Şair-esseist Qismət Rüstəmovun Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- Çağdaş ədəbi mühitimizdəki mövcud vəziyyət haqda fikriniz nədir: üstünlüyümüz və problemlərimiz nədən ibarətdir?
- Çağdaş ədəbi mühitimizdəki vəziyyət böyük bir simulyasiyadan və anaxronizmdən ibarətdir. Adda-budda proqressiv, əhəmiyyətli nəsə baş verir, ümumən isə vəziyyət çox pisdir. 2000-ci illərin başından bu yana xırda-para qazanclarımız olub, tutalım, bir-iki kitab şəbəkəsi yaranıb, xarici ədəbiyyatla tanış olmaq imkanımız intensivləşib, uzunömürlü olmayan book-kafe açmaq cəhdləri var, fərdi təşəbbüslə xaricdən kitab gətirən şəbəkələr ortaya çıxıb, bir neçə sayt yaranıb, “Ədəbiyyat qəzeti” müstəqillik illərindən bu yana ilk dəfə qapı-pəncərəsini bu qədər cəmiyyətin üzünə açıb.
Amma mən xırda təsəllilərlə xumarlanan xarakter də deyiləm, bunlar normal mədəni səviyyəsi olan ölkələrin 100 il qabaq həll etdiyi məsələlərdir. Problemlərimizlə bağlı dəftər-dəftər qeydlərim var, bir neçəsindən danışaq.
- Zəhmət olmasa...
- Çox düşünmüşəm, məncə, bizim cəmiyyətdə ən təntənəli, yaddaşa ən çox hopan, arxetipləşən, az qala, gizli-aşkar şəkildə bütün əməllərimizə istiqamət verən əsas aktiv kultlarımız toylardakı – bəy tərifi, yaslardakı – mərsiyədir. Toy və yas mərasimləri həyatında kitaba yer olmayan sadə insanın sıravi məişət dilindən fərqli dilə, başqa cür sözə ehtiyac duyduğu kütləvi yerlərdir. Övlad evləndirirsənsə, yaxşı toy aparan, məclisi ələ alan, bəyi igidlikdə Nəbiylə, gəlini qoçaqlıqda Həcərlə müqayisə edən şirindil bir adama ehtiyac var. Evlərdən iraq, yasın düşübsə, ölünü ürəkdən ağlayan bir mərsiyəxan lazımdır. Faktiki olaraq bir medalın iki üzü olan bu kultların mərkəzində eyni şey dayanır: Tərif – toyda əylənə-əylənə, yasda ağlaya-ağlaya tərifləmək.
Biz düşüncənin folklor qatından, təfəkkürün etnoqrafik mahiyyətindən uzaqlaşa bilmirik deyə, məişət düşüncəmizin iliyinə qədər işləyən bu ”tərif” kultu daha böyük kontekstə sıçrayanda, libasını nə qədər dəyişir-dəyişsin, qabaqcıl ölkələrdə ancaq özfəaliyyət səviyyəsində qəbul edilən əyalət modelləri şəklinə düşür. Nə baş verir? Kritik rasionalizm kənara atıldığı üçün toy və yas mərasimlərindən ədəbi meyarlarımıza, televiziya proqramlarımıza sıçrayan “ağlağan-güləyən tərif” kultu ayrı-seçkilik doğuran “biz və özgələr” halına düşür: Yazıçılar Birliyinin üzvü olan bütün qocalar dahidir, sənətkardır, toxunulmazdır, bəyənməyən cavanlar avaradır, yaramazdır, tərbiyəsizdir; televiziyalarımıza baxın, çox az faizini çıxmaqla, bütün ədəbiyyat, sənət verilişləri ya xalçalı-kilimli fonda muğam triosunun müşayətilə qurulan, açıq, yaxud altdan-alta Avropanı danlayıb özümüzə “bəy tərifi” dediyimiz toyxana söhbətləridir, ya da dünyasını dəyişmiş sənət adamları haqqında övladlarının, dostlarının xatirə danışdığı, şərti olaraq “yadigarlar” adlandıra biləcəyimiz, yasxana kultundan gəlmə verilişlər.
Bizim kimi dünyanın və özünün bu günündən danışmamaq üçün əlindən gələni edən ikinci millət yoxdur.
Yenə zəruri qeyd: söhbət tərifin, təqdirin inkar edilməsindən yox, onun bizdə əyalətli xarakterli yeganə ölçü olmasından gedir.
- Yazıçılar Birliyindən söz düşmüşkən, bu qurumu belə kəskin tənqidlərə məruz qoyan amil nədir?
- Kreslo qırsaqqızı qocalar getsə, bəlkə nəsə düzəldi, açığı anaxronizmin qalası olan AYB bir qurum kimi mənim üçün maraqlı deyil. Mənim AYB-də olan azsaylı konkret şəxslərə hörmətim var.
- Bəs bundan kənardakı ədəbi mühit – burada bizi dünyaya çatdıra biləcək bir proses hiss olunurmu?
- Dünyadan nəyi götürə bilsək, qazancımız, dünyaya nəyi ötürə bilsək, baş ucalığımızdır. Proses heç vaxt dayanmır, amma onun tempi və xarakteri ürəkaçan deyil.
- Ümumiyyətlə bu gün dünya ədəbiyyatında tendensiya nədən ibarətdir, hansı istiqamətə yönəlib, nədən yazırlar?
- Bu elə geniş spektr deməkdir ki, orda vahid, mütləq bircə tendensiyadan yox, tendensiyalardan danışmaq olar. Nəzərə alın ki, indi deyəcəklərim dünyadakı tendensiyaların heç mində birini də əhatə etmir, amma cəhd edək.
İndi dünyada feminist hərəkatların, LGTB yürüşlərinin təsiri nəticəsində aktuallaşan “queer” (“kvir” kimi oxunur, mənası “qəribə, əndrabadi”dir) nəzəriyyəsi dəbdədir, bu çətir altında heteroseksual olmayan sənətçilərin yaradıcılığı təhlil edilir. Bu sənət nümunələrinin içində uğurlu, həqiqi sənət nümunələri də var, məsələn, Janet Vintersonun romanları, Cudit Batlerin araşdırmaları hörmətə layiqdir, amma konyuktura da çoxdur. Həmişə belə olub: ideoloji hiddət estetik meyarları üstələyəndə konyuktura alınır.
Çox radikal bir nümunə deyim: feminizmlə transhumanizmin kəsişməsində qəribə instalyasiyalar, spekulyativ işlər görən Meri Mecik (Mary Maggic – Housewives Making Drugs) adlı bir sənətçi var. Özünü non-binar sənətçi hesab edir, yəni qadın-kişi, gecə-gündüz, ağ-qara kimi ikili ziddiyətlərdən kənar düşünən sənətçi. Onun “Evdar qadınlar narkotik düzəldir” adlı bir işi var. Konsept budur ki, rəsmi kişi – mərkəzçi patriarxal düşüncə qadını mətbəxə məhkum edib, biz də inqilaba burdan başlamalıyıq, mətbəxdə müxtəlif hormonal maddələr vasitələr düzəldib özümüzə tətbiq edəcəyik, qoy bilsinlər ki, öz bədənimizin üstündəki hakimiyyət özümüzə aiddir.
Bizdə transhumanizmi, post-humanizmi əyalət səviyyəli metafizikayla şərh edirlər, gülməli alınır. Bu, tamamilə texnoloji və mahiyyətcə anti-metafizik sahədir.
Yeni əsrdə əksər sənət növlərində interdisiplinar (təlimlərarası), multi-linqvistik (çoxdilli), interaktiv metodlar çox aktuallaşıb. “Yeni media sənəti”, yaxud “Elektron sənət” deyilən istiqamətlər günü-gündən artır. Bugünün sənəti artıq təkcə kağız-qələmlə, yaxud fırça-boyayla yaradılmır, yeni əsrin avanqard sənətçiləri ya özləri kompüterdə müəyyən kodlar vasitəsilə alqoritmlər, aplikasiyalar yazırlar, ya da bu proqramları sifariş edib öz işlərinə tətbiq edirlər.
Burda istiqamətlər hədsiz çoxdur, tutalım, “Yeni media şeiri” deyilən istiqamət var, bir xeyli də alt qrupları mövcuddur. Bundan başqa mən mütəmadi şəkildə Tomas Eliotun adına verilən poeziya mükafatını izləyirəm. Bu, mükafat idealist yönümlü novator şairlərə verilir, tutalım, sonuncu qalibi “Portativ cənnət” kitabıyla Rocer Robinsondur. Derek Uolkottdan sonra Karib əsilli ikinci şairdir ki, bu mükafatı qazanır. Onun bir xeyli şeirini oxudum və performanslarını izlədim, özünəməxsus adamdır. “Dub poetry” deyilən istiqamətin təmsilçisidir, burda şair əvvəldən yazdığı şeirləri reggi ritmləri üstündə deklamasiya edir.
Bir neçə ildir bizim poeziyada heç vaxt işlənməmiş yeni ədəbi formalardan istifadə edərək şeirlər yazıram, ürəyimə yatanları bir manifest və şərhlərlə birlikdə çap etdirməyi düşünürəm.
Çağdaş dünyada “konseptual sənət” və “performativ sənət” çox aktualdır. Burada yüzlərlə metoddan, fənddən istifadə edilir, tutalım, son illərdə, təxminən, “peşakar xamlıq” kimi ifadə edə biləcəyimiz meyl daha qabarıq görünür. Qəsdən işlənməmiş, filtrasiya olunmamış, həvəskar kimi görünən işlər yaratmaq, spontanlıq, səhvi bilə-bilə düzəltməmək – bu kimi şeylərlə xeyli sənətçi dokumental realizm ilə fiktiv realizm arasındakı sərhədi götürmək istəyir və bunu etmək üçün psevdo-dokumentalistika janrına müraciət edirlər.
- Yəni sənət də yeni əsrin tələbləri və şərtlərinə uyğunlaşır...
- XXI əsrdə sənət də qaçılmaz şəkildə yeni texnologiyalarla bağlı olacaq, bunu nəzərə almayan istənilən iş avtomatik anarxronizmə yuvarlanacaq. Bizim üçün problem yoxdur, çünki bu söhbətlərin heç həndəvərində də deyilik, burda söhbət “bugün qəzetdə çıxsın, sabah sayta qoyaq” mərhələsindədir.
Başqa bir nümunəyə baxaq. Çağdaş dövrdə ən maraqla izlədiyim sənətçi Sofi Kalldır. Xanım Kall neçə illərdir olduqca maraqlı və cəsarətli konseptual işlər görür. Məsələn, “Detektiv” adlı işində anasından xahiş edir ki, bir detektiv tutub onu izlətdirsin, kənardan hər biri hərəkətini qeydə aldırsın, amma detektiv bilmir ki, Kallın bundan xəbəri var. Sonradan Sofi onu izləyən detektivin çəkdiyi fotoları və yazdığı raportu sərgiləyir.
Yaxud “Kaliforniyaya səyahət” adlı bir başqa konseptual işində bir fanatı Sofiyə məktub yazır ki, depressiyadayam, ən böyük arzum sənin çarpayında yatmaqdır. Kall öz çarpayısını Kaliforniyaya göndərir və altı ay boyunca həmin adamla əlaqə saxlayıb təəssüratlarını soruşur. Başqa son dərəcə maraqlı işlərindən biri “Adres dəftəri” adlanır. Sənətçi bir adres dəftəri tapır və onu sahibinə qaytarmamışdan qabaq bütün səhifələrini kseroks edir, sonra siyahıdakı bütün nömrələrə zəng vurub dəftərin sahibini təsvir etməklərini istəyir, cavablara əsasən dəftər sahibinin portretini çəkir.
Amma yəqin ki, sənətçinin ən çox rezonans doğuran işi “Özünə yaxşı bax” adlı projesidir. Sevgilisindən ayrılıq məktubu alan sənətçi həmin mətni 107 qadına göndərərək xahiş edir ki, bunu necə istəyirsiniz şərh edin, şair şeir yazsın, rəqqas bununla rəqs etsin, bəstəkar mahnı bəstələsin, onunla selfi çəkdirin, onu mənim üçün anlamağa çalışın. Nəticədə bir ayrılıq məktubuna verilmiş 107 fərqli reaksiyanın sərgisi ortaya çıxır.
Mənsur bəy, mən bu söhbətləri günlərcə davam etdirə bilərəm, amma kimsəni yormaq istəmirəm.
- Hər halda artıq qloballaşmağın vaxtı çatıb. Sizin də dediyiniz kimi, Qərb öz dəst-xətti ilə bu işin öhdəsindən gələ bilir. Bəs biz bunu necə edə bilərik?
- Qloballaşma təzə məsələ deyil. Özümüzə qarşı dürüst olmasaq, öz tariximizlə üzləşməsək, öz problemlərimizi birinci özümüzə yüksək səslə etiraf etməyi öyrənməsək, “dünya bizə qarşıdır” düşüncəsindən xilas olmasaq, yəni konfort zonamızdan çıxmamaq üçün özümüzə virtual düşmənlər yaratmaqdan əl çəkməsək, heç nə düzəlməyəcək.
- Ümumiyyətlə, həmişə sənət və ya ədəbiyyatdan danışanda Qərb düşüncəsi, üslubu, dünyagörüşü əsas tutulur. Yəni niyə biz bizə doğma olan Şərqi yox, uzaq Qərbi mənimsəməliyik? Şərq xətti ilə qloballaşmaq olmazmı?
- Söhrabı Rüstəmin əlindən almayınca, mümkün deyil.
- Digər yandan, yazarlarımız ucdantutma bir tənqid dönəmindən keçir. Təqdirdən çox tənqid var. Bu nədən qaynaqlanır? Axı heç də dünya ədəbiyyatından geri qalmayan əsərlər də yazılır.
- Bizim ölgün mühitimizdə istedadlı adamlar dayazda boğulur, ona görə də bu süst, dinamikasız, boz mühiti arabir silkələmək lazım gəlir, onun nəbzinin tamam dayanmaması üçün şok effektinə ehtiyac olur.
Mən çoxdandır ki, bizim mühitdə nəfəs ala-ala yox, nəfəs dərə-dərə yaşayıram...
- O istedadlı adamlardan kimlərin adlarını çəkə bilərsiniz?
- Həmişə ad çəkmişəm, bu dəfə belə deyim: kimlər heç bir inzibati resursa arxalanmadan fikirləri, duruşu, yazdıqları ilə görünə bilirsə, onlar bu günün və gələcəyin ədəbiyyatını yaradanlardır.
- Üç-dörd gündür tənqid atəşinə tutulan şair Fikrət Qocanın yaradıcılığının son dönəmləri haqda nə deyə bilərsiz? Yaşlı həmkarınızı buna görə siz də kəskin tənqidə məruz qoydunuz. O isə sizə təhqirlə cavab verdi.
- Fikrət Qocanın cavanlıqda yazdığı dörd-beş yaxşı şeiri, bir neçə də mahnı mətni var. Ciddi təhlilə girişəsi olsaq, şairin öz misrasını azca dəyişərək deyim, sovet ədəbiyyatının ulduzları tut kimi tökülər.
Qaldı tərbiyə məsələsinə, gəlin sizə bu kontekstdə başqa bir konseptual işdən danışım. Türkiyəli performans sənətçisi Bager Akbay ötən illərdə maraqlı bir eksperiment həyata keçirib: Süni intellekt şeir yaza bilərmi? Sənətçi Dəniz Yılmaz adlı fiktiv bir personaj yaradıb, ona Facebook profili açıb, müxtəlif qəzetlərdən kəsdiyi əyalət şairlərinin fotolarından ona şərti bir üz də yaradıb. Sonra Akbay qələmlə yazı yazan bir mexanizm yaradıb və onun yaddaşına qəzetlərdən kəsdiyi təsadüfi şeirləri, lüğət kitablarından müəyyən informasiyaları yükləyərək işə başlayıb. Sənətçi qarşısına məqsəd də qoyub: süni intellekt çox yox, Türkiyənin “Posta” qəzetində yayımlanan “Yurdumun şairləri” adlı köşədə çap olunmağa layiq şeirlər yaza bilsə, bəsdir.
Bu maraqlı eksperimentlə bağlı buradan baxa bilərsiniz:
(https://www.youtube.com/watch?v=s0DmbafNzjk)
Dəniz Yılmazın Facebook profilindən yükləyə biləcəyəniz şeir kitabına da göz ata bilərsiz. Mən süni intellektin yazdığı şeirləri oxumuşam, Fikrət müəllim daha yaxşı yazır.
- İndi giley-güzar edənlər də çoxdur ki, oxunmuruq, oxucu yerli yazarlardan qaçır. Bu belədirmi?
- Son illər az-maz canlanma var, amma ümumən kitab sənayesi yoxdur deyə, mən oxucuların sayı, kateqoriyaları haqqında dəqiq nəsə deməyə çəkinirəm.
- Ədəbi tənqidimizin vəziyyəti haqda nə deyə bilərsiniz? Yazarların ən çox şikayət etdiyi məsələlərdən biri elə tənqiddir.
- Ədəbiyyatın vəziyyəti necədirsə, tənqidin də vəziyyəti o cürdür.
- Şair Aqşin Yenisey deyir ki, Azərbaycan dilində bədii üslub yaratmaq çətin məsələdir. Bunu da onunla əlaqələndirir ki, ruslar dilimizin öz üslubunu zədələyiblər. Yəni dilimiz o qədər yoxsullaşıb, yaxud elə əvvəlcədən yoxsul idi?
- Məncə, Aqşin son kitabında kifayət qədər ciddi üslubi yeniliklər edib. Burda isə bizim dilin yoxsulluğundan çox, onun sovet vaxtı anti-estetik metodlarla bircürləşməsindən, rəngsizləşdirməsindən danışır. Bütün dillərin potensialında üslubi imkanlar gizlidir, amma dilə ideologiya tərəfindən inzibati müdaxilə olanda, tragik nəticələr alınır.
Mən Aqşinlə o kontekstdə razıyam ki, bizim dilə münasibətimiz çox konservativdir, elə bil, onun başqa dildən və dindən “söz” sevməsini istəmirik, onun gəzib-dolaşmağından, başqa dillərlə flirt etməyindən qorxuruq. Məncə, dilin dünyagörüşü komplekssiz yazıçıların əlində genişlənir, belə yazıçılarımız isə şükür ki, hələ var.