29 sentyabr – 1 oktyabr tarixlərində Berlində “Cənubi Qafqazda davamlı şəhər inkişafı” mövzusunda beynəlxalq konfrans keçirilib. Almaniya İqtisadi İnkişaf və Əməkdaşlıq Nazirliyinin dəstəyi, Almaniya İnkişaf Bankının (KfW) təşkilatçılığı ilə keçirilən tədbirdə “Təmiz Şəhər” ASC də iştirak edib.
Konfransda müzakirə edilən əksər mövzular şəhərlərdə ətraf-mühitin qorunması, tullantıların idarə edilməsi sahəsində yaranan problemlərə həsr olunub. “Təmiz Şəhər”in şöbə müdiri Oqtay Məmmədov konfransdakı çıxışında Bakıda Bərk Məişət Tullantılarının Çeşidlənməsi və Bərk Məişət Tullantılarının Yandırılması zavodlarının fəaliyyət göstərdiyini bildirib.
Çeşidləmə zavodu məişət tullantılarını qarışıq şəkildə qəbul edir və onun tərkibində olan təkrar emala yararlı materiallar ayrılaraq emal sənayesinə yönləndirilir. Çeşidləmə prosesində təkrar xammal ümumi tullantı kütləsindən ayrıldıqdan sonra qalıq tullantılar yandırılmaq üçün Bərk Məişət Tullantılarının Yandırılması Zavoduna göndərilir.
Burada tullantılar yandırılaraq onlardan elektrik enerjisi əldə edilir. Tullantıların yandırılması zavodunum fəaliyyəti nəticəsində tullantı həcminin 10 dəfə azaldılması və 100 minədək evi elektriklə təmin edə biləcək enerjinin əldə edilməsi diqqətə çatdırıldı. Bərk Məişət Tullantılarının Yandırılması Zavodu nəinki regionda, hətta Şərqi Avropada ən müasir və ən böyük komplekslərdən hesab edilir.
Həmçinin, Azərbaycanda ilk tullantıların emalı üzrə ixtisaslaşan Balaxanı Sənaye Parkı layihəsi barədə də məlumat verilib.
Oqtay Məmmədov “Təmiz Şəhər”in müxtəlif aksiyalar və tədbirlərlə cəmiyyəti tullantıların idarə olunması sahəsində maarifləndirdiyini diqqətə çatdırıb.
Almaniyalı mütəxəssislər Cənubi Qafqazda “Təmiz Şəhər” ASC kimi müəssisələrin olmasını və səhmdar cəmiyyətin gördüyü işləri müsbət qiymətləndirib.