Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında koronavirus pandemiyasına qarşı uğurlu mübarizəsi davam edir. Bu işlər dünya ictimaiyyəti tərəfindən çox yüksək qiymətləndirilir.
Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib:
"Azərbaycanla ÜST arasında çox sıx təmas mövcuddur. Azərbaycan COVID-19-a qarşı təşəbbüskar dövlət kimi çıxış edir. May ayı ərzində 2 beynəlxalq tədbir keçilib. 10 may tarixində qlobal məsuliyyət fonunda prezidentin iştirakı ilə Qoşulmama hərəkatı keçirildi və 140-dan artıq dövlət burada iştirak etdi.
Azərbaycan Respublikası tərəfindən ölkəmizdə görülən tədbirlərin tərkib hissəsi kimi xaricdən ölkəmizə səyahətlər dayandırıldı. Lakin vətəndaşlarımızın ölkəyə gətirilməsi davam edir" .
O qeyd edib ki, "Evə gedirəm" portalı vasitəsilə 5 may tarixində vətəndaşlarımız Rusiyadan Azərbaycana gətirilib: "95 vətəndaş da bu tarixdə İrandan gətirildi. 8 mayda 250 nəfər, 11 mayda 52 nəfər, 12 mayda isə Bakı- Moskva reysi ilə tələbələr Azərbaycana gətirilib. 14 mayda Kiyev-Bakı reysi ilə 198 nəfərin Azərbaycana gətirilməsi nəzərdə tutulur".
H.Hacıyev bildirib ki, öncəki tariclərdə 500-dən artıq vətəndaş quru yolu ilə ölkəyə gətirilib: "Azərbaycanın bu təcrübəsi beynəlxalq strukturlar tərəfindən yüksək qiymətləndirilib. Xaricdən gələn vətəndaşların sağlamlığını təmin etmək üçün xüsusi karantin zonaları təyin edilib. Onlar testdən keçirilib və 14 gün karantin şəraitində saxlanılır".