Ümumdünya Səhiyyə Təşkilatı koronavirus pandemiyasının qarşıdakı bir il ərzində həyatımızın mərkəzində olacağını açıqlayıb. Nə qədər qaydalar yumşaldısa, mübarizə tədbirləri aparılsa da, yaxın zamanda həyatımızı dəyişdirməyə məcburuq.
Millət vəkili Fazil Mustafa Teleqraf.com-un suallarını cavablandıraraq koronavirusun ölkəmizə təsirlərindən danışıb.
Müsahibəni təqdim edirik.
- Ötən gündən etibarən karantin qaydaları yumuşaldıldı. Sizcə, biz karantin rejimində istədiyimiz nəticəni əldə edə bilirikmi?
- Əlbəttə. Karantin rejimi nisbətən bu məsələnin həllinə köməklik göstərir. Bütövlükdə, əhalinin müəyyən hissəsi bu prosesə çox intizamla, anlayışla yanaşdı. Amma digər qismi hələ də məsələnin ciddiliyini qəbul etməyib. Buna görə də karantin ləğv olunduqdan sonra vəziyyət pisləşməyə doğru gedə bilər.
Dünən müşahidə etdim, hamı maskasızdır. Sanki hər şey qaydasındadır, çox rahatdılar. Azərbaycanda bu proses çox təhlükəli şəkildə geri qayıdacaq. Əhalinin bu davranışı çox böyük fəsadlara gətirib çıxaracaq. Buna görə də, açığı, bu rejimin faydalı olacağı düşüncəsində deyiləm. Birinci növbədə əhalinin davranışı, qaydalara necə əməl etməsi vacibdir.
- Sizcə, əhalinin vəziyyətə ciddi yanaşması üçün hansı tədbirlər görülməlidir?
- Hazırda tək şərt ciddi şəkildə tibbi maskaların taxılması ilə bağlıdır. Əsas cərimələr tibbi maska taxmayanlara yönəlməlidir. Əgər istehsal olunubsa, apteklər təmin olunubsa, qoruyucu vasitələrin müəyyən təbəqələrə pulsuz paylanması təmin edilibsə, bunu tətbiq etmək asan olacaq.
Apteklərdə maska tapılmasa, bunu əhalidən tələb etmək düzgün çıxmayacaq. Apteklər maskalarla təmin olunmalıdır ki, insanlara bəhanə qalmasın. Bundan sonra məsələnin həllində müsbət nəticələr ola bilər.
Bütün hallarda, fikrimcə, Azərbaycanda başqa ölkələrlə müqayisədə vəziyyət yaxşı olsa da, digər ölkələrin tempi ilə getməyimiz daha məsləhətdir. Çünki ayrıca bir ölkədəki vəziyyət məsələnin tam həlli sayılmır, əhatə varsa, təhlükə riski də var. Bunları nəzərə almalıyıq.
- Necə düşünürsünüz, Azərbaycan post-koronavirus dövrünə hansı səviyyədə hazırdır?
- Hər halda bu istiqamətdə hökümətin atdığı tədbirlər, gördüyü işlər var. Hesab edriəm ki, təkcə dövlətin hazırlığı yetərli deyil. Vətəndaşın da hazır olması vacibdir. Artıq bir az fərqli rejimdə yaşayacağıq. Müəyyən rituallarımızın dəyişməsinə ehtiyac var. Buraya bir-birimizə münasibətdən tutmuş, toy, yas və başqa ritualların hamısının dəyişməsi daxildir. Ticarət mərkəzlərində növbə gözləməyə alışmayan cəmiyyətin birdən-birə növbəyə durması asan deyil.
Bankların qarşısında maskasız, növbəsiz dayanıblar, heç bir ümumi qaydalarda buna alışmamışıq. Həmişə arxadan pul verib, növbədənkənar yer götürmüşük. Yaxud da hay-küylə, qışqırıqla, "mən səndən geri düşdüm" mübahisəsi etmişik. Hətta banklarda və ya ASAN xidmətdə növbə götürüb, sıra gözləmək ənənədirsə, bizdə heç nə dəyişmədi. Təhlükə buradadır.
Əgər əhali növbə gözləsə, səbr etsə, problem olmayacaq. Əsas problem bundadır. Bu, xüsusi müalicə, yaxud dezinfeksiya məsələsi deyil.
- Azərbaycan iqtisadi aktivliyin bərpası prosesini uğurla həyata keçirə biləcəkmi?
- Bu, cəmiyyətin dinamikası və hökümətin təşviq addımlarından asılıdır. Əgər bunu edə bilsələr, məncə, alınacaq.
- Sizcə, koronavirus bizə nəyi öyrədə bildi?
- Koranavirus hələ bizə çox şeyi öyrətməyib. Çünki koronavirusun başa çatmasını gözləyib, dərhal restoranlara axın etməyə, vərdişlərimizə davam etməyə çalışırıq. Bunun səbəbi isə özü üçün ayrılıqda məşğuliyyət tapmayan fərdlərin çoxluğudur. İnsanın özünə görə həyatda məşğuliyyət istiqamətləri olmalıdır. Bunu tapa bilməyəndə insan darıxmağa başlayır. Kitab oxuya bilməyən kəs evdə qala bilmir. Daim televizora baxan şəxs darıxır, küçəyə çıxmaq istəyir. Yaxud köhnə adətləri davam etdirməyə çalışırlar.
Adamlar var ki, ölüsünü dəfn edir, hər şey tamamlanıb. Gözləyir ki, 5 ay sonra yas mərasimi versin, camaat bir daha gəlib yemək yesin. Bu şüurda olan insan cəmiyyətində nəyinsə ciddi dəyişdiyini demək olmaz.