15 May 2020 12:00
1 013
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirus pandemiyası səbəbilə tətbiq olunan karantin rejimi 2 aydır davam edir. Bu rejim insanların gəlirləri, iş həyatı, psixologiyaları ilə yanaşı çəkilərinə də təsirsiz ötüşməyib. Belə ki, xüsusi karantin dövründə bəzi insanların həyat tərzi pozulub, mətbəx ziyarətləri artıb. Bu isə çəki artımına səbəb olub. Nə edək ki, karantin dövründə çəkimiz artmasın? Qalan zamandan səmərəli istifadə edib, sağlam şəkildə arıqlamağın yolları nədir?

Bu və digər suallarla bağlı dietoloq Ləman Süleymanova Teleqraf.com-un suallarını cavablandırıb.

- Ləman xanım, sizcə, bu müddətdə insanların artıq çəki toplamasına əsas səbəb nə oldu?

- Karantin dövründə çəkisi artanların sayı çoxluq təşkil edir. Doğrudur, ən vacib şərt evdə qalmaq və özünü qorumaqdır. Bu özünümüdafiə sistemidir. Karantin dövründə tənbəl, fiziki passiv, günortaya qədər yatan, axşam saatlarında qədərindən artıq yeyib, gec yatan insanlar çəki alıblar. Elə insanlar var ki, işlə əlaqədar səhər erkən saatlarda oyanırdılarsa, karantindən istifadə edib, bu rejimi pozdular. Bu insanlar boş vaxtlarını səmərəli keçirə bilmədilər, şirniyyatlara, zərərli qidalara üstünlük verdilər.

Belə həyat tərzi mərkəzi sisteminə, həzm prosesinə mənfi təsir göstərir. Mərkəzi sinir sistemi axşam dincəlmək əvəzinə, həzm prosesi ilə məşğul olur. Yuxu rejimi normal olmadığı üçün maddələr mübadiləsi zəifləyir. Bu, nəinki artıq çəkiyə, mədə-bağırsaq və digər xəstəliklərin yaranmasına səbəb olur.

- Çəkinin artmaması üçün nəyi tövsiyə edirsiniz?

- Karantin müddətində özünü sığortalayan, çəkisini normaya salan insanlar da var. Orqanizmin ən aktiv hormonları səhər aktivləşir. Metobolizma, maddələr mübadiləsi, zülal, karbohidrat, vitamineral hormonların çalışmasına kömək edən hormonal səhər aktiv olur. Ona görə də səhər erkən oyanmaq, bol maye qəbul etmək lazımdır.

Səhər menyusunda meyvə-tərəvəzlərə, asan həzm olunan karbohidratlara üstünlük vermək lazımdır. İnsanlar günorta yeməyini normal yeyib, axşam yeməyində yüngül qidalara yer ayırmalı, fiziki aktivliyi hər yarım saat, 45 dəqiqədən bir artırmalıdırlar. Bu qaydalara riayət etməklə özlərini qorumaqla yanaşı, hətta çəkilərində azalma da müşahidə olunacaq.

Çəki normadan 10 kq artıqdırsa, mütləq mütəxəssisə müraciət etmək lazımdır. Çünki artıq bu hal həyəcan təbili, hansısa hormonun normadan artıqlığının işarəsidir. Mütləq mütəxəssisə müraciət edilməli, analizlər, hormonların qanda gedişatı yoxlanılmalıdır. Arıqlamaq üçün istifadə olunan kortəbii dietalar, çaylar orqanizmi gücdən salır, hətta müəyyən xəstəlikləri əmələ gətirə bilər.

- "Saat 6-dan sonra yemək olmaz" fikri nə dərəcə həqiqəti əks etdirir?

- Elə insanlar var ki, iş adamıdır. Səhər günorta yeməyini vaxtında yeyib, axşam yeməyini gecikdirir. Məsələn, 6-da yox, 7, 8-də yeyir. Əgər insan normal rejimə riayət edirsə, gün ərzində düzgün qidalanırsa, saat 6-dan sonra yüngül qidalara üstünlük verməlidir. Çünki ağır qidaların tərkibindəki yağlar axşam saatlarında orqanizm tərəfindən gec həzm olunur və bu, rahat şəkildə piy toxumasında ötürülərək çəki artımına səbəb olur.

- Sağlam arıqlamaq, sağlam qidalanma dedikdə nə nəzərdə tutulur?

- Qidalanma zamanı menyuda hər nemət olmalıdır. İnsan duzu, yağı rasiondan çıxarmamaqla arıqlaya bilmir. O zaman müvəqqəti 1 kq çəki atıb, 10 kq kökəlir. Mütəxəssis elə incəliklərlə bunu etməlidir ki, şəxs həm ac qalmasın, həm də çəki versin. Bu zaman çəki normada qalır.

Bəzi insanlar sağlam arıqlama dedikdə, menyuda ancaq buğlama, ancaq yağsız yeməklərə yer ayırırlar, bu, düzgün deyil. İnsana həm psixoloji olaraq mənfi təsir göstərir, həm də orqanizm inciyir. Lakin uzun müddətli qızartma yeməklər də doğru deyil. Həmin qızardılmış yeməklərin tərkibindəki yağlar çoxaldıqca, müəyyən fəsadlara gətirib çıxara bilər.

İnsan 2 gün qızartma, iki gün buğlama kimi yeməklərə yer ayırırsa, bu, doğru qidalanmadır. Qızardılmış məhsulları, duzu, yağı rasiondan çıxarmaq olmaz. Amma hər gün də istifadə etmək düzgün deyil.

- Çəki vermək üçün kalori hesablanması vacibdirmi? İnsan gün ərzində nə qədər kalori qəbul edə bilər?

- Çəki vermək üçün kalori hesablanmasına ehtiyac yoxdur. Hər bir qidanın yanaşı qida ilə reaksiyası önəmlidir. Bu o demək deyil ki, hər gün yüksək kalorili qidalara da üstünlük vermək, yaxud da tez hazırlanan, ayaq üstü qidalardan istifadə etmək olar. Onların kalori dəyəri ortalama 150 olsa da, tərkibindəki yağları, hazırlanma prosesini nəzərə aldıqda, bəlkə də onun kalori dəyəri 550-1000-ə qədər ola bilər.

Kişilər gün ərzində 2500-3000-ə qədər, qadınlar isə 2000-2500 kalori qəbul edə bilər. Ola bilər ki, hansısa qidanın kalori dəyəri yüksək olsa da, çox rahat həzm olunsun. Bu zaman həmin qidanın yüksək kalorisi insanın enerjisinə sərf olunur.

Amma elə qidalar var ki, tərkibində çox zəngin, ağır yağlar var. İnsan yüksək kalorini olduğu kimi qəbul edəndə, enerjiyə sərf olunmur və piy toxumalarına ötürülərək həzm prosesini ləngidir. Belə olduqda insanlar daha tez çəki yığırlar.

- Çörəyi qidalanma rejimində çıxararaq arıqlamağa çalışırlar. Bu barədə fikirləriniz nələrdir? Ümumiyyətlə, çörəyi nəyləsə əvəzləmək olarmı?

- Çörək insan üçün əvəzolunmaz nemətdir və çox önəmlidir. Amma çörəkdən imtina etmək düzgün deyil. Orqanizmdə elə bir hormon var ki, onun fəaliyyəti çörəklə əlaqəlidir. Çörəyi bir il rasiondan çıxarsanız, həmin hormonun fəaliyyəti tükənir və həyəcan təbili çalınır. Elə bir hal olur ki, insanın çörəyə tələbatı artır və özündən asılı olmadan durmadan çörək yeyir. Bir il ərzində çörəkdən imtina zamanı 5 kq çəki atmısınızsa, bu, 15 kq olaraq geri qayıdır. Qədərindən artıq istifadə də olmaz.

Hər gün isti çörək təbii ki, mədə-bağırsaq xəstəliyinə gətirib çıxara bilər. Ağ çörək sevənlər boyat çörəyə üstünlük verməlidir. Səhər saatlarında istehlak etmək daha məqsədəuyğundur. Orqanizm tərəfindən saat 3-dən sonra çörək çətin həzm olunur.

- Şirniyyatdan imtina edə bilməyənlər çoxdur. Bu vərdişi necə zərərsiz hala gətirmək olar?

- Şirniyyat bizim üçün çox önəmlidir, xüsusilə xanımlar şirniyyatı çox sevir. Şirniyyatdan düzgün istifadə etmək lazımdır. Hər gün şirniyyat yemək düzgün deyil. Bu zaman qidaya tələbat artır və orqanizm şirniyyatdan asılı olmağa başlayır.

Müəyyən günlərdə, saatlarda, qida kalorisi az qəbul olunan günlərdə şirniyyatdan istifadə edə bilərik, amma norma qədərində. Bu zaman həm orqanizm şirniyyatdan asılı olmaz, həm də şirniyyatdan zövq alarıq.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər