16 May 2020 12:42
1 470
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident tərəfindən uğurla aparılan islahatlar onu göstərir ki, yeniliklər dövlət idarəçiliyi sisteminin bütün sahələrini əhatə etməklə strateji xarakter daşıyır və cəmiyyət üçün çoxşaxəli əhəmiyyətə malikdir.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Yusif Bağırzadə deyib.

O bildirib ki, yeni Baş prokurorun təyin edilməsi bu islahatların ən vacib tərkib hissələrindəndir:

"Belə ki, bu təyinat yeni təyin edilmiş Baş prokurorun korrupsiyaya qarşı mübarizə sahəsində uğurlu təcrübəsini daha geniş miqyasda tətbiq etməyə imkan verəcək. Yerli icra hakimiyyəti qurumlarında aparılmış əməliyyatlar, başlanmış araşdırmalar sağlamlaşmanın vüsət almasına təkan verəcək".

Yusif Bağırzadə hesab edir ki, ölkədə tətbiq edilmiş karantin rejimi, habelə dünyada sürən makroiqtisadi vəziyyət təbii olaraq, bütün dünyada olduğu kimi, ölkəmizdə də gedən iqtisadi proseslərə öz təsirini göstərəcək:

"Bu təsirin durğunluq xarakterli deyil, əksinə, impulsverici olması üçün kifayət qədər böyük şanslar var. Belə ki, məlum olduğu kimi neftin qiymətinin düşməsi, dünyanın gözlənilən iqtisadi resessiyası iqtisadiyyatımız üçün bir çağırış, sınaq olacaqdır. Belə şəraitdə dövlət qurumlarının üzərinə daha da çevik işləmək, yüksək icra intizamı nümayiş etdirmək, idarəetmədə və sosial, investisiya layihələrinin icrasında optimallaşmanı təmin etmək vəzifəsi düşəcəkdir. Hazırkı vəziyyət, ölkənin dinamik, mütərəqqi və innovativ inkişafının yeni mərhələsinin başlanması üçün bir təkan rolunu oynamaqdadır. Bunun üçün də, hazırda aparılan islahatlar bu dönəmdə cəmiyyət üçün böyük bir önəm daşımaqdadır".

Politoloq bildirib ki, cəmiyyətimiz də bu islahatları diqqətlə izləyir və alqışlayır:

"Xüsusən son dönəmdə Prezidentə ünvanlanan çoxsaylı təşəkkür müraciətləri onu göstərir ki, pandemiya ilə bağlı bu ağır dönəmin sınağından hakimiyyət uğurla çıxır və hər bir şəraitdə xalqın qayğısına qalma qabiliyyətini göstərir. Xalq isə Prezidentinin yanındadır və onun islahatlarına geniş dəstək verməyə hazırdır. Belə olduqda islahatlara düşmən olanların, gizli pər vuranların aciz qalacağını əminliklə söyləyə bilərik.

Yeni təyinatlar, eləcə də məhkəmə sistemində özlərini savadlı və yüksək ixtisaslı kadr kimi göstərmiş hakimlərin irəli çəkilməsi onu göstərir ki, hakimiyyət ədalətli məhkəmə sisteminin qurulması ilə bağlı siyasi iradə nümayiş etdirir.

Dövlət idarəçiliyinə gənclərin cəlb edilməsi də aparılan islahatların uğurunun qarantıdır. Artıq mərkəzi icra qurumlarında da kadrların yenilənməsinə, gənclərin önə çəkilməsinin daha da intensivləşməsinə ehtiyac var".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər