Koronavirusa qarşı həyata keçirilən bütün tədbirlər ölkə başçısı və I vitse-prezidentin nəzarətindədir.
Teleqraf.com xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Operativ Qərargahın bu gün baş tutan brifinqində deyib.
Z.Əliyev bildirib ki, görülən tədbirlər sayəsində pandemiyanı ölkəmizdə nəzarətə götürmək mümkün olub: "Həm regionlarda, həm də paytaxtda koronavirus xəstələrinin müalicə aldığı xəstəxanaların həkimləri və TƏBİB-in əməkdaşlarının iştirakı ilə video-konfranslar keçirilir. Bundan başqa, müəyyən testlərin yoxlanılması üçün ayrılan məntəqələr qısa zamanda tam avtomatlaşdırılıb. Artıq elektron şəkildə bütün nümunələri incələmək mümkündür. Bununla da yayılmanın qarşısını daha tez almaq mümkün olur".
Z.Əliyev bu günə qədər qeydə alınan satistik rəqəmləri açıqlayıb: "Ölkəmizdə ümumi yoıuxma faktı 2 min 127-dir. Ümumi sağalanların sayı 1 536 nəfərdir. Hazırda 563 aktiv xəstə var. Ünumi test sayı 170 minə çatıb.
Təəssüflər olsun ki, son günlərdə yoluxma faktları artır. Bunun səbəbi isə insanların gigiyenik-profilaktik tədbirlərə tam riayət etməməsidir".
Z.Əliyev bildirib ki, əvvəllər hər 10 nəfərdən 6-7-si qoruyucu ləvazimatlardan istifadə edirdisə, bu gün bu rəqəm ikiqat azalıb: "Bu da yoluxmanın əhatəsini artıran faktordur. Vətəndaşlarımızı verilən tövsiyələrə daha ciddi riayət etməyə çağırırıq".