29 Aprel 2020 11:47
1 475
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pandemiya - çox sayda insanı yoluxduran və beynəlxalq sərhədləri aşan epidemiyadır. Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun miqyasını nəzərə alaraq dünyada pandemiya vəziyyəti elan edib.

Sözügedən pandemiya ilə mübarizə aparan görünməz qəhrəmanlardan biri, həkim-terapevt Məlahət İsayeva Teleqraf.com-a danışıb.

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikasında COVİD-19-a yoluxmuş xəstələri müalicə edən qəhrəmanımız böyük əzm və sevgi ilə çalışaraq xəstələrinə şəfa verir.

Əvvəllər 11 saylı şəhər poliklinikasında xəstələrə şəfa verən müsahibimiz TƏBİB-in çağırışlarına səs vermək qərarına gəlib. Dediyinə görə, işlədiyi poliklinikadan ondan əvvəl 3 həkim Tədris Cərrahiyə klinikasına ezam olunub. Bu həkimlərdən biri 8 günlük fəaliyyətdən sonra koronavirusa yoluxub və Məlahət İsayeva 9 apreldən bəri onu əvəz edir. Qəhrəmanımız gecə-gündüz demədən, istirahət etmədən daim işləyir və pandemiya bitənə qədər bu mübarizəyə davam edəcəyini deyir.

Həkim-terapevt Məlahət İsayeva bu mübarizədə keçirdiyi bir günü bizə danışdı.

"Səhər saat 07:15, Bulvar oteldə servis avtobusunu gözləyirik. Mərkəzi Neftçilər xəstəxanası, Əfəndiyev xəstəxanası, Tədris Terapevtik klinika və Cərrahiyyə Klinikasının həkimləri, işçi personalı burada cəmləşib. Tibb personalı, xəstəxanaların digər işçi heyətləri daxil ümumi 700 nəfərik.

Saat 08:30-da xəstəxanaya gəldim. Əvvəlcə girişdə ad soyadımı qeyd etdirib, dərhal geyimlərimi dəyişdim. Komuflyaj adlanan geyimi geyindim. Bu, hava keçirməyən xüsusi geyimdir. Daha sonra ayağımıza baxıl keçirir, əllərimizə ikiqat əlcək, üzümüzə maska, eynək taxıraq mübarizəyə hazır vəziyyətə gəlirik.

Bu geyimlər bizi nə qədər sıxsa , yorsa da, tərlədib, hərəkəti çətinləşdirsə də şikayət etmirik. Axı, biz həkimik. Şərəfli işlə məşğuluq. Bizə ehtiyacı olan insanlara yardım edirik. Bu prosesə qədər təmiz zonadayıq. Neytral zonadan keçir, lift vasitəsilə xəstələrin olduğu kirli zonaya qalxırıq.

Vaxt itirmədən növbətçi həkimdən növbəni təhvil alırıq. Hazırda 9-cu mərtəbədə işləyirəm. 19 xəstəmiz var, onlardan 5 nəfəri təcili yardım həkimləridir. Son zamanlar həkimlərin yoluxma faktı artıb.

Xəstələrin təyinatlarına nəzər yetirir və özlərini necə hiss etdikləri ilə maraqlanırıq. Yüngül , orta və ağır xəstlərimiz var.

Şikayətlərini dinlədikdən sonra, yeni təyinatlarını verirəm. Əsasən başı ağrısı, təzyiq və hərarətin yüksək olmasından şikayət edirlər. Hər kəsin şikayətinə, laborator və daxili orqanların müayinə cavablarına baxıb müalicələr yazır və estafeti tibb bacısına ötürürəm. Təzyiq, hərarət ölçülür, xəstələrin təyinatlarına əsasən iynələri vurulur, dərmanları içirilir.

Saat 11:00. Yeni xəstələr daxil olub. Xəstələr üşütmə, titrəmə, hərarətin artması, boğaz ağrısı, qrip əlamətləri, ishal şikayətləri ilə gəlirlər. Son günlər ishallla bağlı şikayətlər artıb. Onları rentgen müayinəsindən keçirdikdən sonra çoxunda ikitərəfli pnevmoniya əlaməti aşkarlanır. COVID-19 birbaşa pnevmoniyaya səbəb olur. Ağır xəstələri pulmonoloqla, infeksionistlə konsultasiya edir, laborator analizləri müzakirə edirəm.

Xəstələrin yanaşı xəstəlikləri ilə birlikdə bütün müayinələr olunur və hansı müalicəni tətbiq edəcəyim nəticəsinə gəlirəm. Müayinələrədək simptomatik müalicələr olunur, hərarət aşağı salınır, ishal dayandırılır. Müayinə nəticələri əsasında digər həkimlər öz müalicələrini və məsləhətlərini yazırlar.

Saaat 13:00. Darıxdığı üçün şikayət edən xəstələr var. Otaqdan çıxmamağı tapşırsaq da, bəzən dəhlizə çıxıb gəzişirlər. Elə xəstələrimiz var ki, yataq şəraitində qalmaqdan kökəldiyini deyir. Aralarında əsəbləşənlər, analiz nəticələri gecikdiyi zaman narahat olanlar da var. Biz onlara vəziyyəti başa salmağa çalışırıq. Bir xəstədən müalicə dövründə 3-4 dəfə analiz götürülür.

Vəziyyəti ağır, hərarətli xəstələrimiz palatalarda tək qalır, onlarla ünsiyyətdə olmağa icazə verilmir. Xəstəliyi yüngül keçirənlər, ailə şəklində gələnlər bir otaqda qalırlar. 2-3 nəfərlik palatlarımız var.

Bu xəstəlikdən sağalma immunitetlə əlaqəlidir. Orqanizm xaricdən gələn təsirləri tez özünə çəkir. Əgər immunitet yüksəkdirsə, orqanizm xəstəliyə cavab verir, virusları və bakteriyaları qəbul etmir. Xəstənin immuniteti yoxdursa, yaxud çox aşağı səviyyədədirsə, bu prosesi çox ağır keçirdəcək. Hərarətlə müraciət edən xəstələrimiz var ki, onlarda heç bir simptom yoxdur və onlar bu xəstəliyi çox yüngül keçirirlər. Belə xəstələrdə simptomatik müalicələrdən sonra 2-3-cü analizlərin nəticələri mənfi çıxır. Xəstələrə immunitetlərini gücləndirmək üçün müalicələr tətbiq olunur.

Saat 16:00. Gündəlik olaraq xəstələrlə sıx əlaqədə oluruq. Çalışdığımız iş rejimi o qədər gərgindir ki, iş vaxtının nə zaman bitdiyini anlamadım. 8 saat sonra xüsusi geyimi soyunuruq. Eynəklər xüsusi dərman məhlulu olan qabın içinə atılır və yenidən istifadə üçün dezinfeksiya olunur. Digər geyim ləvazımatları isə yandırılmaq üçün atılır. Bu geyimlər ikinci dəfə geyinilə bilməz.

Neytral zonaya daxil olur, üst geyimimizi dəyişib, otelə qayıdırıq.

Saat 19:00. Yorğunam, amma dincəlməyi düşünmürəm. Bu müddət ərzində başıma gələnlərin hekayəsini yazıram. Artıq üç hekayəm hazırdır; sağaldaraq evə göndərdiyim İlham və Zülfiyyə, uroloq həmkarım və özüm haqqında yazdığım hekayələrim. Çalışacam ki, tez zamanda bitirim. Axşamlar nitq dərslərində iştirak edirəm. Bunlar məni çox yorsa da, ruh yüksəkliyi ilə yaşayıram.

4 həftə əvvəl, poliklinikada işləyəndə filter otağına ər-arvad koronavirusa yoluxma şübhəsi ilə gəldilər. Biz onlardan analizlər götürüb, laboratoriyaya yolladıq. İlkin müalicələrini yazıb evə göndərdim, 3 gün sonra test nəticələri pozitiv gəldi, həm də pnevmoniya aşkarlandı. Biz onları müalicə olunmaq üçün Tədris Cərrahiyə klinikasına göndərdik.

TƏBİB-in çağırışından sonra Tədris Cərrahiyə klinikasına ezam olundum və otağa daxil olub ilk xəstələri müayinə edəndə təsadüfən İlham və Zülfiyyə cütlüyünü gördüm. Öz xəstələrimlə qarşılaşanda kövrəldim, onları sağaldaraq evə göndərdik. Onlar haqqında "Mənim qəhrəmanlarım" adlı hekayəm beləcə yarandı".

Müsahibimiz deyir ki, bu mübarizəyə başlayanda qorxmayıb və xəstələri sağaldaraq evə göndərmək onun üçün böyük xoşbəxtlikdir: "Gəldim, peşman deyiləm. Xəstələrə yardım edə bildiyim üçün özümü çox xoşbəxt hesab edirəm. Burada terapevtlər azdır və terapevtlərə çox böyük ehtiyac var. Doğrudur, həkimlər bir-birindən ayrılmır, işimiz eynidr. Sadəcə terapevtlər geniş profilli olduğu üçün daha çox ehtiyac var.

Evdəkilər könüllü olaraq müraciət etdiyim zaman heç bir etiraz bildirmədilər. Xasiyyətimə bələddirlər. Mən daima ön cəbhəyə atılan biri olduğum üçün, mənə dəstək oldular. Bu isə məndə ruh yüksəkliyinin yaranmasına səbəb oldu. Mənə elə gəlir, bu, bir müharibədi və biz ön cəbhəyə gəlmişik, hazırda vətənimizin ağır vaxtıdır. İndi gəlməsək, nə vaxt gələcəyik?

Aprelin 15-də yeni həkimlər gəldi, onlara da yeni prosesi başa saldıq. Aprelin sonunda mənim iş fəaliyyətimin vaxtı bitir. Lakin TƏBİB tərəfindən təkliflər oldu, yeni gələn həkimlərimizə iş prosesinin başa salınması, müalicə metodlarının davam etdirilməsi üçün bir təcrübəli həkim kimi mənim qalıb işləməyim məsləhət olundu. Təbii ki, ailəm üçün darıxıram, yoruluram. Amma bu, mənim missiyam və borcumdu. Sonuncu xəstəni evə göndərənədək burada işimi davam etdirəcəyimə özümə söz vermişəm.

Fikrimcə, koronavirus pandemiyası bizə mehribanlığı, dostluğu, bir-birimizə dəyər verməyi öyrətdi. Başa düşdük ki, ömür qısadır, insanlara yardım əli uzatmaq lazımdır. Hər birimizin bərabər olduğunu göstərdi. İnsanlar tanıyıram ki, işinə görə ailəsindən uzaq olurdu, pandemiya səbəbilə ailəsi ilə arasında bağ yarandı. Biz sadəcə iş haqqında fikirləşirdik. Bu müddətdə özümüzlə qaldıq, diqqətin, qayğının vacibliyini öyrəndik.

İnsanlara müraciətim odur ki, təmizliyə riayət etsinlər. Sosial məsafə qaydalarını qorusunlar. Maskalardan, dezinfeksiya edici məhsullardan istifadə etsinlər.

Biz özümüzü qəhərman hesab etmirik. Bu bizim peşə borcumuzdur. Hər zaman xəstələrə xidmət etmişik və buna davam edəcəyik. Bu müddət bitdikdən sonra bizdən də analiz götürüləcək. Analizi mənfi çıxanlar 14 gün izolyasiya olunacaqlar.

Nəticəsi müsbət çıxanları isə xəstəxanaya yerləşdirib, müalicə edəcəklər. Buraya, xüsusi geyimə o qədər öyrəşdim ki, qorxuram pandemiya dövrü bitdikdən sonra onun üçün çox darıxım. Gedəndə xahiş edəcəm ki, bir dəst mənə hədiyyə etsinlər. Darıxanda geyinim, yoxsa bir müddət xiffətini çəkəcəm..."


Müəllif: Aysel Azad

Oxşar xəbərlər