Xaçmaz rayonunun Qusarçay kəndində bir aya yaxındır ki, su qıtlığı müşahidə olunur. Su kanalı bağlandığı üçün sakinlər əkin sahələrini suvara bilmirlər.
Bu barədə Teleqraf.com-a Xaçmazın Qusarçay kənd sakinləri məlumat veriblər. Vüqar Mirzəyevin sözlərinə görə, 25 gündür ki, kənddə su yoxdur və əkin sahələri qurumaq üzrədir: "Kənd sakinləri min manata yaxın xərc çəkib nasos almışıq. Problemdən problem yaranır. Əmim 2 gündür yatmayıb, gölün yanında növbə çəkirik ki, bağımıza su gəlsin. Göl də qurumaq üzrədir. Babam çiyələk əkib, su verə bilmədiyimiz üçün çiyələklər xırda qalır. Məhsulu bazara hansı qiymətlə çıxaraq? Baha satanda da etiraz edirlər".
Vüqar Mirzəyev bildirib ki, meliorasiyaya müraciət etsələr də, suyun olmadığı cavabı verilib: "Ağaclarımız susuzluqdan yanmasın, 3-5 manat qazanaq deyə, gözümüzü o pula dikmişik. Kəndlinin başqa nəyi var? Pulumuzu ondan qazanır, 3-5 ay dolanırıq. Hazırkı vəziyyətdə tək ümid yerim bağdan gələcək məhsuldur. Yayda su verməsəm, haradan məhsul yığacam? İcra hakimiyyətinin qarşısına başqa kəndin camaatı yığılmışdı, nəticəsi olmadı".
Problemlə bağlı Xaçmaz rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Bildirdilər ki, kənd sakinləri ilə görüş keçirilib: "Dünən İcra nümayəndəsi, Bələdiyyə və su idarəsinin nümayəndəsi sakinlərlə görüşüb. Kanalda su olanda buraxacaqlar. Rayonda 180 min əhali var və hər birinin öz pay torpağı var. Biz də istəyirik ki, su olsun. Bu gün səhərdən leysan yağış yağır, çaylarımız hamısı aşıb-daşacaq".
Qusarçay bələdiyyəsinin sədri Sadiq Alışovun sözlərinə görə, problemin bir həftə ərzində həll olunacağı gözlənilir: "Sakinlərlə görüşülüb. Suvarma suyu kanalda yoxdur. Su olanda Xan arxından 300 litr su verilir, bunu 50 litr olaraq kəndlərə bölüşdürürlər. Qusarçayın özünün gölü var, eyni zamanda Həsənqala gölü Qusarçaya gəlir. Problem əkinlə əlaqədardır, o sahələr üçün su yoxdur. Hazırda su idarəsi, kanalın müdiri ilə görüşürük. Gələn həftə problemin həll olunacağı barədə söz verilib".
Rayon rəsmiləri ilə danışdıqdan sonra Qusarçay kənd sakini Vüqar Mirzəyev bildirdi ki, hazırda suları gəlir. Lakin bunun nə vaxta qədər davam edəcəyi barədə heç bir məlumat yoxdur...