Bir müddət öncə jurnalist həmkarlarımdan birinin götürdüyü açıqlamada vahid jurnalst vəsiqələri ilə bağlı fikirlərim yanlış söz və cümlə seçimi ilə təqdim olunduğu üçün bu önəmli məsələyə təkrar toxunmaq istəyirəm.
Teleqraf.com xəbər verir ki, bunu “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirib.
O qeyd edib ki, jurnalist vəsiqələrindən sui-istifadə halları, media sektoruna aidiyyatı olmayan, yaxud hazırda fəaliyyət göstərməyən qurumların sağa-sola vəsiqə paylamalarının qarşısı aşağıdakı mexanizmlərlə alına bilər:
- vahid jurnalist vəsiqəsinin tətbiqi;
- jurnalistlərin vahid kadastrının yaradılması və elektron hökumət portalına inteqrə edilməsi;
- jurnalist vəsiqələrində şəxsin özü, çalışdığı media qurumu, əmək müqaviləsi və s. haqqında məlumatların yer aldığı QR kodların yerləşdirilməsi (Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvlərinə verilən vəsiqələrdə bu mexanizmdən istifadə olunub və daha da təkmilləşdirilməsi mümkündür);
- KİV-lərin internet saytlarında əməkdaşlar haqqında məlumatların və onlara verilən vəsiqələrin surətinin yer aldığı xüsusi bölmənin yaradılması.
Elçin Mirzəbəyli hesab edir ki, bu və digər mexanizmlərin tətbiqi vasitəsilə problemi qısa zaman ərzində həll etmək mümkündür. Onun fikrincə, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Elektron Hökumət Portalının mütəxəssisləri bu işin öhdəsindən qısa zamanda gələ bilərlər.