1 May 2020 11:33
483
12 Punto 14 Punto 16 Punto 18 Punto

Goranboy rayonunun Əlirzalı–Xan Qərvənd–Səfikürd–Tap Qaraqoyunlu avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma işlərinə start verilib.

Teleqraf.com xəbər verir ki, 31 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Əlirzalı–Xan Qərvənd–Səfikürd–Tap Qaraqoyunlu avtomobil yolunun tikintisi cəbhəyanı yaşayış məntəqəsi olan Tap Qaraqoyunlu kəndinə qədər və Xan Qərvənd kəndini əhatə edən istiqamət üzrə aparılır.

Sözügedən avtomobil yolu texnoloji ardıcıllığa uyğun olaraq 2 hərəkət zolağı enində IV texniki dərəcəyə uyğun yenidən qurulur.

Layihəyə uyğun olaraq yolun torpaq yatağının bərpası üçün yararsız qrunt müxtəlif dərinliklərdə qazılaraq çıxarılır, əvəzinə çınqıl qruntu tökülərək kipləşdirilir. Yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün yararlı qrunt tökülərək yayılır, yolun genişləndirilməsi işləri aparılır. Bundan başqa torpaq yatağı hazır olan hissələrdə yeni yol əsası inşa edilir. Yol əsasının alt layının tikintisi optimal qırmadaş, üst layının tikintisi isə qum-çınqıl qarışığı ilə aparılır.

Avtomobil yolunun altından suların ötürülməsini təmin etmək məqsədi ilə mövcud boruların yeniləri ilə əvəz olunması, zəruri yerlərdə yenilərinin inşa edilməsi layihədə nəzərdə tutulan işlərdəndir. Bu məqsədlə 2 yerdə düzbucaqlı su keçidlərinin, müxtəlif diametrli dəmir-beton su ötürücü boruların tikintisi işləri də aparılır.

Bu işlərin ardınca “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yolun asfaltlanması işlərinə başlanılacaq. Bunun üçün 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənəcək, yolun çiyin hissələri optimal-çınqıl materialı ilə bərkidiləcək.

Sözügedən yolun yenidən qurulması yol boyu yaşayan vətəndaşlarımızın rayon mərkəzinə, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu vasitəsi ilə respublikamızın istənilən istiqamətinə hərəkət etməsinə imkan yaratmaqla avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaradacaq, yük və sərnişin daşımasını asanlaşdıracaq, kənd təsərrüfatının inkişafına təkan verəcək, məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaradacaq.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər