixli Fərmanının icrası ilə əlaqədardır, ölkəmizdə cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirləri davam etdirmək məqsədilə hazırlanıb:

"Dəyişikliklər birinci və ikinci oxunuşda Milli Məclisin iclasında ətraflı müzakirə olunub, deputatlar, xüsusilə də məruzəçi Kamal Cəfərov dəyişikliklərin mahiyyəti barədə fikirlərini bildiriblər. Ona görə də bu ictimai müzakirələr zamanı işçi qrupu ilə birlikdə əsasən üzərində israr olunan məqamlar barədə danışacağıq və bir sıra suallara aydınlıq gətirəcəyik".

Əvvəlcə iclasda deputatlar Rəşad Mahmudov və Aydın Hüseynov təcili tibbi yardımda çalışan tibb işçilərinin təhlükəsizliyinin təmin edilməsi və büdcə vəsaitlərinin qorunması ilə bağlı fikirlərini bildiriblər. Sonra Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Ceyhun Kazımov qanun layihəsinin ötən oxunuşları zamanı deputatların plenar iclasda səsləndirdikləri fikirlərə münasibət bildirib, bir sıra məsələlərə aydınlıq gətirilib.

İclasda komitə üzvləri Qüdrət Həsənquliyev, Erkin Qədirli, Tahir Kərimli, Əminə Ağazadə, Bəhruz Məhərrəmov, Sabir Hacıyev, Nurlan Həsənov, hüquq mühafizə orqanlarının və ictimaiyyətin nümayəndələri Cinayət və İnzibati Xətalar Məcəllələrinə təklif olunan dəyişikliklərlə bağlı fikirlərini bildiriblər, ölkəmizdə cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə həyata keçirilən tədbirləri yüksək qiymətləndiriblər. Bununla da Cinayət və İnzibati Xətalar Məcəllələrinə dəyişiklik edilməsi haqqında qanun layihələri ilə bağlı ictimai müzakirələr başa çatdı.


Müəllif: Cavad

Oxşar xəbərlər