Teleqraf.com Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) Əbu-Dabi Universitetinin beynəlxalq əlaqələr kafedrasının azərbaycanlı müəllimi, şərqşünas və tədqiqatçı Şəhrizad Süleymanla müsahibəni təqdim edir. Müsahibimiz öncə koronavirus pandemiyası fonunda yaşadığı BƏƏ-dəki son vəziyyət barədə geniş məlumat verib:
- Bütün dünyanı cənginə alan COVID-19 pandemiyası Birləşmiş Ərəb Əmirliklərindən də (BƏƏ) yan keçməyib. Ölkədə ilk yoluxma faktı yanvarın son günlərinə təsadüf etdi. Səhiyyə Nazirliyinin məlumatına görə, yanvarın 29-da Çinin Uhan şəhərindən BƏƏ-yə səyahət edən bir çinli ailənin 4 üzvündə virusun ilkin simptomları aşkar edildi və ailə dərhal karantinə alındı. Zaman keçdikcə yoluxma sayının artması insanların gündəlik iş və həyat tərzinin kökündən dəyişməsinə gətirib çıxardı.
İnfeksiyanın yayılmasının qarşısının alınması məqsədilə ilə BƏƏ höküməti ölkə daxilində yeni qayda-qanunlar tətbiq etdi. Virusun yayıldığı ilkin dönəmdə BƏƏ hökumətinin qərarı ilə diplomatik səxslər istisna olmaqla, ölkəyə gəlmək istəyən əcnəbi vətəndaşlara bütün növ vizaların verilməsi dayandırıldı. Eyni zamanda, ölkə vətəndaşlarına xarici ölkələrə səfər etmələri qəti şəkildə yasaq edildi.
BƏƏ hökuməti xaricdə qalan vətəndaşlarının ölkəyə geri dönmələri üçün fövqəladə fəaliyyətə keçdi, dünyanın ən ucqar nöqtəsində belə qalan vətəndaşı üçün də xüsusi təyyarə reysləri təşkil etdi. Bütün səhiyyə işçiləri ciddi iş rejimində işləməyə başladı. Bu günə qədər BƏƏ-də 15192 yoluxma, 13462 sağalma, 146 ölüm faktı qeydə alınıb. Virusun yayıldığı ilk gündən indiki vaxta qədər ölkədə bir milyondan artıq koronavirus testi edilib. Paytaxt Əbu-Dabinin müxtəlif məkanlarında səyyar klinikalar, tibbi mərkəzlər fasiləsiz fəaliyyət göstərirlər. İnsanlara kömək məqsədilə Səhiyyə Nazirliyi bütün zəruri və lazımi tədbirləri həyata keçirir. Məsələn, səyyar klinikalarda avtomobili olan şəxslərdən öz maşınlarında koronavirus üçün analiz nümunələri götürülür. Bundan əlavə, Əbu-Dabidə COVID-19 xəstələrini müalicə etmək üçün 48 saat ərzində yeni xəstəxana və 13 yeni test mərkəzi inşa edildi. Yeni modul xəstəxananın istifadəyə verilməsi koronavirusa qarşı mübarizədə müsbət nəticəyə səbəb oldu.
Qeyd edim ki, BƏƏ-nin Elmi-Tədqiqat Akademiyasında COVID-19-a qarşı vaksinin hazırlanması və müalicə yollarını araşdırmaq məqsədi ilə yeni növ virusdan sağalmış pasiyentlərin qan plazmaları üzərində tədqiqatlar aparılır. Ölkədə xüsusi karantin rejimi elan olunan gündən yerli və gəlmə vətəndaşlardan insanlar arasında təmasın minimuma endirilməsi, evdən çölə çıxmamaqları və ən əsas özünütəcrid, izolyasiya və məhdudlaşdırıcı tədbirlərə riayət etmələri tələb olunur.
Zənnimcə, karantin rejiminə və gigiyenik qaydalara əməl etməklə insan özünü və yaxın ətrafını koronavirus epidemiyasından mümkün qədər qoruya bilər. Mən də bu çətin dönəmlərdə virusdan qorunmaqla bağlı tövsiyələrə, karantin qaydalarına əməl edirəm. Mümkün qədər işlərimi evdən idarə etməyə üstünlük verirəm. Əgər evdən çıxmağa zərurət yaranarsa, mütləq şəkildə tibbi maskadan, əlcəkdən, dezinfeksiyaedici spirtli məhlullardan istifadə edirəm, ictimai məkanlarda ara məsafəsinə diqqət yetirirəm. Əsasən, “evdə qal” prinsipinə əməl etməklə virusdan qorunmağa çalışıram.
- Şəhrizad xanım, ölkədə karantin rejimi hansı səviyyədədir, məhdudiyyətlər nədən ibarətdir?
- Virusun qlobal müstəvidə yayıldığı ilk dönəmlərdən BƏƏ-də xeyli sayda dövlət idarələrinin, müxtəlif şəxsi biznes sahələrinin, habelə ticarət və əyləncə mərkəzləri, nəhəng mollar, təhsil ocaqlarının fəaliyyəti dayandırıldı. Kütləvi tədbirlər, toy-nişan mərasimləri qəti şəkildə qadağan olundu. Dini İşlər Nazirliyi koronavirusa qarşı mübarizə çərçivəsində ölkədəki bütün məscidlərdə ibadətlərin dayandırılması ilə bağlı qərar qəbul etdi. Məscidlərdə verilən azanlar “Evinizdə qalın, namaz qılın” çağırışı ilə verilir.
Ölkədə karantin rejimi ilə əlaqədar olaraq Ramazan ayına qədər axşam saat 20:00-dan səhər 06:00-ya qədər çölə çıxmaq qəti qadağan idi. Hazırda orucluqla əlaqədər karantin rejimi bir az yumşaldılıb və küçəyə çıxma qadağası axşam saat 22:00-dən səhər 06:00-yadək müəyyən edilib. Hipermarketlər, ərzaq və digər zəruri malların satışını həyata keçirən iri ticarət obyektlərində insanlar mütləq şəkildə tibbi maska və əlcəklərdən istifadə etmək və ara məsafəsi saxlamaq şərti ilə gün ərzində alış-veriş edə bilərlər. Qeyd edim ki, karantin rejimininə əməl etməyən şəxslərə 5 ilə qədər həbs və ya 50000-100000 dirhəm (14000-28000 ABŞ dolları) civarında cərimə cəzası nəzərdə tutulub. Küçədə və ya maşında maska taxmayanları isə 1000 dirhəm (272 ABŞ dolları) məbləğində cərimə gözləyir.
- Maska, əlcək qıtlığı Əbu-Dabidə də yaşandımı?
- Əsla. Əksinə hipermarket və iri supermarketlərə daxil olmaq istəyən alıcılara adambaşı tibbi maska və əlcəklər pulsuz paylanılır. Apteklərlə yanaşı gündəlik tələbat malları dükanlarında da müxtəlif tibbi maskalar, əlcəklər satılır və çeşid seçimi çox olduğu üçün qiymətlərdə azalma müşahidə edilir. Əbu-Dabi Əmirliyinin vəliəhdi, Şeyx Məhəmməd bin Zəyed əl-Nəhiyənin əmri ilə fərq qoyulmadan hər kəs qida məhsulları, tibbi və zəruri ləvazimatlarla təmin edildi. Epidemiya səbəbindən tibbi və qida məhsullarının altı ay müddətinə gömrük rüsumlarından azad edilməsi ilə bağlı BƏƏ hökümətinin müvafiq qərarı qiymətlərə də öz təsirini göstərib.
- Bir neçə gün öncə 149 Azərbaycan vətəndaşı BƏƏ-dən Bakıya yola salındı. Orada qalan həmvətənlərimizin durumu necədir?
- BƏƏ-də müvəqqəti və daimi yaşayan, çalışan soydaşlarımız arasında əlaqə yaratmaq və sıx ünsiyyətdə qurmaq məqsədilə səfirlik və konsulluq tərəfindən xeyli müddətdir votsap qrupları təşkil olunub. Əmirliklərdə yaşayan əksər azərbaycanlılar bu qruplarda yaxın təmaslarda olur və daim fikir mübadiləsi aparırlar. Azərbaycan Respublikasının BƏƏ-dəki səfirliyi və Dubaydakı Baş konsulluğu bu çətin dönəmlərdə vətəndaşlarımızın vəziyyəti ilə mütəmadi olaraq maraqlanır. Səfirlik və konsulluğun 24 saat qaynar xətti fəaliyyət göstərir, e-mail ünvanlarına müraciət diplomatik korpusumuzun nümayəndələri tərəfindən qısa müddət ərzində cavablandırılır.
Qeyd edim ki, koronavirus pandemiyası səbəbindən Dubaydan geri dönə bilməyən 75 soydaşımıza Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən yardımlar olunub. Komitə onların otellərdə yerləşdirilməsini təmin edib və digər gündəlik iaşə xərclərini ödəyib. BƏƏ-də yaşayan və yeni növ koronavirus pandemiyası ilə əlaqədar işlərini, habelə yaşayış yerlərini itirən həmvətənlərimizə, aztəminatlı, qayğıya ehtiyacı olan soydaşlarımıza ərzaq və pul yardımları olunur. Hazırda 100-ə yaxın soydaşımız Vətənə qayıtmaq istəyilə səfirliyə və konsulluğa müraciət edib. Yaxın günlərdə BƏƏ-də qalan digər azərbaycanlıların Bakıya qayıtmaları üçün Fly Dubai aviaşirkəti tərəfindən növbəti çarter reysi təşkil olunacaq.
- Çalışdığınız Əbu-Dabi Universiteti fəaliyyətini onlayn qaydada davam etdirir?
- Birləşmiş Ərəb Əmirlikləri yeni növ koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə təhsil naziri Hüseyn əl-Hamadinin müvafiq qərarı ilə martın 1-dən başlayaraq, ölkədə məktəbəqədər hazırlıq, orta və ali təhsil müəssisələrinin fəaliyyəti dayandırıldı və təhsil forması kimi dərhal distant təhsilə keçildi. Ölkədə çoxmilyonlu şagird, tələbə və müəllim kontiningentinin olmasını nəzərə alsaq, distant təhsilə keçid təhsil sahəsindəki insanları koronavirus təhlükəsindən qorumaqla bərabər, həm də təhsilin davamlılığına müsbət təsir göstərdi. Artıq üçüncü aydır bütün təhsil sahələri onlayn şəkildə fəalliyyət göstərirlər. Ölkə rəhbərliyinin sərəncamı ilə şagirdlər və tələbələr notbuk, internetə çıxış və digər zəruri avadanlıqlarla tam təmin olunublar.
Mən də Təhsil Nazirliyinin işçisi və universitet müəllimi olaraq fəaliyyətimi onlayn qaydada davam etdirirəm. Təhsilin keyfiyyət göstəricilərinin artırılması məqsədi ilə universitet rəhbərliyi onlayn dərslərin iki növbəli keçirilirməsinə göstəriş verib. Düzünü desəm, video formatlı təlimə, onlayn dərslərə alışsam da, universitetimiz, iş yoldaşlarım, yaxın rəfiqələrim və tələbələrimlə canlı ünsiyyət üçün çox darıxıram.
- Əl-Şarika televiziyasında çalışmısınız, təhsiliniz də jurnalistika ilə bağlıdır. Yerli media pandemiya ilə əlaqədar nə yazır? COVİD-19-un təhlükəli virus olduğu fikirləri ilə yanaşı bioloji silah olduğu iddiaları da güclüdür...
- Pandemiya ilə əlaqədar ərəb jurnalistlərinin fikirləri müxtəlifdir. Çoxluq COVİD-19-un təhlükəli vəba olduğunu, bir qismi bioloji silah, digər qismi öncədən düşünülmüş ssenari, digər bir qism isə supergüc dövlətlər arasında gizli müharibə getdiyi haqda fikirlər səsləndirirlər. Ümumiyyətlə, hazırki şəraitdə dəqiq nəsə söyləmək, virusla bağlı təhlil, analiz və ya araşdırma aparmaq çətin məsələdir. Necə deyərlər, hər ağızdan bir avaz gəlir. Sosial mediada informasiyaların çoxluğu səbəbindən kimə və nəyə inanmaq müşkül məsələyə çevrilib. Yerli mediaya gəlincə, BƏƏ hökuməti tərəfindən verilən rəsmi məlumatlar, maarifləndirici yazılar, dəqiq fakta söykənən xəbərlər yayımlanır. Qeyd edim ki, jurnalistlər 24 saatlıq gərgin iş rejimində fəaliyyət göstərirlər. Koronavirus və karantin rejimi ilə əlaqədar xəbərlər dayanmadan yenilənir, fasiləsiz yayımlanır.
- Sadə ərəblərin koronavirusla bağlı düşüncələri nədən ibarətdir? Ətrafınızda bu virusa yoluxanlar var?
- Koronavirus ilk dəfə yayılanda sadə ərəblər təhlükənin bu qədər ciddi nəticələrə səbəb olacağına inanmırdılar. Lakin vaxt keçdikcə sərhədlər qapandı, qapılar bağlandı, qadağalar qüvvəyə mindi, insanlar karantin rejimi ilə öz evlərinə “həbs” olundular və vəziyyətin mürəkkəbliyini və ciddiliyini dərk etdilər. Düzünü desəm, yaxından, uzaqdan tanıdığım insanlar arasında virusa yoluxanlar yoxdur. Bir tələbəm ailəsi ilə Almaniyada səfərdə idi. Onlar Əbu-Dabiyə qayıtdıqdan sonra 14 günlük həkim nəzarətində qaldılar və evə buraxıldılar.
- Sizcə, COVİD-19 insanlığa nə kimi mesajlar verdi?
- Müqəddəs Qurani-Kərimin əş-Şura surəsinin 30-cu ayəsində Allah-Təala buyurur ki, “Başınıza gələn hər bir müsibət öz əllərinizlə qazandığınız günahlar, etdiyiniz əməllər ucbatındandır”. Aylardır dünya cəza evinə çevrilib, insan oğlu ev dustağıdır. Bu gün yaşananlar həddini aşmış, azğınlaşmış, saysız-hesabsız günahları, şeytani əməlləri ilə çirkablara bulaşmış insanlığa bir işarədir, müharibə, qanlı olaylarla dünyanın nizamını pozanlara, haqq yolunu azanlara ismarışdır. Yaradana qarşı çıxanlara, onu qəbul etməyənlərə, qorxu hissi nədir bilməyənlərə, dini, milli, etnik dəyərləri aşağılayanlara, günahsız, məsum insanları öldürənlərə, yurd-yuvalarından didərgin salanlara, müharibənin od-alovundan qaçıb canlarını qurtaranlara sığınmaq istədikləri ölkələrdə təpik atanlara, bəşər övladını su və çörəyə, isti yuvaya həsrət qoyanlara, pul-para, mənsəb, hakimiyyət naminə öz millətinə qənim kəsilənlərə, yeraltı-yerüstü sərvətləri həzm-rabedən keçirənlərə, xalqın qanını zəli kimi soranlara, bir sözlə, ilahi ədalətdən xəbərsizlərə verilən ibrətamiz dərsdir. Taclı bəla qəfil gəlişi ilə insanlığa bir daha xatırlatdı ki, bu dünyada hər şey müvəqqətidir. Ədalətli, mərhəmətli, əməli-saleh, xeyirxah olun, həyatınızdakı nemətlərin qədrini bilin, daima səbr və şükr edin...