Nazirlər Kabineti tərəfindən “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” təsdiq edilib.
Teleqraf.com xəbər verir ki, yeni qaydaya əsasən təhsilverənlər 5 ildə bir dəfə sertifikatlaşdırmadan keçirlər.
Bu məqsədlə Təhsil Nazirliyi tərəfindən Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası (7 üzv) yaradılır.
- Hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər), ilk dəfə işə qəbul olunanlar (5 (beş) il müddətində), azı 3 (üç) dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər sertifikatlaşdırmadan keçmirlər.
- Sertifikatlaşdırma 2 mərhələdən ibarət olacaq: test (60 sual/bal) və müsahibə (40 bal) mərhələsi. Test mərhələsindən keçid 30 bal, müsahibə mərhələsindən keçid 20 bal təşkil edəcək.
- Sertifikatlaşdırmadan keçmiş təhsilverənlər 5 il müddətində təhsil müəssisəsində pedaqoji fəaliyyətlə məşğul ola biləcəklər. Üzrlü səbəbdən sertifikatlaşdırmada iştirak etməyən və ya keçməyən şəxslər 1 il müddətində iş yeri saxlanılmaqla təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malik olacaqlar.
- Sertifikatlaşdırmanın nəticələri təhsilverənlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alınacaq.
- Sertifikatlaşdırma prosesi 2020/21-ci tədris ilindən başlayacaq.
- Sertifikatlaşdırma mərhələli qaydada həyata keçiriləcəkdir və təhsilverənlərə əvvəlcədən sertifikatlaşdırma ilə bağlı hazırlıq və təlimatlandırma imkanları yaradılacaqdır.
- Sertifikatlaşdırma ödənişsiz həyata keçiriləcəkdir.