“Çox təəssüf ki, iki il yarım əvvəl mənim dediklərim öz təsdiqini tapır və tapdı. Zaman vardı ki, Hafiz Hacıyev danışanda az qala onu dar ağacına çəksinlər, amma biz bunları görürdük. Vilyam Hacıyevin həbsinə gəlincə, bu məsələ rəsmi təsdiqlənəndən sonra bu barədə konkret danışa bilərəm”.
Teleqraf.com xəbər verir ki, bunu “Müsavat”ın canlı yayımında İmişli rayonunun icra başçısı Vilyam Hacıyevin həbsindən danışan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.
Partiya sədrinin son günlərdə bir sıra rayonların icra başçılarının, o cümlədən Vilyam Hacıyevin həbsinə münasibəti belə olub:
“Dövlətimizi çox istədiyimizdən, dövlət başçısına olan hörmətimizdən, Azərbaycanın müstəqilliyini qazanan insanlar kimi istəməzdik ki, ölkəmizdə belə vəziyyət yaransın. Amma biz bu haqda qabaqcadan xəbərdarlıq etmişdik, demişdik. Bizə daxil olan, partiyanın rayon təşkilatlarının bizə verdiyi məlumatlar əsasında yazıb yuxarı orqanlara göndərmişik ki, vəziyyət budur. Amma həmin insanlar böyük narahatlıq hissi keçirirdilər ki, niyə bizim başımız üstündən məlumatlar ötürürsünüz. Biz bu günlərə görə ötürürdük”.
Qeyd edək ki, Hafiz Hacıyev İmişlinin həbs olunan icra başçısının əmisi oğludur.