Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” rubrikasında dünyaca məşhur olan, amma azərbaycanlı olduğunu çox az adamın bildiyi, çoxumuzun isə heç bilmədiyi şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.
Haqqında internet vasitəsilə məlumat əldə etdiyimiz şəxs sənət dünyasının məşhur simalarından biridir. Azərbaycanlı rəssam Aydın Ağdaşlıdan bəhs edirik.
Aydın Ağdaşlı – rəssam, sənət tarixçisi, kino tənqidçisi və qrafik dizayner.
Atası Məmməd Hacıyev 1919-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirliyində işləyib. 1920-ci ildə Sovet Rusiyası Azərbaycan Cümhuriyyətini işğal edib müstəqilliyinə son qoyduqdan sonra həyat yoldaşı Nahidə ilə birlikdə Bakını tərk edərək, Güney Azərbaycanın Təbriz şəhərinə üz tutub. Sonrakı illərdə ailə daha əvvəl Rəştə, oradan da Tehrana köçüb. Məmməd Hacıyev Tehranda vəfat edib.
Rəssamın doğuluşu
Aydın Ağdaşlı 1940-cı ildə Rəşt şəhərində doğulub. Ailə soyadını Azərbaycanın Ağdaş şəhərindən götürüb. Hələ orta məktəb illərindən öz yaradıcı istedadını göstərən Aydın atası vasitəsilə Rəştdə rəssam və müəllim olan Həbib Məhəmmədi ilə tanış olub. Ağdaşlının xalası və əri tacirdi, varlı idilər. Aydın onlarla yaşadığı dövrdə öz istedadını daha da inkişaf etdirə bildi. Rəssamlıq istedadını gördükdən sonra xalası onu Rəştdə rəssamlıq dərslərinə dəvət etdi və burada ilk dəfə yağlı boya texnikası haqqında məlumat əldə etdi.
19 yaşında qəbul imtahanından uğurla keçdikdən sonra Tehran Universitetinin İncəsənət fakültəsinə daxil oldu, 1967-ci ildə həmin universitetdən məzun oldu. Ağdaşlı 1975-ci ildə ilk fərdi sərgisini Tehranda İran-Amerika Cəmiyyətində keçirdi.
Totalitar rejimin qadağası
İran şahının arvadı (Şahbanu) Fərəh Pəhləvi tərəfindən “Şahbanu Şəxsi Bürosu”nun Sənət İşləri Şöbəsinin rəhbəri təyin edildi. O, bu dövrdə Tehran Müasir Sənət Muzeyi üçün Endi Uorxol, Pablo Pikasso və Klod Monte kimi müasir sənətçilərin rəssamların əsərlərini satın almışdı. 1977-ci ildə Tehranda Rza Abbasi Muzeyinin qurulmasında iştirak etdi və 1979-cu ilə qədər də muzeydə başçılıq etdi. İranda dini inqilabdan sonra bütün rəsmi vəzifələri əlindən alındı və Xomeyni rejiminin təhdidi altında yaşamağa başladı. 1989-cu ilə qədər İrandakı totalitar rejim azərbaycanlı rəssamın xaricə çıxışına qadağa qoymuşdu.
Dini inqilabın gətirdiyi fəlakət
Ağdaşlının əsərlərində sürreal elementlər 30 yaşında başladı.
1979-cu ildə İranda aqressiv Xomeyni rejiminin hakimiyyəti ələ keçirməsindən və səkkiz illik müharibədən sonra Ağdaşlının əsərlərinin əksəriyyəti əzab, dağıdılan abidələr və əşyalar haqqında idi; tərk edilmiş daxmalar və mənzərələr, şüşələri çatlamış və yaşıl taxtlı pəncərələr, paslanmış kilidli köhnə qapılar və şəhərləri vuran raketləri simvolizə edən bıçaqlar... Bütün bunlar dini inqilabın ölkəyə gətirdiyi fəlakəti və bu dövrdə rəssamın yaşadığı əzablı düşüncələri və onun həyatını göstərirdi.
Ata yurduna səyahət
Xomeyni rejimi 1989-cu ildə qadağanı götürdükdən sonra məşhur rəssam qızı Tara Ağdaşlı ilə ata vətəni Azərbaycana gəlir. 1992-ci ilə təsadüf edən səfərdə rəssam ata-baba yurdu Ağdaş rayonunda olur. Burada olarkən, ən böyük arzularından biri buraları görmək olduğunu deyir və bu sevincini belə ifadə edir: “Şükür Allaha ki, buranı görmək mənə qismət oldu”.
Aydın Ağdaşlının ata babasının evi Hacı Məhəmmədin evi indi də Ağdaşda qalır və muzey kimi fəaliyyət göstərir. Aydın Ağdaşlı qızı Tara ilə Ağdaşda ikinci dəfə 2017-ci ildə olub.
Azərbaycanlı rəssam Fransa hökuməti tərəfindən bu ölkənin incəsənət üzrə ən ali nişanı sayılan “Cəngavər” (“Cavalier”) mükafatı ilə təltif olunub.