3 May 2020 14:04
922
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin dəfələrlə müraciətində üç məsələni daim qabarıq şəkildə hər bir məmura, Azərbaycan vətəndaşına çatdırıb. Bunlar Azərbaycanın suverenliyinin, müstəqilliyinin qorunması, hər bir vətəndaşın təhlükəsizliyi və onun rifahı ilə bağlıdır. Məhz son zamanlarda Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatlarda da əsas məram və məqam ondan ibarətdir ki, Azərbaycan vətəndaşlarının rifahına müdaxilə olarsa, belə vəziyyətdə həssas təbəqənin haqqına toxunularsa, bu istiqamətdə çox ciddi tədbirlər görüləcəkdir.

Bunu Teleqraf.com-a açıqlamasında millət vəkili Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, ölkə başçısı yeni təyin olunmuş Baş prokuror Kamran Əliyevlə aparılan söhbət zamanı bir daha bu məsələni qabartdı: "Hər bir Azərbaycan vətəndaşının, eyni zamanda hər bir məmurun qanun qarşısında eyni şəkildə cavab verəcəyini dəfələrlə qeyd etdi. Məlum məsələdir, müxtəlif məmurlar öz çirkin əməllərini həyata keçirməkdədir. Çox təssüflər olsun ki,həmin şəxslər tövsiyələrdən özləri üçün müvafiq nəticələr çıxarmır. Ölkə başçısı hər bir məmurun təyinatı zamanı onunla söhbətlər aparır, qarşısında ilk növbədə Azərbaycan vətəndaşının xidmətində durmaq, onların problemləri ilə daim məşğul olmaq, öz məmur statusunu qorumaq və bundan sui-istifadə etməmək kimi məsələləri qoyur. Dəfələrlə prezident çıxışında öz vəzifəsinin Azərbaycan xalqına xidmət etmək üçün olduğunu qeyd edib".

Millət vəkili qeyd edib ki, DTX alınan məlumatları tam şəkildə yoxladıqdan sonra bu əməliyyatlara başlayıb: "Biləsuvar, Ağstafa, Goranboy və Yevlax icra başçısının, İsmayıllıda nümayəndənin həbsi, Neftçala əməliyyatı, bunların hamısının hansı sonluqla nəticələndiyi göz qabağındadır. Hər birində məmur özbaşınalığı, öz nəfsinə hakim kəsilməmək və bu proseslərdə verilən tövsiyələri yerinə yetirməmək ən qabarıq şəkildə özünü göstərdi. Zəhmətsiz gəlir, kasıb təbəqənin haqqına girmək, qanunları pozmaq kimi əsas məsələlər gündəmə gəldi. Bu da icra başçılarının həbsinə gətirib çıxardı və Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi açılıb".

Arzu Nağıyev bildirib ki, məmur xalqın haqqına girirsə, vəzifəsində sui-istifadə edirsə, bu, heç cür bağışlana bilməz: "Müəyyən fondlar, dövlət tərəfindən göndərilən ərzaq payına göz dikilir. Verilən tapşırıqları yerinə yetirmədən, öz şəxsi mənafeyini güdmək yenilik deyil. Prezident, dövlət və dövlətçilik məramını həyata keçirən hər bir şəxs öz vətəndaşının yanındadır. Buna görə də Azərbaycan vətəndaşı videogörüntüləri, "səcdə etdikləri" məmurların hansı oyunbazlıqlardan, hansı cinayətlərdən çıxdığını bir daha görməlidir. Hər bir vətəndaş belə məsələlərdə həm dövlətin, həm Azərbaycan prezidentinin, həm də hüquq mühafizə orqanlarının yanında olmalıdır".

Burada təkcə icra başçılarından söhbət getmədiyini bildirən millət vəkili prezidentin hər bir vəzifəyə təyinatdan öncə və ya sonra həmin məmurlarla görüş keçirdiyindən söz açıb: "Karantin rejiminə görə dövlət başçısı hər dəfə eyni tövsiyələri verir. Çox təəssüflər olsun ki, bu şəxslər vəzifəyə oturduqdan sonra sanki bu vəzifənin dövlət tərəfindən deyil, hər hansı göydəndüşmə vəzifə sayaraq, öz bildiklərini etməyə çalışırlar. Sonu isə belə acınacaqlı nəticələnir. Dövlət başçısı hətta yüksək məmurların işlədiyi dövlət strukturlarında da bu proseslərin baş verdiyini qeyd etdi. Düşünürəm ki, hər bir şəxs bundan nəticə çıxarmalı və acı sonluğu gözünün qarşısına gətirməlidir. Ölkədə prezidentin başlatdığı islahatlar bütün hüquq mühafizə orqanlarına və sahibkarlara sirayət edib. Hər kəs məsuliyyətli olmalıdır, oturduğu kreslodan sui-istifadə etməməlidir. Bu prosesdə vətəndaşlarımız da daim hüquq mühafizə orqanları ilə əlaqəli olmalıdır. Ölkə başçısının da qeyd etdiyi kimi, həmişə şəffaflıq olmalıdır".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər