“PJAK terror təşkilatının Güney Azərbaycanın Qərb bölgəsindəki terrorçu fəaliyyəti bu qrupun gələcəyə hesablanmış strateji hədəflərindən irəli gəlir. PJAK bu terror əməliyatlarını Güney Azerbaycanda həyata keçirməklə, bu bölgəni “kürd regionu” kimi göstərmək istəyir”.
Güney azərbaycanlı fəal Elçin Hatəmi belə düşünür.
Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik:
- Güney Azərbaycanda koronavirus pandemiyasına qarşı mübarizə necə təşkil edilib, İrandakı dini-siyasi rejim gözlənilən diqqəti ayırır, yoxsa?
- Koronavirus pandemiyası Güney Azərbaycanda da, 2019-cu ilin dekabr ayından özünü göstərməyə başlayıb. Dünyanın bir çox ölkəsində olduğu kimi, Güney Azərbaycanda da çox sayda insan bu infeksiyaya yoluxub, çox sayda insan da öz həyatını itirib. Bu ölkədəki ümumi vəziyyətə gəlincə, pandemiya qeyri-farsların yaşadıqları bölgələrdə daha geniş yayılıb. Məsələn, Təbrizdə 600 mindən çox yoxsul insan şəhərdən kənarda qeyri-qanuni tikilən və yaşamaq üçün o qədər yaxşı şəraiti olmayan evlərdə yaşayırlar. Belə yaşayış yerləri və evlər təmizlik imkanlarından məhrumdur. Nəticədə bu bölgələrdə xəstəlik özünü şiddətli formada göstərir. Digər şəhərlərin də, Təbrizdən çox da fərqi yoxdur. Amma İrandakı avtoritar rejim koronavirusla bağlı rəqəmləri saxtalaşdırır: yoluxan və ölən insanların sayını az göstərir.
- Milli fəal Abbas Lisaniyə bu qədər ağır cəza verilməsinin arxasında hansı məqamlar durur?İrandakı rejim niyə Lisanidən belə çəkindi?
- İran rejimi hər zaman müxalif qüvvələrin qarşısını müxtəlif yollarla almağa çalışıb. Bu rejim yaranan gündən özünü hər şəydə “haqlı” bilib, müxalifətin bir çox nümayəndəsini edam, bir çoxunu da ağır həbs cəzasına məhkum edib. Güney azərbaycanlı fəallar da, bu təzyiqlərdən və işgəncələrdən kənarda saxalanılmayıb.
Abbas bəylə bağlı duruma gəldikdə, bu insan Güney Azərbaycanın xarakteri və şəxsiyyəti sarsılmaz gerçək lideridir. Amma bəzi saxtakarlar var ki, Amerikada oturub İran hakimiyyətinə bağlı olan kanallara müsahibələr verirlər, qışqıra-qışqıra “Mən liderəm, mənə beyət edin”, deyirlər. Abbas bəy onlara bənzəmir, bu insan apardığı mübarizədən bir təmənna güdməyən həqiqi inqilabçıdır, yorulmaz bir mübarizdir. Abbas Lisaninin apardığı nizamlı fəaliyyəti rejimi həmişə qorxuda saxlayıb. Buna görə də, həmin rejim Abbas bəyi susdurmaq üçün ona ağır həbs cəzası verdi. Hətta bu pandemiya dönəmində bir çox məhbuslar məzuniyyətə çıxdı, amma məsələ Abbas bəyə gələndə, təhlükəsizlik orqanları buna imkan vermədi.
- İranın bəluclar və ərəblər yaşayan bölgələrində son zamanlarda artan etiraz aksiyalarını nə ilə əlaqələndirirsiniz?
- Ərəblər və bəlucların yaşadıqları bölgələr çox yoxsuldur və İran rejiminin müstəmləkəsi altındadır. Bu bölgələrdə həmişə rejimin zülmünə qarşı etiraz aksiyaları olub. Məsələn, bu gün İran dünya bazarlarında satdığı neft və qazı ərəblərin yaşadıqları bölgələrdən çıxarır. Amma bu enerji resurslarından qazandığı pulların böyük həcmini farsların yaşadığı bölgələr üçün xərcləyir. Yəni ərəblərin əllərinə bundan heç nə çatmır. Bəlucların da həyatı ərəblərdən fərqlənmir. Bu iki bölgə tam fəlakət içindədir. Bu səbəbdən həmin bölgələrdə etiraz edənlərin sayı çoxdur. Rejim da bu etirazların qarşısını silahla almağa çalışır. Hər il çox sayda ərəb və bəluc rejim tərəfindən müxtəlif bəhanələrlə güllələnib öldürülür.
- PKK terror təşkilatının İran qolu olan PJAK-ın Azərbaycan kəndlərindəki fəallığı da diqqət çəkir. Sizcə, niyə İran ordusu və PJAK arasındakı silahlı qarşıdurma Azərbaycan bölgələrinə çəkildi?
- PJAK terror təşkilatının Güney Azərbaycanın qərb bölgəsindəki terrorçu fəaliyyəti bu qrupun gələcəyə hesablanmış strateji hədəflərindən irəli gəlir. PJAK bu terror əməliyatlarını Güney Azerbaycanda həyata keçirməklə, bu bölgəni “kürd regionu” kimi göstərmək istəyir. İran rejimi isə PKK və ya PJAK-a qarşı münasibətdə maraqlarını uzlaşdırıb Türkiyə ilə birgə mübarizə aparmır. Amerika tərəfindən öldürülən və terrorizmə dəstək verən general Qasım Süleymani bir neçə il öncə PKK terror təşkilatının başçıları ilə görüşüb, onlara maddi və silah yardımı edəcəyi vədini vermişdi. Bu cəllad vaxtilə eyni işi Qarabağın işğalında ermənilərlə də görmüşdü. Ümumiyyətlə, İran rejimi işğal edilmiş Qarabağda yerləşdirilmiş separatçılara həmişə qarşılıqsız yardım edir və onları qoruyub saxlamaq istəyir. İranın hədəfi bu yolla Azərbaycana zərbə vurmaqdır.
Digər məsələyə gəlincə, PJAK Güney Azərbaycanın qərb bölgəsini dünyaya “kürd bölgəsi” kimi təqdim etmək və bununla da, Güneyin Türkiyə ilə sərhədlərini bağlamaq, habelə müttəfiqi olan Ermənistana yaxınlaşmaq üçün bu bölgəni hədəf olaraq seçib. Bu bölgədə hər zaman kürdləşdirmə siyasəti gedib, bu gün də gedir. Əlbəttə, bizimkilər buna qarşı ciddi fəaliyyət aparırlar. Məsələn, İran rejimi 1990-cı illərdə 70 mindən çox kürdü İraqdan gətirib bu bölgədə yerləşdirdi. Bir də ki kürdlər həmişə çoxuşaqlı olublar, doğuş sayı hər zaman çox olub. Bu da kürdləşməyə təkan verən faktorlardan biri olub.
- Bəs ABŞ-da Güney məsələsi ilə bağlı hansı müzakirələr gedir, Amerikanın siyasi dairələrinin bu məsələni yenidən gündəmə gətirməsi ehtimalı nə qədərdir?
- Hələ ki, ABŞ-da bu məsələ ilə bağlı ciddi addımlar atılmır. Özümüzü aldatmamalıyıq. Çünkü burda böyük əksəriyyət öz şəxsi həyatı ilə məşğuldur, əksinə, düşmənlərimiz çox fəaldır. Yəni indiyə qədər ciddi addımlar atılmayıb. Əlbəttə, buna baxmayaraq, biz fəal olmalıyıq, bizim passiv olmağımız erməni və fars şovinistlərinin işinə yaraya bilər. Bizə qarşı əks-fəallığa görə, xaricdə Güney məsələsi ilə maraqlanan yoxdur və bu məsələ ciddi şəkildə senzuraya məruz qalıb, baykot edilib.