Leyla Qazi. Bu ad bu gün Azərbaycanda mayor Əbdürrəhman Fətəlibəyli Düdənginskinin həyat yoldaşı kimi epizodik olaraq xatırlansa da, II Dünya müharibəsinin ağrı-acısını yaşamış, tək övladının xilası üçün çalışmış müharibə çiləkeşlərindən bir qadındır.
Bəzi mənbələrdə adı “Leyli” olaraq da keçən Leyla Qaziyeva 1919-cu il dekabrın 18-də irəvanlı Yusifin ailəsində doğulub. 1937-ci ildə Abo Düdənginski və ya Əbdürrəhman Fətəlibəyli kimi tanınan mayorla ailə həyatı qurub. Həmin vaxt Bakıda məzuniyyətdə olan mayor daha sonra həyat yoldaşını, qayınanasını özü ilə o zamankı adı ilə Leninqrad şəhərinə aparıb, 1940-cı ilə qədər burada yaşayıblar. 1938-ci il martın 11-də orada ilk övladı Əli doğulub.
Fətəlibəylinin özü 1908-ci il iyun ayının 12-də Naxçıvanın Şərur rayonunun Düdəngə kəndində doğulub. 1923-1926-cı illərdə Bakıda hərbi məktəbdə, 1926-1929-cu illərdə Leninqrad Hərbi Mühəndislik Ali Məktəbində təhsil alıb. 1929-cu ildə Bakıda zabit kimi fəaliyyətə başlayıb. 1933-cü ildə Moskva Hərbi Mühəndislik Akademiyasında təhsil aldıqdan sonra 1938-ci ildə mayor rütbəsi ilə Kalinin hərbi bölgəsinə xidmətə göndərilib.
1939-1940-cı illərdə 7-ci orduda Finlandiyaya qarşı vuruşaraq Qızıl Ulduz nişanı alıb. Almaniyanın SSRİ-yə hücum etdiyi ilk ildə - 1941-ci ilin sentyabrın 28-də 27-ci ordunun komandan vəkili olaraq qarşı tərəfə keçib, Azərbaycan legionunun qurulmasında iştirak edib. Onun Almaniya tərəfə keçmədən öncəki son vəzifəsi Sovet Şimal-Şərq Cəbhəsi 27-ci ordunun arxa birliklərində şose şöbəsi rəisi idi.
Təbii ki, ərinin müharibənin ən qızğın çağında atdığı bu addım onun da cəbhə bölgələrində, düşərgələrdə oğlu ilə birlikdə məşəqqətli həyat sürməsinə səbəb olub. Xüsusən, müharibə bitdikdən sonra İtaliyada düşərgələrdə qalması bir tərəfdən özünün və oğlunun həyatı üçün təhlükə idisə, digər tərəfdən uşaqlığı dünya müharibəsi içində keçən oğlunun təhsili, tərbiyəsinə mane olurdu. Oğlunu milli kimlikdə böyütməsi üçün sığınacağı tək ölkə Ana Yurd adlandırdıqları Türkiyə idi.
Müharibədən sonra isə Türkiyəyə getmək hələ ki çox çətin idi. Çünki SSRİ lideri Stalin müttəfiqlərindən, yəni Almaniyaya müharibə elan edən dövlətlərdən öz keçmiş vətəndaşlarını tələb edirdi. Təslim aktını imzalamazdan öncə Almaniya rəhbərliyi Milli Komitə başçılarının müxtəlif ölkələrə getmələri üçün gərəkli sənədlərin hazırlanmasına köməklik göstərib. Azərbaycan Milli Birlik Komitəsinin başçısı Fətəlibəyli-Düdənginski Misirə yola salınıb.
Bu baxımdan Türkiyə də çətin vəziyyətdə idi. Bir tərəfdən Stalinin Qars, Ərdəhana iddiası, digər tərəfdən ölkənin özündə də siyasi partiyalar arasında qarşıdurmalar vardı. Hələ ki ehtiyat edilirdi. Bu baxımdan Türkiyə məcbur qalıb müharibədən sonra müəyyən sayda əsirləri təhvil verdi. Türkiyə Xarici İşlər Nazirliyinin 1945-ci ilin may ayının 22-də hökumətə yazdığı bir raportda müttəfiqlərə məxsus vətəndaşların onlara təslim edilməsinin uyğun olması göstərilib. Bu raport hökumətdə müzakirə edildikdən sonra Sovet hərbi mühacirlərinin 195 nəfərlik ilk dəstəsi 1945-ci ilin avqust ayının 6-da SSRİ-yə təslim edilib. Onların arasında Ənvər Qazıyev və Adəm Qardaşbəyli adlı iki azərbaycanlı zabit də olub. (Bu hadisə daha çox “Boraltan” hadisəsi kimi xatırlansa da, hadisə Boraltanda olmayıb).
İtaliyada isə Türkiyəyə dönmək istəyən əsirlər vardı. Onlar davamlı Türkiyə hökumətinə, mətbuatına, ziyalılarına məktublar yazırdılar. Onlardan biri də Leyla xanım idi.
Leyla xanım türk siyasətçi, jurnalist, “Tasvir” qəzetinin qurucularından Ziyad Əbüzziyaya 1947-ci il oktyabrın 6-da Reggio-Emilio düşərgəsindən belə bir məktub göndərib:
“Çox möhtərəm Əbuzziya bəy.
Mən Fətəlibəylinin zövcəsiyəm, fəqət indi bir türk anası kimi zati-alinizə müraciət edirəm. Oğlum 11 yaşına çatıb, hələ də məktəbsizdir. 7 il hərb bölgələrində, müxtəlif millət və xalqlar arasında türklükdən uzaq bir cocuqluq çağı yaşamış və gələcək inkişafında məni əndişəyə salmışdır. Türkiyədə tərbiyə edəcəyimi ümid edərək təsəlli tapmışamsa da, son vaxtlar qorxularım daha da çoxalmış, özümü dünyanın ən bəxtsiz anası sanmışam.
Zati-alinizin təşəbbüsü ilə 2 ay öncə İtaliyaya gəlmiş, Türk Qaçqınlar Heyəti bizləri, şəxsən məni sevindirdisə də, nəticəsiz vədlər yenə ümidlərimi qırmışdır. Səfil həyatımıza deyil, oğlumun dərdinə qalmışam. İndi Türkiyədə məktəblər açıldı, mənim bəxtsiz oğlum yenə məktəbsiz qaldı. Kimə üz tutacağımızı və yardım diləyəcəyimizi bilmirəm. Yolumu itirmiş bir vəziyyətdə qaldığım bu zamanda son ümid qaynağı olaraq Xızır peyğəmbərimiz tanıdığım Zati-alinizə yazmağı son çıxış yolu gördüm.
İstəyim budur: Türkiyəyə nə vaxt gələcəyimiz bəlli deyildir. Türkiyəyə gəlməyimizə yardımı toxunacaq kəslər isə siz və Türkiyədəki əqrəbalarımdır. Nə yazıq ki, uzun zamandan bəri Ankarada yaşayan onların adreslərini bilmirəm. Xarici nazirlik vasitəsilə mənə yardım edərlər deyə qəzetiniz vasitəsilə onların ünvanlarını taparaq mənə göndərməyinizi diləyər və Türkiyəyə gəlməkdə mənə və oğluma şəxsi yardımınızı rica edirəm. Oğlumun tərbiyəsi ilə çırpınarkən yazdığım bu məktubdakı utanmağa və damarlarımdakı qan haqqı ilə Zati-alinizə etdiyim müraciətdə mənə haqq verməyinizi diləyirəm.
Sizə ümidlər bağlayan: Leyla Yusif qızı Qazi (Fətəlibəyli)
Əqrəbalarım bunlardır:
Ankarada:
Fotoqrafçı Fuad Əlibəyli (İrəvanlı)
Tevfik Əlibəyli, Zahid Əlibəyli (zabitdirlər)
Şəfiqə Əlibəyli (doktordur)
Bunların ata və anaları irəvanlı Məhəmməd və Ruqiyyə Əlibəylilərdir. Yaşadıqlarını bilməməkdəyəm.
Qəzetinizdə Fətəlibəyli adını yazmayaraq məni Leyla Yusif qızı Qazi yazmağınızı rica edirəm.
Ünvan: Leyla Qazi D.P.Centre № 013
Reggie-Emilia İtaliya”.
Leyla xanımın birinci soyadı ilə məktubu dərc etmək istəməsi təbii idi. Çünki Fətəlibəyli soyadı indiki halda onun Türkiyəyə gəlişinə mane ola bilərdi. Necə ki, Leyla xanımın istəyi qısa müddətdə həll olundu və o, oğlu ilə birlikdə 1948-ci ildə artıq Ankarada idi.
Fətəlibəyli Türkiyə Daxili İşlər Nazirliyinə ünvanladığı 26.06.1950 tarixli məktubunda da xanımının Türkiyədə olmasından bəhs edib:
“Əslən azəri türklərindən olub 1909-cu ildə Qafqazın Naxçıvan vilayətində doğuldum. Son alman-rus hərbi əsnasında ailəmlə birlikdə Rusiyadan qaçaraq Almaniyaya iltica etdim və orada məsləyimdə çalışdım. Yoldaşım Leyli ilə 9 yaşındakı oğlum Əli iki ildən bəri Ankarada yaşamaqda olub Türkiyə vətəndaşlığına qəbul ediliblər. Bir an əvvəl ailəmə və sevgili Ana Yurduma qovuşmaq istədiyimdən Almaniyadakı konsulluqlara bu xüsusda icab edən təlimatın verilməsini dərin hörmətlərimlə rica edirəm. Haqqımda məlumatlarına müraciət edilə biləcək şəxslər arasında: Konya millət vəkillərindən Ziyad Əbüzziya ilə Saffet Gürolu, Ankara millət vəkillərindən Sədri Məqsudini və Kayseri millət vəkillərindən general İsmayıl Haqqı Berkoku göstərə bilərəm”.
Fətəlibəyli 1951-ci ildə Türkiyəyə gələ bildi, lakin Almaniyadan “Azadlıq” radiosunun “Azərbaycan” redaksiyasının baş redaktoru təklifi aldığı üçün oraya getdi. Amma 1954-cü ilin noyabrın 20-də Münhenin “Alpenplate-6” meydanındakı bir mənzildə qətlə yetirildi. Qatil “Səlimov” kod adı ilə casus fəaliyyəti göstərən 20 avqust 1920-ci il təvəllüdlü azərbaycanlı Mikayıl Mövsüm oğlu İsmayılov idi.
1941-ci ildə almanlara əsir düşən M.İsmayılov əvvəlcə legiona qoşulub, Fətəlibəyli ilə tanış olub, daha sonra İtaliyada partizanların tərəfinə keçib. 1947-ci ildə Pambiyanki Cledsi (Katerina) Gualterova adlı italiyalı qadınla evlənib, bu evlilikdən iki uşağı olub. İtaliyadakı SSRİ səfirliyi 1951-ci ildə onun geri dönməsinə icazə verib. Burada vəzifəsi ona izah edildikdən sonra “Valka” düşərgəsinə göndərilib. 1953-cü ildə Drezdendə olan ailəsinə baş çəkib, ardınca Münhenə keçmiş legioner dostlarının yanına yollanıb. Onun vəzifəsini yerinə yetirməsi üçün SSRİ DTK-sı xüsusi qadın casus da göndərib. “Səlimov” cinayəti törətdikdən sonra Şərqi Almaniyaya, daha sonra Azərbaycana qayıdıb. Ona yeni pasport, ev və aylıq maaş verilib. 1967-ci il aprelin 12-də İsmayılov evinin hamamında asılmış şəkildə tapılıb.
Qətl xəbərini alanda Leyla xanım Ankarada idi. Türkiyə mətbuatı hadisəni geniş şəkildə işıqlandırmışdı. "Cümhuriyyət” qəzetinin müxbiri Yılmaz Çetiner isə Leyla xanımla danışmış, qətllə bağlı ondan müsahibə almışdı. 12.12.1954-cü ildə dərc edilən bu müsahibə Leyla xanımın həyatı ilə bağlı maraqlı detalları əks etdirdiyi üçün tam şəkildə təqdim edirik:
***
“Kommunist casusların öldürdüyü Fətəlibəylinin həyat yoldaşı ilə görüşdük. Oğlu ilə 4 ildən bəridir Ankarada yaşayan Leyla xanım müharibə illərindəki mücadilədə keçən həyatlarını və Almaniyada siyasi bir cinayətə qurban gedən ərindən aldığı son məktublardan danışdı.
Ankara (telefonla) - Ötən həftə içərisində bir çox böyük xarici agentliklərin verdiyi xəbərlər arasında biri türk qəzetlərini xüsusilə maraqlandırmışdı. “Münhendə bir türk əsrarəngiz şəkildə öldürüldü” xəbəri ilk günlərdə adi bir cinayət hadisəsi kimi qəbul edildi. Lakin sonradan öldürülən Fətəlibəylinin şəxsiyyəti haqqında tamamlayıcı məlumat əldə edilincə hadisə bütün çılpaqlığı ilə ortaya çıxdı. Fətəlibəyli kommunistlər tərəfindən öldürülmüşdü.
Kommunistlərin amansız düşmən hesab edib yaxasından əl çəkmədikləri Fətəlibəylinin həyat yoldaşı ilə oğlunun Ankarada yaşadıqlarını öyrəndik. Bu cəsur Azərbaycan türkünün mücadiləsini və son hadisələri hər halda ən doğru bir şəkildə həyat yoldaşı danışa bilərdi. Leyla xanımı tapdığımız zaman qarşımızda tamamilə Türk tərbiyəsi ilə yetişmiş əsil və təmiz üzlü gənc bir ana gördük və bu ana Ankaranın azad havası içərisində daxili hüzur ilə çalışaraq 17 yaşındakı oğlunu bir liseydə oxudurdu. Bir həftə öncə ərini gözlənilməz bir şəkildə və vaxtda qeyb etmənin verdiyi ağrını, Latviyada keçən uzun əsarət illərinin iztirabını onun üzündə oxumaq mümkündü.
Leyla xanım qısaca bunları danışdı: “Biz Azərbaycan türküyük, Bakıda yaşayırdıq. Ərim rus ordusunda mayor idi və çox məşhurdu. Amma bir müddət casusların təqibinə məruz qaldı. Səbəbi Azərbaycan türkləri tərəfindən çox sevilməsi idi. Bunu hiss etdiyini daim mənə danışardı. Baltikdəki kiçik dövlətlərin işğalı əsnasında biz də Latviyaya getdik. Fətəlibəyli o ərəfədə Almaniya səflərinə keçmə fürsətini tapdı. Biz də qayınanam və uşağım ilə Riqa şəhərində gizləndik. Hərb şiddətlə davam edirdi. Ərim almanlar tərəfindən böyük hüsn-rəğbət görmüş və 65 min kişilik Azərbaycan qüvvətinin başına gətirilmişdi.
Əsasən bu legionu quran da o idi. Müharibənin uduzulacağı anlaşıldığı zaman Fətəlibəylinin müraciəti üzərinə bu legion Qərb cəbhəsinə göndərildi. Çünki onlardan biri kommunistlərə əsir düşdüyü təqdirdə qafasının kəsilməsi ən xəfif cəza olacaqdı. Hərb bitdikdən sonra almanlar 8 ay bir həftə ərimi saxladılar. Onu tanımamışdılar.
Nəhayət, mənim və uşağımın Riqadan Berlinə gəlməyimiz və səlahiyyətlilərə müraciətimiz sayəsində onu qurtarmaq mümkün oldu. Almanlar da üzr istədilər. Bir müddət İtaliyada düşərgədə yaşadıq. Casusların daim təqib və nəzarəti altında olduğumuzu bilirdik. İlk fürsətdə hamımızı öldürmək istəyirdilər. Romada bir neçə ay gizləndik.
Sonra ərim Misirə getdi və təkrar Almaniyaya qayıtdı. Mən və övladım beş il əvvəl Türkiyəyə gəlib yerləşdik. Üç il əvvəl də ərim gəldi və Türk təbəəliyinə keçdi. Ankarada 7-8 ay yaşadıqdan sonra “Azad Avropa” radiosunun idarəçiliyi üçün amerikalılar ərimi Münhenə dəvət etdilər. Bir dəqiqə də düşünmədən bu vəzifəyə qaçdı”.
Leyla xanım bunları danışarkən hadisələri yenidən yaşayırmış kimi həyəcan içərisindəydi. Ona göndərdiyi son məktublarında Fətəlibəylinin nələrdən bəhs etdiyini soruşdum. Leyla xanım bunları söylədi: “Mənə və buradakı yoldaşlarına gələn məktublarda ərim daim təqib edildiyindən, onu öldürmək istədiklərindən bəhs edirdi. Ona bir evdə yalnız yaşamamasını tövsiyə etmişdim. Fəqət casuslar, nəhayət, cinayətlərini törətdilər”.
Mərhum Fətəlibəylinin Ankarada yaşayan həyat yoldaşı onun siyasi cinayətə qurban getdiyini də sözlərinə əlavə edir, Almaniyadan təfsilatlı cavab gözlədiyini söyləyirdi. Tək təsəllisi yetişən oğlu ilə azad Türkiyədə olması idi”.
***
Amma Leyla xanım Türkiyədə qalmadı. Bir çox legioner ailəsi kimi o da Amerikaya köçdü. Nyu-Cersidə yerləşən Azərbaycan Amerika Cəmiyyətinin prezidenti Tomris xanım Azəri bizə bu məlumatı verdi: “Leyla xanım və oğlu Əli bəy vəfat etdikləri zaman onların dəfnini bizim cəmiyyət təşkil etdi. Cəmiyyətin məzarlığında dəfn etdik. Əli bəy çox ağıllı bir şəxs idi, amma yataq xəstəsi idi. Leyla xanım ona baxırdı. Düşünürəm ki, xəstəliyi sonradan idi. Dəqiq bilmirəm. Leyla xanımdan sonra heç kimi qalmadı. Əli bəy də evlənməmişdi”.
Leyla xanımın oğlu Əli 1997-ci il iyunun 5-də, özü isə 2002-ci il martın 29-da ABŞ-da vəfat edib. Hər ikisinin məzarı Nyu Cersidəki Corc Vaşinqton Memorial parkındakı müsəlman məzarlığındadır.