Ölkəmizdə martın 24-dən başlayaraq xüsusi karantin rejimi tətbiq edilib. Sonrakı mərhələlərdə karantin rejiminin sərtləşirilməsi həyata keçirildi. Aprelin 27-dən müəyyən yumuşaldılma tədbirlərinə başlanılıb. Sərtləşdirmə qaydaları ilk növbədə yoluxanların sayının sağalanlarının sayını bir neçə dəfə üstələməsi ilə bağlı idi. Həmin vaxt da bildirildi ki, yumuşaldılma tədbirləri sağalanların sayı yoluxma faizini kifayət qədər üstələdiyində tətbiq ediləcək.
Bunu Teleqraf.com-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib. O bildirib ki, karantin rejiminin yumuşaldılması da məhz bu amillə bağlı idi:
"Artıq müəyyən sahələrin fəaliyyətini davam etdirməsinə icazə verildi. Ölkə prezidenti cənab İlham Əliyev də söylədi ki, biz həkimlərlə məsləhətləşib, onların gəldiyi nəticələrdən çıxış edərək, şəraitə uyğun addım atırıq. Doğrudan da, yoluxma faizi kəskin azalacağı, sağalma faizi daha böyük rəqəmlərlə ifadə olunacağı təqdirdə, karantin rejimində ikinci mərhələ yumşaldılma tədbirlərindən söhbət gedə bilər.
Bu hal isə məhz hansı sahələrə bu şamil ediləcək, bu Nazirlər Kabineti yanında operativ qərargahın qərarı əsasında reallaşacaq".
Millət vəkilinin fikrincə, Azərbaycan dövlətinin və ölkə başçısının dünyanı cənginə alan koronavirus pandemiyasına qarşı mübarizə vəziyyətində atdığı ardıcıl və sistemli addımlar öz nəticəsini verib: "Azərbaycanın qarşısında bu prosesdən minimum itkilərlə çıxmaq kimi bir vəzifə var idi və bunu dövlət olaraq bacardıq. Təbii ki, bu vəziyyətdə arxayınlaşmaq olmaz. Hansı sahələrdə yumuşaldılma təbiq edilibsə, onlarda sosial məsafəni qorumaq, maska və əlcəkdən, dezinfeksiyaedici vasitələrdən istifadə etmək zəruridir. Hər gün yoluxma faizi aşağı düşdüyünün şahidi oluruq. Belə olduğu təqdirdə, istisna deyil ki, may ayının 4-dən daha geniş sahələri əhatə edən yüngülləşdirmə tədbirləri həyata keçirilsin. Lakin unutmaq olmaz ki, insanlar müəyyən mənada səhlənkarlıq etsə, məsuliyyətsiz yanaşsa, yenidən yoluxma sayı artacaq. Bu isə yenidən karantin rejiminin sərtləşdirilməsinə əsas verir. Hər şey insanların bundan sonra karantin rejiminin tələblərinə nə dərəcədə əməl etməsindən asılıdır".
Elman Nəsirovun sözlərinə görə, ölkə başçısının pandemiya şəraitində atdığı addımlar Ümumdünya Səhiyyə Təşkilatının rəhbərliyi səviyyəsində yüksək qiymətləndirilir: "Ölkəmizin bu sahədə gördüyü işlər nümunə kimi göstərilir. Dünən Avropa Yenidənqurma və İnkişaf Bankının rəhbəri Suna Çakraboti də Azərbaycan prezidenti ilə videokonfrans vasitəsilə reallaşdırılan görüşdə Azərbaycanın koronavirus pandemiyasına qarşı atdığı addımları yüksək qiymətləndirib. Xüsusilə də insanların sağlamlığının, səhhətinin qorunması ilə yanaşı, həm də onların sosial müdafiəsi istiqamətində görülən işləri dəyələndirib. Qətiyyən arxayınlaşmağa əsas yoxdur. Pandemiya dünyada var və bütün ölkələrdə tüğyan etməyə davam edir. Buna görə də məsuliyyətli olmalıyıq".