Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) rəhbəri Helen Klarkın Azərbaycana səfəri başlayıb. Səfərin məqsədi qarşılıqlı maraq doğuran sahələrdə mövcud əməkdaşlığın dərinləşdirilməsi, eləcə də Azərbaycan və BMTİP arasında innovativ tərəfdaşlığın yeni imkanlarının tədqiq edilməsidir.
Teleqraf.com xəbər verir ki, BMT-nin İnkişaf Proqramı və Azərbaycan arasında strateji əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyini vurğulayan Helen Klark 2-3 oktyabr 2014-cü il tarixlərində keçiriləcək IV Bakı Beynəlxalq Humanitar Forumuna qatılacaq və tədbirin açılış mərasimində çıxış edəcək. BMTİP rəhbəri, həmçinin Sumqayıt şəhərini də ziyarət etməyi planlaşdırır.
O, BMTİP və Norveç hökumətinin birgə layihəsi çərçivəsində yaradılan SYSLAB Mərkəzi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən yaradılan və orta gəlirli, eləcə də aşağı gəlirli ölkələrlə bölüşmək üçün unikal bir təcrübəyə malik “ASAN Xidmət”lə tanış olacaq.
Qeyd edək ki, Helen Klark 2009-cu ilin aprel ayında Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) rəhbəri təyin olunub və təşkilatın ilk qadın rəhbəridir. O, həmçinin inkişaf məsələləri ilə məşğul olan bütün BMT fond, proqram və departament rəhbərlərinin daxil olduğu Birləşmiş Millətlər Təşkilatı İnkişaf Qrupunun sədridir.
İlhamə