1 Oktyabr 2014 13:10
763
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Malena Mardla görüş olub.

ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, Aİ-nin hələ ötən əsrin 90-cı illərində respublikamızda icra olunmağa başlayan TACİS layihələri ölkənin sosial müdafiə sistemində aparılan islahatlara mühüm dəstək olub. O, deyib ki, Avropa Qonşuluq Siyasəti çərçivəsində 2004-cü ildən icra edilən Tvinninq layihəsi ƏƏSMN-nin aktuar hesablamaların aparılması, proqnozlaşdırma və monitorinq, sosial büdcənin tərtib edilməsi və strateji planlaşdırma sahəsində potensial imkanlarının artırılmasında mühüm önəm kəsb edib: “Avropa İttifaqı ilə əməkdaşlığın uğurlu davamı kimi, cari ilin may ayından ölkəmizdə icrasına başlanan “Əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi istiqamətində Tvinninq layihəsi də Azərbaycan üçün vacib sahəyə yönəlib. Layihə əlilliyi olan şəxslərlə bağlı qanunvericiliyin, həmçinin tibbi-sosial reabilitasiya sisteminin qabaqcıl Avropa təcrübəsi əsasında təkmilləşdirilməsinə xidmət edir. 2014-2016-cı illəri əhatə edən layihə üzrə avropalı ekspertlərlə birgə artıq müvafiq işlər aparılır”.

Səlim Müslümov layihədə nəzərdə tutulan Avropa dövlətlərindən biri olan Litva Respublikası ilə qeyd olunan sahədə təcrübə mübadilələrinə başlanılmaqla, tibbi-sosial reabilitasiya mütəxəssisləri üçün uzunmüddətli tədris proqramınin hazırlanmasına başlanıldığını bildirib: “Həmçinin layihə çərçivəsində ölkənin tibbi-sosial reabilitasiya sisteminin inkişafına dair strategiya sənədi və Master Plan hazırlanacaq. Digər tərəfdən, əlilliyi olan şəxslər üçün fərdi dəstək planları və proqramlarının, onların tətbiqi üçün mexanizmlərin hazırlanması, müvafiq sahədə çalışan işçi heyətin peşəkar bilik və bacarıqlarının artırılması nəzərdə tutulub”.

Xanım M.Mard Azərbaycanla Aİ arasında əməkdaşlığın uğurla inkişaf etdiyini, yeni Tvinninq layihəsinin bunun əməli ifadəsi olduğunu diqqətə çatdırıb. Layihənin əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi üçün çoxşaxəli fəaliyyət sahələrini əhatə etdiyini qeyd edən M.Mard hazırda bu sahələrdə aparılan işlərin cari vəziyyətinin, layihə üzrə ümumi iş prosesinin qənaətbəxş olduğunu və nəzərdə tutulan məqsədlərə yönəldiyini qeyd edib. O bildirib ki, bu layihənin icrasının müsbət nəticələri gələcəkdə digər sahələrdə əməkdaşlıq üçün vacib əsasın yaranmasına xidmət edəcək. Görüşdə əlilliyi olan şəxslərlə bağlı iş mexanizmlərinin mütərəqqi dünya təcrübəsi əsasında təkmilləşdirilməsi üçün layihə çərçivəsində aparılan işlər və bu sahədə qarşıda duran vəzifələr nəzərdən keçirilib.

Naibə


Müəllif:

Oxşar xəbərlər