"Möhtərəm Prezidentimiz İlham Əliyev artıq bir ölkənin, bölgənin lideri statusunu dəfələrlə üstələyən, qlobal miqyasda söz və nüfuz sahibi olan, dünyaya yeni baxış, ədalətli meyarlar təqdim edən şəxsiyyət kimi tanınır. Bu gün cənab Prezidentin timsalında Azərbaycan Respublikası dünyanın enerji xəritəsinin və yeni nəqliyyat-logistik meyarlarının müəyyənləşməsində mühüm rol oynayan, beynəlxalq təhlükəsizliyin təminində əsaslı töhfələr verən, sivilizasiyalararası əməkdaşlığı uğurla həyata keçirən qüdrətli ölkədir. Tam müstəqil siyasət yürüdən Prezident İlham Əliyevin qlobal liderliyi həm də Azərbaycanın davamlı artan beynəlxalq nüfuzunu şərtləndirir. Son 17 il ərzində o qədər böyük nailiyyətlərə, genişmiqyaslı inkişaf dinamikasına nail olmuşuq ki, sözün düzü, onların hamısını qeyd etmək çox vaxt aparar. Bütün bu tarixi uğurları mən bir ifadədə birləşdirmək istərdim. Bu, tarixin ən qüdrətli Azərbaycanıdır. Tarix boyu həsrətində olduğumuz ən möhtəşəm, güclü, rifahlı Azərbaycan məhz müasir dövrün reallığıdır, ən əsası isə Heydər Əliyev ideyalarının, Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyətinin təntənəsidir".
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov "Azərbaycan" qəzetinə müsahibəsində deyib.
O bildirib ki, müasir elmi-texniki inkişaf səviyyəsi milli təhlükəsizliyə qarşı yönələn potensial təhdidlərin sırasını genişləndirərək, ölkəmizin təhlükəsizlik sisteminin XXI əsrin çağırışlarına uyğun qurulmasını labüdləşdirir və çevik yanaşma tələb edir: "Əminliklə demək olar ki, Prezident İlham Əliyev tərəfindən qurulmuş çoxşaxəli təhlükəsizlik sistemi ölkəmizə yönələn bütün qəsdlərin və təhdidlərin qarşısını almağa qadirdir. Hazırda bu sahədə əsaslı normativ baza yaradılmışdır, maddi-texniki təminat ən yüksək səviyyədədir, ciddi kadr potensialına malik sistem fəaliyyət göstərir. Son illər respublikamızda uğurla həyata keçirilən siyasət, ilk növbədə, ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsinə, Azərbaycanın demokratik və sosial-iqtisadi inkişafına yönəlib. Cənab Prezidentin haqlı olaraq bəyan etdiyi kimi, Azərbaycan bu gün dünyada sülh və sabitlik adası olaraq tanınır, bütün dünyada sülh və sabitliyə töhfə verir. NATO-nun sülhyaratma missiyalarının tərkibində terrorçuluqla mübarizədə fəal iştirak edir".
R.Usubov vurğulayıb ki, dünyada sülh, sabitlik və təhlükəsizlik problemlərinin həllinə, eləcə də tolerant və multikultural ideyaların təbliğinə xidmət edən qlobal formatlı forumlar, konfranslar Bakı şəhərində keçirilir: "Bu təşəbbüslər Azərbaycanın Şərqlə Qərbi təkcə əlverişli tranzit və enerji-kommunikasiya imkanları ilə deyil, həm də mədəni-mənəvi tellərlə bağlayan ölkə olduğunu bir daha göstərir.
Belə tədbirlər sayəsində Azərbaycan hazırda dünyada demokratiya yolunda inamla irəliləyən, multikultural dəyərlərə sadiq olan, sürətlə inkişaf edən, təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunduğu ölkə kimi tanınır. Azərbaycanda keçirilən beynəlxalq tədbirlər həm də Ermənistan rəhbərlərinin "Dağlıq Qarabağ ermənilərinin Azərbaycanda yaşaması üçün tolerant mühitin olmaması” kimi əsassız iddialara ən tutarlı cavabdır. Hər bir münaqişənin sonu sülhlə yekunlaşır.
Eləcə də Azərbaycanın irəli sürdüyü prinsiplər əsasında Dağlıq Qarabağ münaqişəsi də gec-tez nizamlanacaq. Ötən əsrin 70-80-ci illərində necə ki Heydər Əliyev Dağlıq Qarabağda azərbaycanlı və erməni icmalarının mehribanlığına, həmrəyliyinə nail olmuşdusa, əminəm ki, Prezident İlham Əliyev də işğal olunmuş torpaqların azad edilməsini, oradakı hər iki xalqın təmsilçilərinin qüdrətli Azərbaycan bayrağı ətrafında birləşərək təhlükəsiz yaşamasını təmin edəcək.
Çünki Prezidentimizin yürütdüyü siyasət nəticəsində artıq sadə erməni vətəndaşları, münaqişədən əvvəl Azərbaycanda yaşayan ermənilər anlayırlar ki, onların düşməni erməni şovinistləri, separatçılıq ideyalarıdır. Bu şovinizm dalğası erməni xalqını ötən əsrin 90-cı illərində susdurub, nəticədə də belə böyük faciələrə məruz qoyduğunu anlayırlar. Sadə ermənilər, o cümlədən Dağlıq Qarabağda yaşayan ermənilər bilirlər ki, onların təhlükəsizliyini, rifahını, gələcəyini təmin edəcək bir qüvvə var ki, o da Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycandır".