Fərdi tədris və repetitor xidmətləri ilə bağlı təlimat qaydaları hazırlanıb.
Teleqraf.com xəbər verir ki, qaydalarda onlayn tədris prosesinə üstünlük verilməsi qeyd olunub.
Bildirilir ki, fərdi tədris və repetitor xidmətləri zamanı tədris prosesi yaxşı havalandırılan otaqda keçirilməlidir. Tədris vaxtı tibbi maskadan istifadə etmək məcburidir. Tədris vaxtı sosial məsafənin qorunmağı zəruridir (bir metrdən az olmamaq şərti ilə).
Dərs vəsaitləri ortaq istifadə edilməməli, şəxsi gigiyena qaydalarına ciddi riayət olunmalı, hər qrup arasında minimum 15 dəqiqə fasilə olmalıdır və fasilə zamanı otaq havalandırılmalıdır.
Həmçinin kitab, qəzet və dəftərxana mallarının satış qaydaları da təsdiqlənib. Belə ki, onlayn satışlara üstünlük verilməlidir. Kitabxana və bu tipli müəssisələrin oxu zalları istifadəyə verilməməli, bu tip müəssisələrdə kontaminasiyanın qarşısının alınması məqsədi ilə əhalinin özünə xidməti məhdudlaşdırılmalıdır.
Əhaliyə xidmət göstərən personal fərdi qoruyucu vasitələr ilə təmin olunmalı, müəssisəyə fərdi qoruyucu vasitələri ilə daxil olunmalıdır. Çıxışlarda əlcək və maskaların utilizasiyası üçün xüsusi konteynerlər yerləşdirilməlidir. İşlənmiş fərdi qoruyucu vasitələrin atılması tibbi tullantıların utilizasiyası qaydasına uyğun icra edilməlidir.