Xeyli müddətdir ki, Kamran Əliyevlə bərabər vətəndaş cəmiyyətinin nümayəndəsi olaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə yaxından əməkdaşlıq edirik. O, peşəkar hüquqşünas və öz işini dərindən bilən biridir. Kamran Əliyev prokurorluq sisteminin bütün tunellərindən öz zəhmətilə keçib. Həmçinin, bu müddətdə elmi işlə də məşğul olub, hüquq üzrə fəlsəfə doktorudur. O, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi rəhbəri vəzifəsində çalışarkən bütün innovativ həlləri tapmağa çalışıb. Bütün proses yüksək və şəffaflıqla həyata keçirilib. Eyni zamanda korrupsiyaya karşı yeni üsul və alətlərin tətbiqində vətəndaş cəmiyyəti ilə əməkdaşlığın tərəfdarıdır.
Bu fikirləri yeni Baş Prokuror Kamran Əliyev haqqında Teleqraf.com-a açıqlamasında Əfv Komissiyasının üzvü, hüquqşünas Əliməmməd Nuriyev deyib.
O, hesab edir ki, Kamran Əliyevin bu vəzifəyə seçilməsi ən uğurlu təyinatlardan biridir:
"O, bu sistemin prioritetlərini gözəl bilir. Kamran Əliyev dövlətinə və xalqına sədaqətli insandır, bu, çox vacib və əhəmiyyətli məsələdir. Düşünürəm ki, cənab Prezident İlham Əliyevin bu yüksək etimadını Kamran Əliyev doğrultmaq imkanlarına malikdir və doğruldacaqdır. Prokurorluq sistemində islahatlar davam edəcək, dərinləşəcək. Ən mühüm istiqamət olan korrupsiyaya qarşı mübarizə prosesi daha da genişlənəcək. Xüsusilə də hazırkı zamanda bu, çox vacib prioritetlərdən biridir. Onun qarşısında əsas vəzifələrdən biri kadr islahatlarının davam edib, dərinləşməsi, təcrübənin bölüşdürülməsi istiqamətindədir. Həm də innovasiyaların tətbiqi ilə bağlı rüşvətə və korrupsiyaya yer olmamalıdır. Rüşvətə və korrupsiyaya qarşı mübarizənin əsas alətlərindən biri Azərbaycanda Baş prokuror yanında Korrupsiyaya qarşı Baş mübarizə İdarəsidir. Cinayəkarlığa qarşı mübarizə, xüsusilə də dövlətin sabitliyində, iqtisadi islahatların dərinləşməsi istiqamətində fəaliyyətlərdən mühüm hissəsi prokurorluğun üzərinə düşür. Ötən gün Kamran Əliyevin dövlət başçısı ilə görüşündə də bu proseslər geniş müzakirə olundu. İnanıram ki, Kamran Əliyev yüksək peşəkarlığı, mənəviyyatı, yeniliyə meyilliliyi, çağırışlara cavab vermək imkanına malik olması, qabiliyyəti ilə ona göstərilən etimadı doğruldacaqdır".
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru, hüquq müdafiəçisi Çingiz Qənizadə də yeni Baş prokuror Kamran Əliyevin bu vəzifəyə layiq görülməsini ən uğurlu təyinatlardan biri hesab edir:
"Mən Kamran Əliyevi uzun illərdir tanıyıram. Onunla parlamentdə Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin 10 il üzvü olarkən əməkdaşlıq etmişik. Kamran Əliyev müasir dövrün tələblərinə cavab verəcək saf, təmiz, qətiyyətli, dövlətinə sadiq və hüquq pozuntularına qarşı barışmaz bir mövqe nümayiş etdirən əsl professional prokurorluq işçisidir. Qeyd edim ki, cənab Prezident də bu təyinat zamanı bildirdi ki, hüquq mühafizə oqranlarında islahatlar getməli, davam etdirilməlidir. Bu islahatlar keçmiş Baş prokuror Zakir Qaralovun dövründə prokurorluq orqanlarında artıq başlamışdı. Gənc kadrların işə cəlb edilib, irəli çəkilməsi, işə qəbuul olunması şəffaf şəkildə prokurorluq orqanlarında çox ciddi nizam intizamla yaradılıb. Ümid edirəm ki, Kamran Əliyev bu işi daha da güclü davam etdirəcək,.ölkə başçısının qoyduğu tələbləri uğurla başa çatdıracadır. Bu günün tələblərinə uyğun olaraq prokurorluq orqanlarında islahatların aparılması davam edəcək. Bu vəzifəyə Kamran Əliyevdən layiq kadr görmürdüm. Ona uğurlar arzu edirəm".