1 Oktyabr 2014 20:53
976
12 Punto 14 Punto 16 Punto 18 Punto

3530 kiloqram keyfiyyətsiz balın satışı qadağan olunub

Bu gün Bakı şəhəri, Nizami küçəsi, 92 ünvanda (metronun “28 May” stansiyasının yaxınlığında, keçmiş “Ayaqqabı fabriki”nin binası) arıçılıq məhsullarının növbəti respublika sərgi-satış yarmarkası açılıb.

Kənd Təsərrüfatı Nazirliyindən teleqraf.com-a daxil olan məlumata görə, kənd təsərrüfatı naziri Heydər Əsədov yarmarkaya gələrək burada yaradılan şəraitlə tanış olub, bal istehsalçıları və alıçılarla söhbət edib, balın keyfiyyəti və qiyməti ilə maraqlanıb, ölkəmizdə arıçılığın inkişafı ilə bağlı məsləhət və tövsiyələrini verib.
Kənd təsərrüfatı naziri Heydər Əsədov jurnalistlərə müsahibəsində bildirdi ki, “Arıçılıq haqqında” Qanuna əsasən hər il keçirilən yarmarka artıq ənənəyə çevrilib. Bakı sakinlərində böyük maraq doğuran sərgi-satış yarmarkasının məqsədi ölkəmizdə arıçılığı təbliğ etmək, onu geniş yaymaq və inkişaf etdirmək, təcrübə mübadiləsi aparmaq və arıçılıq məhsullarının ixracı üçün yollar axtarmaqdır. Ənənəvi olaraq keçirilən yarmarkalarda cari ildə şəffaflığın təmin edilməsi və məhsulun keyfiyyətinə maksimum dərəcədə nəzarət olunmasının təmin edilməsi məqsədilə bir çox yeniliklər tətbiq edilib. Belə ki, yarmarkaya ancaq öz arıxanalarını müvafiq rayon baytarlıq idarələrində qeydiyyatdan keçməklə arıxananın qeydiyyat pasportunu əldə etmiş və zona baytarlıq laboratoriyalarında məhsullarını müayinə etdirərək müsbət cavablar almış arıçılar buraxılıb.
Nazir diqqətə çatdırıb ki, yarmarkaya çıxarılan məhsullar sentyabrın 10-dan xüsusi mühafizə edilən anbarlara toplanıb və respublika baytarlıq laboratoriyasına gizli kodla müayinəyə cəlb edilib. Müayinələrin nəticəsinə görə normativ tələblərə cavab verməyən məhsul gətirmiş 8 arıçı yarmarkaya buraxılmayıb və 3530 kiloqram (kq) keyfiyyətsiz balın satışına icazə verilməyib. Yarmarkanın keçirildiyi ərazidə video müşahidə təmin edilib ki, bunun vasitəsilə yarmarka sutka ərzində onlayn rejimdə nazirlik tərəfindən izlənilir.

Heydər Əsədov bildirib ki, sentyabrın 29-da arıçılığa həsr edilmiş seminar keçirilib və arıçılıq sahəsində mövcud çətinliklər, damazlıq işləri, arıçılıq məhsullarının marketinqi və s. məsələlər müzakirə edilib. Yarmarkada Naxçıvan MR və respublikanın 40 rayonundan 438 nəfər arıçı iştirak edir və 190 ton bal, 500 kq çiçək tozu, 200 kq güləm, 5 kq arı südü və 150 kq vərəmum satışa çıxarılıb. Arıçılıq sahəsində beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə Qırğızıstanda istehsal edilmiş arıçılıq məhsullarının da satışına yarmarkada şərait yaradılıb.

Yarmarka oktyabrın 30-dək davam edəcək.

SEVİL


Müəllif:

Oxşar xəbərlər