Görəsən isti şokolad içməyi qadın və uşaqlara nə üçün qadağan ediblər? Xristofor Kolumba nəyə görə kakao dənələri hədiyyə ediblər? Kilsə və xristian aləmində şokolad nə üçün mübahisə obyektinə çevrilmişdi? Aztek Kralı Montezumaya isti şokoladı nəyin içində içirdi?
Bu və digər sualları cavablamaq üçün Teleqraf.com Azərbaycan milli kulinariya assosiasiyasının idarə heyətinin üzvü, Ukrayna Kulinarlar Birliyinin üzvü , Türkiyə Şef Aşcilar Dərnəyinin Azərbaycan təmsilçisi, beynəlxalq münsif, qida texnoloqu Ağa Salamovun məqaləsini təqdim edir.
Şokolad hündürlüyü 4-8 metrə çatacaq kakao ağacının meyvəsindən, qovrulmuş kakao dənələrindən hazırlanır və kakao ağacı 4 yaşında, ildə iki dəfə bar verir. Bir meyvənin içində hər biri hardasa 2,5 sm boyunda 20-40 əd kakao dənəsi olur. Adı Azteclərin Nahuati dilindəki "tchocolati" sözündən gəlir. Həmçinin Mayyaların səs küy anlamına gələn "choco" və su anlamına gələn "ati" sözlərinin birləşməsi olan bu sözü, maye halında olan şokoladı qaynar su dolu qabın üstündə, köpüklənməsi üçün qarışdırarkən çıxan səsləri ifadə etmək üçün, istifadə etdikləri "xocoati" dən götürüblər.
Antik dövrlərdə şokolada "teobrama", yəni "Tanrıların içkisi" də deyilirdi. Amerika kəşf edilməmişdən öncə kakao dənələri o qədər dəyərli idi ki,pul əvəzinə istifadə olunurdu. Beləki 3 kakao dənəsinə bir hinduşka yumurtası, 10 kakao dənəsinə bir dovşan, 100 kakao dənəsinə bir qul satın almaq olardı. 1502 ci ildə Xristofor Kolumb,Santa Maria adlı gəmisi ilə Nikaraqua torpaqlarına yaxınlaşdığında yerlilərin başçısı bir kölgəlik də günəşdən qorunmaq üçün uzanmışdı. O Xristofor Kolumbu da yanına dəvət edib ona misdən hazırlanmış əşyalar və kakao toxumları hədiyyə etdi. Ancaq Xristofor Kolumb, kakao dənələrinin nə qədər qiymətli olduğunu başa düşməmişdi.
1519-cu ildə Hemando Cortes yerlilərin əlindən ilk isti, köpüklü şokoladı, Aztek Kralı Montezumaya (1440-1469) təqdim olunduğu kimi, yəni qızıl örtüklü tısbağa çanağında içib və inanılmaz dərəcədə dadlı olduğunu hiss etdi. Ondan sonra oda Kral kimi, tanrıların içkisindən hər gün 50 çanaq içməyə başladı. Beynəlxalq şokolad tarixinə gəlincə, 1528-ci ildə İspan gəmiləri qızıl dolu kisələrlə yanaşı kakao dolu kisələrdə daşımağa başlamışdılar və beynəlxalq şokolad tarixi də elə bu illərə təsadüf edib. Təbii isti şokoladın dadı acı olduğu üçün uşaq və xanımlara qadağan olunmuşdu. Bu işlə məşğul olan ticarətçilər Meksikada 17-ci əsrdə elə bir resept hazırladılar ki, bu yeni məhsulu dadan adam, bu içkinin aludəçisi olurdu. İçinə vanil, portağal çiçəyi və müşk otu əlavə edilmiş isti şokolad içkisi İspaniyada çox qısa zamanda yayıldı. Kral V.Carlos şokolad üzərində inhisar qurmaq məcburiyyətində qaldı.
Tələb xüsusilə aristokrat xanımlar tərəfindən canlanırdı. İki saatdan bir böyük bir fincanda şokolad içmək, qadınlar arasında ənənə halına çevrilmişdi. Onların şokolad düşkünlüyü o dərəcəyə çatmışdı ki,hətta dini ayinlər də belə şokolad içmədən dayana bilmirdilər. Kilsə rəhbərliyi belə,çarəsiz qalırdı və bir sözlə şokolad katolik dünyasında böyük mübahisələrə səbəb olmuşdu. Orucluq vaxtı yemək yeməkdən məhrum olan bu insanlara , içki də qadağan olmuşdur. Şokoladın yemək və ya içki olduğu haqqında mübahisələr 1636 cı ilədək davam etdi. Bununla belə keşişlər şokolad biznesini baltalamaq niyyətində də olmadıqları üçün, şokoladın içki olduğuna da qərar verildi.
18-ci əsrdə şokolad bütün Avropaya yayıldı və bir kiloqram şokoladın qiyməti bir işçinin dörd günlük maaşına bərabər idi. 18-ci əsrin sonlarında ilk şokolad fabriki 1780 cı ildə Bayonne də (Fransa) açıldı. 1828-ci ildə Van Houten şokolad tozu üçün patentini aldı. 1847 ci ildə Fry şirkəti ilk şokolad barını açdı.1869-cu ildə Noisiel də (Fransa) dünyanın ən böyük şokolad fabriki açıldı. Sonra Henri Nestle 1867 ci ildə fabrikini açdı. 1876 cı ildə İsveçrəli Daniel Peter, şokolada süd qataraq fərqli bir qarışıq əldə etdi. Sonra bu icadını İsveçrədə "Nestle" firmasına verdi və bu şokolad fabriki ilə gördüyü işlər nəticəsində ortaya inanılmaz bir ləzzət çıxdı - "Südlü Şokolad". Beləliklə "Nestle" südlü şokolad istehsal edən ilk firma olaraq adını tarixə yazmış oldu.
Hansı şokolad daha faydalıdır?
Təmiz kakaodan hazırlanan,hazırlanma prosesində içinə trans yağlar,rafinə olunmuş karbohidratlar və kimyəvi qatqılar qatılmayan tünd, acı şokoladlar.
Şokoladın istehsalının əsas tərkib hissəsi olan kakao, faydalı qida maddələri ilə zəngin olan təbii bir möcüzədir. Tərkibində bol minerallar (maqnezium, sink, dəmir, manqan, kalsium, mis, kükürd, kalium) və vitaminlərdən (B1, B2, B3, B5, B8 və E) vitaminləri var.
Şokoladın faydaları
1. Hamıya məlumdur ki, tünd şokolad xoşbəxtlik hormonunun ifrazını artırır, həmçinin stress atmaqda və beyinin dincəlməsinə də kömək olur. Hər gün az miqdarda tünd şokolad yemək sinir sisteminə də faydalı olur.
2. Məlum olduğu kimi kakao ən güclü antioksidant sayılır.Tünd şokoladlarda kakao çox olduğuna görə antioksidant təsirə malikdir.
Dad alma fiziologiyasında şokolad
1. İlk olaraq onu unutmayın ki təmiz şokoladın dadı ağızda 45 dəqiqə qalır.
2. Burnunuzu əlinizlə sıxın, ağzınıza bir şokolad parçası atın və dilinizdə buraxdığı ləzzətləri ayırmağa çalışın. Şokolad ağzınızda əriyəndən sonra əlinizi burnunuzdan götürün, ağzınızdan dərin bir nəfəs alın və burnunuzdan buraxın. Beləliklə, burnunuzda şokaladın qoxusunu və fərqli aromalarını daha da çox hiss edəcəksiniz və bu günə qədər almadığınız fərqli şokolad ləzzətini tapacaqsınız.
3. Yaxşı şokoladı yeyərkən ağızda yağ dadı hiss olunmamalıdır.Əgər yağ dadı hiss edirsinizsə, bu o deməkdir ki, kakao yağı ilə yanaşı bitki yağı da (palma) istifadə olunub.
4. Keyfiyyətli bir şokolad, kakao yağı ilə hazırlanır. Kakao yağı bədən istiliyində 36.5 əriyən yağdır.